“Vətəndaş Müqaviləsi” partiyası (Paşinyanın partiyası - red.) hakimiyyətə gələndə onun qarşısında 3 vəzifə var idi: “Artsax”ı Azərbaycana vermək, Rusiya hərbi bazasının çıxarılmasına nail olmaqla Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək və Qərbə doğru geosiyasi dönüş həyata keçirmək".
“Yeni Müsavat” bildirir ki, bu sözləri erməni ekspert Armen Badalyan jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, “artsax”ı təslim etmək üçün ilk cəhd 2020-ci il müharibəsində olub, lakin rus qoşunları bunu dayandıra bildilər. Onun fikrincə, Azərbaycan yaxşı başa düşür ki, Ermənistan “artsax”dan əl çəksə də, Rusiya geri çəkilməyəcək: “Artıq Rusiyanın ”artsax"da iki tutarqası var: sülhməramlı qüvvələr və Ruben Vardanyan. Bir müddət sonra hərbi sferanın Araik Arutyunyanın nəzarətindən tamamilə çıxarılaraq Ruben Vardanyana keçməsi mümkündür. Başqa sözlə, Rusiya “artsax”ın hərbi sferasını Ermənistanın nəzarətindən tam çıxarmaq istəyir, ona görə də Azərbaycan Ruben Vardanyanın hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir. Onlar başa düşürlər ki, Ruben Vardanyan insanlara Rusiyanın nəsə edəcəyinə ümid verir. Ukraynanın resursları demək olar ki, tükənib. Və hesablamalar göstərir ki, Rusiya böyük uğur qazanacaq və bu halda heç kim onu Qafqazdan çıxarmağa cəhd edə bilməyəcək", - deyə Badalyan iddia edib.
Badalyanın bu iddiaları nə dərəcədə əsaslıdır? Ermənistan ərazi bütövlüyümüzü tanıyıb sülh müqaviləsi imzalasa belə, Rusiya “artsax kartı”ndan hara kimi istifadə edə bilər? Buna qarşı ön tədbirlərimiz nə olmalıdır?
Xatırlatmaq yerinə düşər ki, Rusiya Qarabağda qeyri-müəyyən müddətə möhkəmlənmək üçün “Vardanyan projesi” ilə yanaşı, qondarma “Rus icması” layihəsini də işə salıb - bütün bunları rəsmən dansa da. Eyni zamanda, özünün irəli sürdüyü Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsinin mətninə “Dağlıq Qarabağ konfliktinin sonrakı nəsillərə saxlanması” barədə bənd əlavə etməyə çalışır.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan tarix boyu Azərbaycanla Rusiya münasibətlərini korlamağa çalışıb. Onun sözlərinə görə, 44 günlük müharibədə məğlubiyyəti həzm edə bilməyən ermənilər indi Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq xətti götürüblər.
“Rusiya Ukrayna müharibəsindən sonra strategiyasını Şərqə yönəltməkdədir və Moskva üçün Cənubi Qafqaz əhəmiyyət daşıyır. Bu, həm Türkiyə-Rusiya əlaqələrinə bağlıdır, həm də onun bölgədəki strateji maraqları ilə ölçülür. Təbii ki, Rusiya regionda təsirlərini saxlamağa çalışacaq. Hazırda 3+3 platformasının reallaşması üçün Rusiya fəaliyyət göstərir. Ermənistan isə Laçın yolunu bəhanə edərək Kremlə qarşı təbliğatı gücləndirib, bu da Vaşinqtondan gələn təlimatdır. Necə ki, Zelenskinin əli ilə Ukraynada gərginlik yaradıb müharibəyə səbəb oldular, indi də Paşinyan vasitəsi ilə oxşar addımlar atırlar”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, bəli, Rusiya Qarabağdan qoşunlarını çıxarmağı arzulamır. Onun sözlərinə görə, Paşinyan bütün Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyən sənədə qol çəksə belə, Kreml buna mane olmaq istəyəcək: “Putin ”Valday" klubunda çıxışı ilə elə buna işarə etdi. Ermənilərə səsləndi ki, Vaşinqton variantı bütün Qarabağın Azərbaycana verilməsini nəzərdə tutur, əgər istəyirsinizsə, Rusiya etiraz etmir. Bununla həm şantaj etdi, həm demək istədi ki, “rus variantı” Qarabağın hamısını Azərbaycana verməyi ehtiva etmir. Yəni erməni eksperti Badalyanın sözlərində həqiqət payı var. Sadəcə, Ermənistan da açıq mövqe bildirmir, “artsax”a 2023 büdcəsindən maliyyə ayırır, iddialarından əl çəkmir. İrəvan konkret fikir söyləsin, ərazi bütövlüyümüzü tanısın, onda Kremlin yanaşmasına baxarıq".
Ekspert hesab edir ki, Paşinyan anti-Putin ritorikasını gücləndirib, müharibədə uduzmağın günahını Rusiyanın boynuna qoyur, erməni xalqını buna inandırır, Qərbi nicat kimi göstərir: “Bəli, bu iki yolu tutmaqdadır, lakin Qarabağdan tam əl çəkmir. Hətta ”status" tələbini az qala hər tribunada səsləndirir. Ermənistanla Rusiyanın Qarabağ məsələsinə yanaşmasında ciddi fərq yoxdur. Şimal qonşumuza bu regionda mövcudluq strateji üstünlük üçün lazımdır, ermənilər isə bu məsələdə maşadırlar".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”