“Səfərbərliklə bağlı əmr Putinin müharibəni bitirmək niyyətində olmadığının əsas göstəricisidir”
Rusiya Ukraynadakı müahribə ilə bağlı, oktyabrda topladığı 300 min çağırışçıdan əlavə olaraq yanvarda daha 500 min insanın səfərbər edilməsi üzrə hazırlıq işləri görür.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Kəşfiyyatı məlumat yayıb.
Ukraynanın hərbi kəşfiyyat rəisinin müavini Vadim Skibitski bildirib ki, səfərbərliklə ordu sıralarına qoşulan çağırışçılar yaz və yay aylarında Ukraynaın şərqində və cənubunda həyata keçirilən döyüş əməliyyatlarında iştirak edəcəklər: “Hesablamalar doğru olarsa, Rusiya bir neçə ay ərzində müharibədən əvvəlki qüvvələrini demək olar ki, iki dəfə artırmış olacaq. Hazırda Ukraynaya qarşı 280 min rus hərbçisi döyüşür”.
Skibitsky deyib ki, Rusiyaya bu hərbi birləşmələri bir araya gətirmək üçün təxminən iki ay vaxt lazım olacaq: “Rusiyanın döyüş meydanında uğur qazanması, bu çağırışçıların keçdikləri təlimlərdən və onların təchizatlarından asılı olacaq. Yanvarın 15-dən sonra səfərbərliklə bağlı əmr imazalanacağı gözlənilir. Bu, Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığının əsas göstəricisidir.
Rusiya bu dəfə də məğlub olarsa, Putin devriləcək. Qarşıdakı altı-səkkiz ayı müharibənin son mərhələsi adlandırmaq olar”.
ABŞ-dan olan hərbi ekspert Rob Linin fikrincə, səfərbərliyə cəlb edilənlərin sayının böyük görünməsi bu taktikanın effektiv olacağı anlamına gəlmir: “Hazırda Rusiya ordusunda idarəetmə və təchizat baxımından ciddi problemlər var. Ona görə də Rusiyanın yeni səfərbər edilmiş qüvvələri nə dərəcədə inteqrasiya edəcəyi məlum deyil. 500 min insanın səfərbər edilməsi bu problemləri aradan qaldırmayacaq, əksinə daha da artıracaq. Hesab edirəm ki, az sayda, yaxşı təlim keçmiş qoşunların səfərbərliyə cəlb olunması daha effektiv üsul olardı”.
Elvin
“AzPolitika.info”