Rusiyadan böyük köç: Azərbaycana problem gətirəcək

9-01-2023, 17:56   


Rusiyadan böyük köç: Azərbaycana problem gətirəcək


Rusiya tərəfi bir neçə gün öncə Ukrayna qarşı “atəşkəs” elan etməsinə baxmayaraq, bu nəticəsiz qaldı.

Çünki həm ABŞ, həm də Ukrayna Rusiyanın bu “atəşkəsinin” sadəcə yenidən qüvvə toplamaq üçün bir vasitə olduğunu bildirdilər. Hazırda isə müharibə səngimək bilmir və Rusiyanın Ukraynaya qarşı hücumları davam edir. Bununla yanaşı son vaxtlar Rusiyada yeni səfərbərliyin başlayacağı ilə bağlı da fikirlər səslənirdi. Müharibə getdikcə alovlanarsa, sanksiyaların daha da artacağı ehtimalı var.
Daha sərt sanksiyalar isə Rusiyada yaşayan soydaşlarımızın ölkəni tərk etməsinə, orada yaşayanların sosial-iqtisadi durumuna daha ağır təsir göstərə bilər. Proseslərin daha geniş miqyas alması, yaranan sosial-iqtisadi gərginliklər Rusiyadakı soydaşlarımız üçün hansı problemlər yarada bilər və onların Azərbaycana qayıdışı burada hansı sahələrə öz təsirini göstərəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, hələlik Rusiyada rəsmi mənbələr yeni səfərbərlik dalğasının olacağını inkar edirlər:

“Ancaq Rusiyada yeni bir hərbi doktrina qəbul edildi. Daha çox müqavilə ilə hərbçilərin cəlb olunacağını və 120 min yeni müqavilənin imzalanacağını elan etdilər. Lakin bu yaxınlarda həm Peskov, həm də Putin bəyan etdilər ki, hələlik belə səfərbərliyə ehtiyac yoxdur. Ona görə də bu səfərbərlik gizli şəkildə aparılır. Müqavilələr təqdim olunur və ilkin mərhələdə yaxşı maaş təkli olunur, bu yolla da cəlb olunmalar baş verir. Ona görə də Rusiyada yaşayan soydaşlarımızın hələlik bu prosesdən yan keçməsi mümkündür. Əgər öz razılığı olmasa, heç kəs onunla müqavilə bağlaya bilməz. Bundan başqa orada yaşayan soydaşlarımızın Azərbaycan pasportu da var. 

Belə ki, çox insan Rusiya vətəndaşlığını alandan sonra belə, Azərbaycan pasportunu təhvil verməyib. Onlara da bu prosesdən yayınmaq daha asandır. Bundan başqa vətəndaşlıq almayan 100 minlərlə miqrant statusunda azərbaycanlı var. Onlara ümumiyyətlə, aidiyyəti yoxdur. 

Ümumilikdə Rusiyada iqtisadi vəziyyətin bu il daha ağır ola biləcəyi ehtimalından çıxış edərək orada yaşayan hər kəsin, o cümlədən soydaşlarımızın da vəziyyəti kəskin ağırlaşa bilər. Bu da geri dönüşlərin, Azərbaycana qayıtmaq istəyənlərin sayına təsir göstərə bilər”.

Ekspert deyir ki, geri dönüşlər də Azərbaycanın özündə müəyyən problemlər yaradacaq:

“Çünki bizdə onsuzda iş yerləri ilə bağlı problemlər var, inflyasiya yüksəkdir, iş qurmaq üçün maneələr, problemlər hələ də mövcuddur. Biznes mühitinin yaxşı olduğunu söyləmək təəssüf ki, mümkün deyil. Əgər geri dönüş 10, hətta 100 minlərlə şəxsi əhatə edəcəksə, bu o zaman Azərbaycanın daxilində sosial problemlərin artmasına, işsizliyin dərinləşməsinə səbəb ola bilər”.

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.