Xankəndidə “boş mağazalar və ərzaq talonu” qərarı, “Qızıl Xaç”-ın humanitar yardımı

10-01-2023, 09:51   


Mağaza

Qarabağın Azərbaycanın nəzarətində olmayan ərazisində ərzaq mallarının bölüşdürülməsi üçün talon sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Bununla bağlı separatçı “Dağlıq Qarabağ Respublikası”nın “dövlət naziri” Ruben Vardanyan qərar verib, onun mətbuat xidməti məlumat yayıb. 

Azərbaycanın bəzi ictimai təşkilat nümayəndələri dekabrın 12-dən bəri Şuşadan Xankəndiyə gedən yolda çadır qurub Azərbaycanın nəzarətində olmayan ərazilərində filiz yataqlarının istismarına etiraz edirlər. Yerli medianın yaydığı video kadrlardan onların qarşısının Rusiya sülhməramlıları tərəfindən kəsildiyi görünür. 

Separatçı “Dağlıq Qarabağ Respublikasının rəhbərliyi” Azərbaycanın Laçın dəhlizini bağladığını və bunun bölgədə humanitar böhran yaratdığını iddia edir.

Xankəndidə yaşayan bir sakin BBC-yə boş mağazalardan, dərman çatışmazlığından danışıb.

Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu və ərzaq böhranın “süni yaradıldığını” iddia edir. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən BBC News Azərbaycancaya bildirilib ki, Laçın dəhlizində etiraz aksiyası başlayandan bəri Xankəndi/Stepanakertə humanitar yardım göstəriblər.

Laçın dəhlizi Azərbaycanın nəzarətində olmayan, etnik ermənilərin Stepanakert adlandırdığı şəhəri və ətraf bölgəsini Ermənistanla əlaqələndirən yeganə nəqliyyat yoludur.

İkinci Qarabağ müharibəsindən sonra Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir.


“Ərzaq talonunun verilməsi mexanizmi hazırlanır”

Separatçı “Dağlıq Qarabağ Respublikasının dövlət nazirinin mətbuat xidməti”nin yaydığı məlumata görə, ərzaq talonunun tətbiqi üçün mexanizm artıq hazırlanıb və öncə bir neçə əsas zəruri malların bölüşdürülməsi üzərində “sınaqdan keçirilir”. 

“Yaxın günlərdə bu sistemə keçmək məqsədilə texniki və təşkilat işləri aparılır”, - rəhbərlik etdiyi “humanitar böhrandan çıxmaq üzrə yaradılmış qərargah”ın iclasında Ruben Vardanyan deyib. 

“Dövlət nazirinin mətbuat xidmətinin” məlumatında o da deyilir ki, iclasda səhhətində ciddi problemlər yaranmış xəstələrin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistan klinikalarına çatdırılması imkanları və Laçın dəhlizinin bağlanmasına görə ayrı düşmüş uşaqların öz ailələrinə qovuşması problemi müzakirə edilib. 

Etirazçılar

ŞƏKLİN MƏNBƏYİ,AFP

“Boş dükanlar və ermənilərə blokada təzyiqi”

“Mağazalar boşdur və bütün şəhərdə nə meyvə, nə də tərəvəz tapmaq olur, sadə dərmanlar da onun kimi. Hər şey tükənib”, - Stepanakertdə/Xankəndidə yaşayan Marut Vanyan BBC-nin Cənubi Qafqaz müxbiri Rayhan Demytrie ilə telefon danışığında deyib. 

“Mən şəhəri təchiz edən əsas bazarın yanında yaşayıram və bir müddətdir ki, o, bağlıdır; Orada yalnız iki xanım oturub qurudulmuş kəklikotu satır”, - Vanyan deyib.

Marut Vanyan bu həftə Stepanakertdə xəstəxanaya baş çəkdiyini və uşaq dərmanlarının tükəndiyinə görə böyüklər üçün adi həbləri ikiyə bölüb uşaqlarına verən ananı gördüyünü deyir, BBC-nin məqaləsində yazılır.

O, Laçın dəhlizinin blokadasının Azərbaycanın müharibədə qələbəsindən sonra etnik ermənilərin yaşadıqları sonuncu məhrumiyyət olduğunu bildirib: “Son iki ildə işıq, su və qazla bağlı daim problemlər yaşamışıq. Bizdə su olanda qaz olmur, həmişə nəsə çatışmır. Amma bu, hazırda ərzaq və dərman çatışmazlığı bağlı çətinliklərlə müqayisədə ikinci dərəcəlidir”.

Onun sözlərinə görə, hər bir ailəni oğulsuz, ərsiz və qardaşsız qoyan müharibədən sonra blokada sakinlər üçün şiddətli psixoloji təzyiq yaradır”, - BBC-nin məqaləsində deyilir. 

"Silahlar indi susur, amma müharibə davam edir", - Marut Vanyan BBC müxbirinə deyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımında nə olub?

Laçın dəhlizində fasiləsiz etiraz aksiyaları başlayandan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları bir neçə dəfə Xankəndiyə gedib: ya ordan Ermənistana xəstə göndəriblər, ya da ora ərzaq çatdırıblar.

Qurumun mətbuat xidmətinin rəhbəri İlahə Abbasova BBC News Azərbaycancaya deyib ki, indiyədək “Qarabağda 7 əməliyyatları” olub,  15  xəstə və onların müşayiətçiləri ərazidən çıxarılaraq Ermənistana göndərilib.

“Ümumilikdə, 10 tondan artıq ərzaq, dərman ləvazimatı və uşaq yeməyi tibb müəssisələrinə çatdırılıb”, - İlahə Abbasova bildirib.

Onun açıqlamasına görə, qurum yerli səhiyyə təşkilatlarının onlara təqdim etdiyi ehtiyaclara uyğun ərzaq və dərman ləvazimatı tədarük edib. 

Amma İlahə Abbasova Xankəndiyə aparılan ərzağın tərkibini açıqlamayıb və bu yardımların sıravi sakinlərə çatıb-çatmadığını bilmir, onun sözlərinə görə, BQXK bunun monitorinqini aparmır: “Biz sadəcə vasitəçiyik, çatdırılmanı həyata keçiririk”.

BBC News Azərbaycanca “Qızıl Xaç”ın yardımlarının sıravi sakinlər arasında hansı prinsiplər əsasında paylaşdırıldığını müəyyənləşdirə bilməyib.

“Humanitar böhran ab-havası yaratmaq cəhdlərini görürük”

Rəsmi Bakı Laçın dəhlizində təxminən bir aydır davam edən oturaq etiraz aksiyasını dəstəklədiyini gizlətmir. 

Azərbaycan hesab edir ki, Qarabağda nəzarərində olmayan bölgədə filiz yataqları qeyri-qanuni istismar edilir. 

Azərbaycanın xarici işlər naziri Laçın yolundakı aksiya keçirən mülki insanların etiraz etmək haqqı olduğunu deyib.

“Onların tələbləri kifayət qədər açıq və aydındır. Və o tələblər də indiyə kimi cavablandırılmayıb”, - Ceyhun Bayramov dekabrın 27-də keçirdiyi mətbuat konfransında deyib. 

O, separatçı “DQR rəhbərliyi”nin bölgədə humanitar böhranın yaranması ilə bağlı dediklərini təkzib edərək bildirib ki, onlar “Qarabağda vəziyyəti süni şəkildə gərginləşdirmək, mülki şəxslərə həmin yoldan istifadəni qadağan etmək və bununla humanitar böhran ab-havası yaratmaq cəhdlərini görürük və hesab edirik ki, bu çox zərərli istiqamətdir”. 

Nazirin sözlərinə görə, BQXK-nin “yerli nümayəndəliyinə də müraciət edilib ki”  humanitar ehtiyacları qarşılamağa hazırdılar.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.