“RUSİYA ORDUSU ARTIQ MƏĞLUB OLUB” – “Qərb Moskvaya qarşı “qurbağa bişirmə” strategiyasını tətbiq edir”

10-01-2023, 11:18   



Rusiyayla Ukrayna arasında qanlı müharibə davam edir. Rus siyasi rəhbərliyi müharibənin 11-ci ayında açıq elan edir ki, Ukraynanı tam əldə etmək məqsədindən əl çəkməyib və bu məqsədə nail olunana qədər savaş davam edəcək. Amma müharibə meydanında rus ordusunun vəziyyətinin ürəkaçan olmadığı müşahidə edilir. Artıq rusların itkiləri 100 mini keçib. Üstəlik, rus ordusunun Xersonu tərk etdikdən sonra Donbas istiqamətində hücumları nəticə verməyib, əvəzində Qərb Ukraynaya müdafiə silahları ilə paralel hücum silahları tədarük etməyə başlayıb. Bu isə müharibənin daha qanlı fazaya keçməsini və rus ordusunun məğlubiyyətə düçar olmasını tezləşdirə bilər. Beləcə dünya siyasi xəritəsinə ciddi dəyişiklik edəcək müharibənin nəticələri tezliklə ortaya çıxa bilər.

“AzPolitika.info” mövzunu hərbi analitik Azad İsazadə ilə müzakirə edib.



- Azad bəy, Rusiya-Ukrayna savaşı davam edir, hazırda daha çox Ukrayna ordusunun üstünlüyü gözə çarpır, rusların Baxmut istiqamətində hücumları dayandırılır, Donbasda faktiki rus ordusu ciddi müqavimətlə üzləşib. Dünyanın hərbi-siyasi düzənini dəyişdirəcək bu müharibə indi hansı mərhələdədir və yaxın perspektiv üçün gözləntilər nədir?

- Rusiya ordusu birmənalı məğlub olub. Bu gündən sonra rus ordusu güc toplayaraq hərb meydanında vəziyyəti çətin öz xeyrinə dəyişə bilsin. Ukrayna ordusunun durumu isə göstərir ki, onun bir istiqamətdə hücuma keçmək imkanları var. Amma hava şəraiti Ukrayna ordusu üçün problem yaradır. Hava nisbətən isti keçir, şaxtlar düşməyib,yer donmayıb. Bu halda ancaq avtomobil yolları ilə hərəkət etmək məcburiyyəti yaranır. Yəni Ukrayna ordusunun hərbi-zirehli texnikası və avtomobilləri palçıq yollarda hərəkət edə bilmir, çətinlik yaranır. Odur ki, Ukrayna ordusu indi şaxtların düşməsini gözləyir. Artıq bu həftədən şaxtalı havaların olacağı proqnoz edilir. İstisna etmirəm ki, yaxın on gündə Ukrayna cəbhənin hansısa istiqamətində hücum kampaniyasına başlayacaq. Hücum məsələsində prioritet əldə olan canlı qüvvə, silah və texnikadır.

- Ukrayna ordusunun texnikası onun güclü hücumu üçün nə dərəcədə zəmin yaradır?

- Fransa artıq Ukraynaya zirehli tanklar verəcəyini açıqlayıb. Müharibə başlayandan bəri ilk dəfədir ki, Fransa belə qərar verir. Bu günə qədər Ukrayna ordusuna verilən tanklar əsasən köhnə sovet texnikası idi. Hazırda Fransa Ukraynaya yüngül tanklar göndərəcək. Əlbəttə, yüngül tanklar zireh və müdafiə baxımından da yüngül qorunur, amma çox güclü zərbə gücü var. Üstəlik, Almaniya da zirehli texnika ötürməyə başlayıb. Əslində bu texnikalar zamanında çatdırılsa, Ukrayna orudusu bir deyil, azı iki istiqamətdə hücuma keçə bilər. Amma unutmayaq ki, Rusiya da hücuma hazırlaşır.

- Ruslar onsuz da, gün ərzində azı 10-15 hücum cəhdi edirlər və hər dəfə bu uğursuzluğa düçar olurlar...

- Ruslar əsas hücumları Donbasda həyata keçirir və Zaporojye ilə Xarkov istiqamətində artilleriya hücumu həyata keçirir. Bunlar birbaşa Rusiya və ya ələ keçirilən Ukrayna torpaqlarından həyata keçirilir. Amma indi rus siyasi rəhbərliyi Belarus istiqamətindən Kiyevə növbəti dəfə hücuma hazırlaşır. Söhbət ondan gedir ki, kim hücuma birinci başlayacaq. Hücum hazırlığı ağır prosesdir, ən incə məqanlar belə nəzərə alınmalıdır. Əks təqdirdə itkilər daha çox olar. İndi kim hazırlığı tez başa çatdıraraq hücuma başlasa qarşı tərəf məcburi müdafiəyə keçməli olacaq. Burada da əsas birinci zərbənin kim tərəfindən vurulmasıdır. Bu, yaxın bir həftə və ya on gün ərzində bilinəcək. Müharibə isə ən azı yay fəslinə qədər davam edəcək.

- Amma qış fəsli ərzində də qanlı döyüşləri müşahidə edəcəyik...

- Bəli, qışda döyüşlər davam edəcək, daha çox Ukrayna ordusunun fəallığı nəzərə çarpacaq. Burada bir məqam da var. Rusiya yenidən səfərbərliyi davam etdirsə və 200-300 min əsgər toplayaraq zəif silahlarla olsa belə, cəbhəyə göndərsə, bu qoşunu da qırmaq üçün sursat, silah və güllə lazımdır. Yəni istər-istəməz müharibənin uzadılmasına xidmət edir.

- Rusiyada birinci səfərbərliklə 300 minlik yeni ordu quruldu. Amma bu ordu döyüş meydanında irəliləyişə səbəb olmayıb...

- Rəsmi olaraq 300 min dedilər, amma qeyri-rəsmi 200-250 minlik yeni hərbi personaldan bəhs olunurdu. Bu ordunun 100-150 minini heç bir təlim və hazırlıq keçmədən cəbhə xəttinə atıblar. Və beləcə yaranan boşluqları doldurdular. Ukrayna ordusu yavaş-yavaş bu qoşunları ləğv edir.

İkincisi, haradasa 100 mindən çox səfərbərliklə yığılanlar hazırda hərbi poliqonlarda hazırlıq keçir. Onları indiki periodda cəbhəyə atırlar. Bir neçə gün əvvəl Ukrayna ordusunun Makeevkada vurduğu güclü zərbə nəticəsində 400 rus hərbçisi eyni anda məhv edilib. İstisna etmirəm ki, bu elə səfərbər edilən, hazırlıqdan keçənlərdir. Onlar cəbhə xəttinə çatmadan zərərsizləşdirilir.

Ümumən, mümkündür ki, ruslar gələn payız üçün də hücuma hazırlaşsın. Hazırda Belarusda həm aviasiya gücünü, həm də quru qoşunlarını artırırlar. Təxminlərə görə, hərbi hazırlıqdan keçənləri cəbhəyə atırlar. Səfərbərlik isə dayandırılıb, çünki hərbi çağırış gedir. Adi və planlı çağırış da 120 minə yaxındır. Dekabrda bu bitib. Yeni ordu ehtiyatı yaratmaq üçün indi yeni səfərbərlik həyata keçirilməlidir. Bu da zaman tələb edir və ona görə də yaz kampaniyası haqqında danışılır. İndiki halda 300 minlik yeni ordu gücü ilə Ukrayna paytaxtına hücum etmək məntiqi olardı. Amma Ukrayna daha tez hərəkətə keçsə, ruslar məcbur olub qoşunlarını hissələrə bölərək müxtəlif istiqamətlərə atacaqlar. Bu halda vahid yumruq gücü azalacaq. Həm də Ukrayna hazırda Belarus istiqamətindən olacaq hücumu dəf etməyə hazırdır. Bu istiqamət tam minalanıb, eyni zamanda qoşun hazır mövqedə dayanıb və mümkün hücumun qarşısını almağa hazırdır. Xüsusi mövqelər də hazırlanıb, ruslar hücuma keçsələr yəqin ki, ilişib qalacaqlar. Donetskdə bir şəhər uğrunda 4-5 ay döyüş apardıqları kimi. Belarusun özünün müharibəyə girmək şansı azdır, amma mümkündür. Həm də Belarusun böyük ordusu yoxdur. Sadəcə Lukaşenko anlayır ki, ordusunu müharibəyə atsa özünün daxildə müdafiəsi daha da zəifləyəcək.

- ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verəcəyini elan edib. Bu nəyi dəyişəcək?

- Bəli, ABŞ-ın belə qərarı var. Ötən gün isə Berlin elan etdi ki, Kiyevə bir ədəd “Patriot” sistemi verəcək. Bundan başqa, ABŞ Ukraynaya anti-tank sistemləri, 200-330 minə qədər onun sursatını, yüzlərlə zirehli texnika, “Sea Sparrow” raketləri və ən əsası “Bradley” tankları verəcək. Avropadan da tanklar gəlir. Yəni Ukrayna meydanda tək buraxılmır və ona artıq müdafiə deyil, hücum üçün inkanlar yaradılır.

“Patriot” sistemləri tezliklə gəlməyəcək, amma onun gəlməsi həm də psixoloji məna daşıyacaq. Onsuz da Ukrayna səmasında üstünlük Ukraynadadır. Hazırda rusların atdığı raketlərin 70 faizi zərərsizləşdirilir. Sözsüz ki, “Patriot” və digər silahlar gəldikdən sonra Ukrayna özünü daha yaxşı müdafiə edəcək.

Bununla paralel olaraq Rusiya Ukraynaya İran istehsalı dronlarla hücumlar edir. Amma Tehranın Moskvaya ballistik raketlər verəcəyi də iddia olunur, bu barədə Qərb kəşfiyyatına yaxın mənbələrə istinadən məqalələr yazılırdı. Məncə, İrana qarşı konkret addımlar atılıb, ona xəbərdarlıq edilib. Məhz bu səbəbdən də indiyə qədər ruslara raket verməyiblər, halbuki vermək niyyətləri var idi.

- Qərb Rusiyanın məğlub edilməsi üçün qəti qərarını veribmi?

- Yox, sürətli və qəti qələbədən söhbət belə gedə bilməz. Ümumən Qərb birmənalı qərar verib və Ukraynaya imkan verməyəcəklər ki, məğlub olsun. Ona sonsuz dəstək veriləcək. Sadəcə çalışırlar ki, Rusiya qəfil uduzmasın və çökməsin. Əksinə, iqtisadi, hərbi, siyasi və ən vacibi demoqrafik baxımdan çöküşünün paralel getməsini gözləyirlər. Buna görə Qərb Rusiyaya qarşı “qurbağa bişirmə” strategiyasını tətbiq edir. Yəni qurbağanı birdən-birə qaynar suya atmırlar, soyuq suya atıb qazın üzərinə qoyurlar və vam xodda qurbağa tədricən, asta-asta bişir. Qaynar suya atanda isə atdanıb qaçır. Bunu ruslar da yaxşı bilir. Ona görə indi ruslar həm də imkan daxilində az itkilərlə müharibənin bitməsinə çalışırlar. Torpaq itkiləri vermədən, işğal etdiyi torpaqları maksimum əlində saxlamaqla müharibənin dayandırılması rusların əsas istəyidir.

- Putinin 36 saatlıq birtərəfli atəşkəs elan etməsi buna mesaj idi?

- Bu, boş şey idi, sadəcə piar kampaniyası naminə edildi. Özü də atəşkəs elan etsə də, cəbhədə atəşkəs bir saat da yaranmadı. Odur ki, bu, siyasi tədbir idi, guya göstərirdi ki, müharibəni dayandırmaq mümkündür. Amma Putindən əvvəl eyni təşəbbüsü Zelenski irəli sürmüşdü. Səhv etmirəmsə, dekabrın 4-də belə təklif etmişdi ki, Milad bayramında atəşkəs elan olunsun. Amma Kreml sadəcə susdu və buna reaksiya vermədi.

- İndi baş verənlər Rusiya daxilinə, Putinin ətrafına hansı təsirləri göstərir?

- Sözsüz ki, bunun ciddi təsirləri var. Amma səhnə arxasında konkret hansı proseslərin getdiyini, nələrin baş verdiyini heç kəs bilmir. Məsələn, Donbas separatçısı İqor Qirkin elan edir ki, Rusiyada hakimiyyət uğrunda əsl rəqabət başlayıb. O, konkret adlar da çəkir. Eləcə də xarici mediada bu səpkili xəbərlər və məqalələrə rast gəlmək olur. Amma bunlar fərziyyədir. Biz də müəyyən fərziyyələr səsləndirə bilərik. Sadəcə görünən hərəkət yoxdur. Belə şeylər hazırlansa da, gizli gedir. Konkret namizədlərlə bağlı səsləndirilənlər isə dezinformasiya da ola bilər. Amma aydındır ki, müharibə Putini kifayət qədər zəiflədir və zəiflətməkdə davam edəcək. Zəif hakimiyyəti və lideri isə yıxmaq niyyətində olanlar ortaya çıxır. Odur ki, bu, nəticədə hansısa proses yarada bilər.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.