ABŞ Laçın yoluna görə vasitəçi missiyasını itirir - qərəzin lap beləsi...

13-01-2023, 09:47   


Birləşmiş Ştatların ATƏT-dəki səfiri də “xor”a qoşularaq dəhlizi açmağı tələb edir; separatçılara qucaq açan Vaşinqton obyektivliyi əldən verir - Moskvanın yolu açılır

Birləşmiş Ştatlar Qarabağı Ermənistanla birləşdirən dəhlizin açılmasına növbəti dəfə çağırış edib. ABŞ-ın ATƏT-dəki səfiri bəyanat yayaraq Azərbaycandan Laçın yolunun açılmasını tələb edib.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, səfirlik belə bir vəziyyətdə lazımi dəstəyi verdiyinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib və Azərbaycanla Rusiyanı yolun dərhal açılmasına çağırıb: “Birləşmiş Ştatlar Laçın dəhlizinin artıq üç həftədən çox müddətdə bağlı olmasından və bunun ağır humanitar vəziyyət yaratmasından narahat olaraq qalır”. ATƏT səfirinin bu çağırışına ABŞ-ın İrəvandakı səfirliyi də qoşulub. Səfirlik ABŞ Dövlət Departamentinin dəhlizin açılmasına çağırışlarını təkrar edib və bildirib ki, Azərbaycanın hərəkəti “sülh prosesini əngəlləyir və beynəlxalq etimadı sarsıdır”.

Qeyd edək ki, yerli televiziyalara müsahibəsində dövlət başçısı İlham Əliyev sülh danışıqlarında vasitəçilər haqda danışarkən ABŞ-ın da adını çəkmişdi. Sitat: “Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa...”

Vaşinqtonun mövqeyinin ifadəçisi olan ABŞ səfirlərinin Laçın yolu ilə bağlı qeyri-konstruktiv açıqlamaları təəssüf doğurmaqla yanaşı, iki ölkə münasibətlərinin ruhuna və vasitəçi olmaq missiyasının prinsiplərinə ziddir. Çünki sülh prosesini tormozlayan da, Qarabağda gərginlik yaradan da Azərbaycan yox, Ermənistan və onun əlaltısı olan separatçılardır. Laçın yolu ilə bağlı heç bir problem yoxdur və Birləşmiş Ştatlar diplomatları bunu görmək üçün həmin əraziyə gedə bilərlər. Əlbəttə ki, Avropa Birliyindən sonra ABŞ-ın da hadisələrə ermənilərin gözü ilə qiymət verməsi vəziyyəti daha da çətinləşdirir.

Ceyhun Bayramov Belqrada yola düşüb - 10.10.2021, Sputnik Azərbaycan

Ceyhun Bayramov

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Yəni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxlərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb. Yada salaq ki, ABŞ Prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” qeydi Bakının ciddi narazılığına səbəb olmuşdu. Ağ Ev sahibi bu ifadə ilə açıq şəkildə üçüncü tərəf yaradır, yəni Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ xalqı”... 

Ötən ay isə separatçı rejimin “xin” başçısı David Babayana viza verib, Konqresə çağırılması, orada anti-Azərbaycan bəyanatlar verməsi Vaşinqtonun səmimiliyini şübhə altına alan faktlar sırasındadır. ABŞ regionu nəzarətə götürmək üçün guya hamını qane edəcək yollar axtarır, əslində isə ermənipərəst mövqe tutmaqda davam edir. Bu ölkədə erməni lobbisi çox güclüdür və daim seçkilərdə qələbə barədə düşünən “siyasətçilər” onlara xoş olacaq işlər görməyə çalışırlar. Ermənistanın ABŞ üçün nədən bu qədər əziz olmasının əsas səbəbi budur. Bu baxımdan, ABŞ rəsmilərinin fəallaşmasından, onların vasitəçiliyi ilə aparılan danışıqlardan yaxşı bir nəticə gözləmək mümkünsüzdür. Laçın yolu ilə bağlı mövqeyi də ABŞ-ın vasitəçilik fəaliyyətinin səmimiliyinə inanmağı qeyri-mümkün edir. Belə anlaşılır ki, Paris və Brüsseldən sonra Vaşinqton da vasitəçilik missiyasını tam itirməklə, Moskvanın yolunu açır... Bəs analitiklər necə düşünürlər?

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

 Tofiq Abbasov

AzTV-nin sədr müavini, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan regionda yeni reallıq formalaşdırıb. Onun sözlərinə görə, bununla razılaşmayan qüvvələr demək istəyirlər ki, biz olmadan kimsə müstəqil addım ata bilməz: “Yaxşı biz Minsk Qrupuna bu işi həvalə etmişdik, axırı nə oldu ki? İndi hamı etiraf edir ki, dünya nizamı çöküb, beynəxalq hüquq həqiqətən işləmir, ona görə bu yanaşmalar onların öz işləridir. Biz heç kəsin yolun kəsməmişik, torpaqlarımızı işğalçı tapdağından azad etmişik, indi işimizi görürük. Fransa, Amerika Qarabağda erməni əhalisinin guya hüquqlarının pozulduğunu deyir, əslində bu bəyanatlar prosesdə iştirak etmək cəhdidir”.

T.Abbasovun fikrincə, sadəcə, bu gün ermənilər resurslarını təbliğata xərcləyir: “Həqiqətən demək lazımdır ki, onların diaspor və lobbi imkanları bizdən üstündür. Bu da 100 il ərzində formalaşıb, bizsə 30 ildir müstəqilik. Ona görə ermənilərin səsi eşidilir, çünki təbliğata çox pul xərcləyir, səsi gur eşidilir. Lakin o demək deyil ki, biz sözümüzü demirik. Sadəcə, bu hadisələr vaxt aparacaq, amma yekunda həll olacaq. Əgər torpaqlar işğalda olanda bu hadisələr baş versəydi, deyərdik ki, bizi eşidən yoxdur, indi vəziyyət fərqlidir, düşməni hərb meydanında diz çökdürmüşük, azad etdiyimiz ərazilərdə işimizi görürük. Qoy bir komponentdə ermənilər bizdən üstün olsunlar, amma onların yalanları Azərbaycanı yolundan döndərə bilməz. Bu gün psixoloji təzyiq göstərmək istəyirlər, amma dünya birliyi, beynəlxalq ictimaiyyət boş söhbətdir, yoxdur belə şey...”

Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü

Xəzər Teyyublu

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublu hesab edir ki, Paşinyan özü Qarabağ ermənilərinə səslənib, vəziyyəti gərginləşdirməməyə çağırıb: “Hətta erməni baş nazir də anlayır ki, orada blokada yoxdur, yoldan təminat karvanları keçir. Vardanyan da boynuna aldı ki, yüklər daşınır. Əgər ermənilər açıq etiraf edirlərsə, ABŞ-ın ATƏT-dəki səfirinin bəyanatı yersizdir. Ümumiyyətlə, Bayden administrasiyası ermənipərəst olduğu üçün Vaşinqtondan gələn açıqlamalara təəccüblənmək lazım deyil. Son iki ildə ABŞ və Fransanın bəyanatlarının hansı təsiri olub? Amma Rusiya hansısa məsələyə qol qoyanda dərhal bölgədə vəziyyət dəyişir. Çünki üçtərəfli sənəddə Makronun, yaxud Baydenin imzası yoxdur, Putinin qolu var. Ona görə bu problemlər yalnız üçtərəfli sənəd əsasında, Rusiyanın vasitəçiliyi ilə həll edilə bilər. Biz Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlikdən daha da faydalanmalı, Moskvadan 10 noyabr sazişinin yerinə yetirilməyən digər bəndlərinin icrasını istəməliyik. Necə ki, Brüssel platforması da arxa plana keçdi, Rusiya təşəbbüsü ələ aldı, eləcə də Vaşinqtondan verilən bu bəyanatlar onun vasitəçi kimi sıradan çıxarıb Kremlə yeni dividentlər qazandırır”, - deyə hüquq müdafiəçisi vurğuladı.

X.Teyyublunun fikrincə, Laçın yolunda yaşananlarda beynəlxalq konvensiyaların pozulması faktı yoxdur: “Ona görə BMT Təhlükəsizlik Şurasında da müzakirlər nəticəsiz qaldı. Biz beynəlxalq hüquqa hörmət edərək öz haqlı addımlarımızı atırıq. Mədənlərdə sərvətlərimiz talanır, qoy insan haqları təşkilatları, ABŞ buna etiraz bildirsin. Ancaq qızıl yataqlarımızın istismarına susurlar, 5-10 min erməni üçün dünyada başladılan qaragüruh kampaniyasına qoşulub Azərbaycana qarşı çağırışlar edirlər. Maraqlıdır ki, səfir həm də Rusiyaya səslənib. Yəni yolun bağlı qalmasının günahını həm də Moskvada görürlər. Bu gedişatdan yararlanmalı, Laçın yolunda gömrük postumuzu qurmalıyıq. Prezident də dedi ki, tələblər icra edilənə qədər aksiya davam edəcək. Ona görə ekofəalların aksiyasında tələblər yenilənməlidir. Biz ABŞ, Fransa və digər beynəxalq oyunçuların reaksiyalarına diplomatik münasibət bildirməklə yanaşı işimizi görməliyik. Bir aydır ki, aksiya keçirilir, Qarabağdakı terrorçular blokadaya düşüblər, dinc ermənilərə isə yol açıqdır. İstəmirlərsə, bölgədən çıxıb getsinlər, onlara vətəndaşlığı qəbul etmək üçün yalvarmayacağıq. Ona görə ABŞ-ın ATƏT-dəki səfiri bilməlidir, yol humanitar məqsədlər üçün açıqdır, amma separatçı quldur rejiminin üzünə bağlıdır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini vəziyyəti daha da gərginləşdirəcək açıqlamalardan çəkinməyə çağırıb. Hökumətin iclasında çıxış edən Paşinyan Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası fonunda bölgədəki ermənilərin hadisələrə daha təmkinli yanaşmasının, baş verənləri analiz etməsinin önəmli olmasından danışıb. O, Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.