Kremldə 2024-cü il prezident seçkilərinə hazırlıq başlayıb.
“Rusiya Prezidentinin Administrasiyası müharibəyə baxmayaraq, seçkilərin vaxtında - gələn ilin martında keçiriləcəyinə ümid edir”.
Cebhe.info-nun məlumatına görə, Rusiyanın “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb. 2020-ci ildə qəbul edilən konstitusiya dəyişiklikləri Putinin Prezidentlik müddətinə qoyulan məhdiyyəti aradan qaldırıb və ona 2024 və 2030-cu illərdə seçkilərdə iştirak etməyə icazə verib. Adıçəkilən nəşrin yazdığına görə, Kreml 2024-cü ildə Putinin namizədliyini yenidən irəli sürməyə hazırlaşır.
2000-ci ildən Prezident olan Putinin özü seçkilərdə iştirakı ilə bağlı hələ heç nə deməyib. “İdeoloji məzmun hələ məlum deyil, amma deyirlər ki, bunun əsasında birlik mövzusu dayanacaq”,-qəzet belə yazır.
Qeyd edilir ki, Kremldəkilər 2023-cü il regional seçkilərində fərqli texnologiyaları və ideyaları sınamağa hazırlaşırlar.
“Verstka” qəzeti bu yaxınlarda Kremlin 2024-cü il prezident seçkilərinə hazırlığın yeni mərhələsinə qədəm qoyduğunu bildirib. Rayon rəhbərlərinə sakinlər üçün gələcəkdə həll edilməli olan ən vacib məsələlərin siyahısını tərtib etmək tapşırılıb. Bundan başqa, onlara sosial şəbəkələrdə əhval-ruhiyyəni qiymətləndirmək və yaxşılaşdırmaq göstərişi verilib.
Putindən başqa namizədlərin Dövlət Dumasında partiyalardan xaric edilə biləcəyi deyilir.
Müşfiq Abdulla
Cebhe.info