Ermənistandan Rusiyaya şantaj: Ya Laçın yolu, ya da Qərb

16-01-2023, 20:09   


Ermənistandan Rusiyaya şantaj: Ya Laçın yolu, ya da Qərb


Yanvarın 8-dən bəri Ermənistanda Rusiya əleyhinə iki dəfə etiraz aksiyası keçirilib.

Gümrü şəhərindəki 102 saylı hərbi bazanın qarşısına toplaşan ermənilər Rusiyaya qarşı ciddi ittihamlar səsləndirib. Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini deyən aksiya iştirakçıları Laçın-Xankəndi yolunun bağlanmasına görə Moskvaya etiraz edir.

Bu səbəbdən, yanvarın 15-də ermənilər Rusiyaya təzyiq vasitəsi kimi 102 saylı hərbi bazanı mühasirəyə almağa çalışıb. Aksiyaçılar Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əleyhinə şüarlar səsləndirirlər. Ermənilər son bir həftə ərazində keçirilən iki piket zamanı Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edib. 

Qeyd edək ki, son vaxtlar Ermənistanın KTMT üzvlüyündən çıxmasını dair çağırışlar artıb. Bu aksiyalar Ermənistan-Rusiya münasibətlərində gərginliyin artmasından xəbər verir. Çünki Rusiya hərbi bazasının Ermənistanı tərk etməsi ilə bağlı şüarlarda Nikol Paşinyan hakimiyyətinin də siyasi maraqları var. Yəni rəsmi İrəvan Laçın-Xankəndi yolunun bağlanmasına görə məsuliyyəti birtərəfli qaydada sülhməramlıların üzərinə atmaqla Ermənistanda Rusiya əleyhinə rəy formalaşdırmağa çalışır.
Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik münasibətlərinin pozulması və Paşinyan hakimiyyətinin KTMT-dən uzaqlaşmaq cəhdləri gərginliyin artmasından xəbər verir. 

Ermənistanın bu mövqeyi əslində, Rusiyanı siyasi cəhətdən şantaj etmək niyyəti kimi qiymətləndirilə bilər. Yəni rəsmi İrəvan Rusiyadan Azərbaycana təzyiq göstərərək Laçın-Xankəndi yolunu açmayacağı təqdirdə, 102 saylı hərbi bazanı Ermənistan ərazisindən çıxaracağı ilə təhdid edir. Ancaq bu təzyiqlər qarşısında Rusiyanın geri çəkiləcəyi inandırıcı görünmür. 

Çünki Rusiya Azərbaycanla münasibətlərdə problemin yaranmasında maraqlı deyil. Çünki sülhməramlı kontingent Azərbaycan ərazisində yerləşib. Rusiyanın 2020-ci il 10 noyabr Bəyanatına zidd olaraq, Azərbaycanla qarşıdurmaya getməsi rəsmi Bakının sülhməramlıları öz ərazisindən çıxarması ilə nəticələnə bilər. Ermənistanın tələblərinə laqeyd münasibət isə, Rusiya hərbi bazasının bu ölkədən çıxarılması ilə bağlı çağırışların artmasına səbəb olacaq. 

Politoloq Nəsimi Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsirinin azalması, eləcə də Azərbaycanla münasibətləri pozmaq istəməməsi Ermənistana öz işğalçılıq planlarını reallaşdırmağa mane olur:

"Bu səbəbdən, rəsmi İrəvan Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə üz tutmağa çalışır. 44 günlük müharibədən sonra Ermənistan xeyli dərəcədə mürəkkəb vəziyyətlə üzləşib.

Bu, ondan ibarətdir ki, Ermənistan ənənəvi olaraq, Rusiyaya sığınaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirə bilmir. Burada əsas amil Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın üzləşdiyi vəziyyətdir. Rusiya Azərbaycan, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə qarşıduryama getmək istəmir. Əks halda, Kreml ABŞ-ın və Avropanın tətbiq etdiyi sanksiyalar fonunda daha rəzil duruma düşə bilər. Ona görə də Rusiyanın Ermənistanı himayə etmək imkanları xeyli azalıb. Bu səbəbdən, Ermənistan düşünür ki, Türkiyə ilə münasibətləri qismən normallaşdıraraq özünün təhlükəsizlik maraqlarını Qərbin, yəni Fransa, Avropa İttifaqı və ABŞ-ın vasitəsilə təmin edə bilər. 

Çünki onlar da anlayır ki, Rusiya Cənubi Qafqazda əvvəlki gücünü bundan sonra qoruyub saxlaya bilməyəcək. Hətta saxlasa belə, rəsmi Moskva Ermənistanın revanşist arzularını gerçəkləşdirməyə kömək etməyəcək. Ona görə də Nikol Paşinyan yaxşı başa düşür ki, öz hakimiyyətinin davamlı olması Qərblə münasibətlərə bağlıdır. Çünki Rusiya  özünə yaxın qüvvələri Ermənistanda hakimiyyətə qaytarmaq niyyətindədir və bunu gizlətmir. 

Paşinyan da düşünür ki, Qərblə münasibətləri daha da yaxınlaşdırmaq üçün Rusiya ilə bağları qoparmalıdır. Rusiya ilə bağlar isə çox möhkəmdir. Postsovet məkanında Ermənistan Rusiyanın ən çox təsirində olan ölkədir. Ermənistanın enerji, nəqliyyat sektoru Rusiyanın nəzarətindədir. Bu ölkənin sərhədlərini Rusiya qoruyur. Üstəlik, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Ona görə də Qərbdən Ermənistana bildirirlər ki, Rusiyadan qopmadan Avropaya inteqrasiya oluna bilməz.

Bu baxımdan, Ermənistanda Rusiyadan uzaqlaşmaq səyləri müşahidə olunur. Təəssüf ki, bu sülhə və demokratiyaya xidmət etmir. Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə hələ də qalır. Ona görə də Azərbaycan da, Türkiyə də Ermənistanla münasibətləri qurarkən bunu nəzərə almalıdır”.

Ekspert hesab edir ki, Ermənistan Rusiyaya qarşı etiraz aksiyaları təşkil etməklə Laçın-Xankəndi yolunu açmaq üçün Kremlin Azərbaycana təsir göstərməsinə nail olmaq istəyir:

"Ancaq Rusiyanın bu avantüraya gedəcəyi inandırıcı görünmür. Rusiya 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalananda malik olduğu gücə malik deyil. O zaman Rusiyanın Azərbaycana və bölgədə təzyiq imkanları daha çox idi.

Amma indi vəziyyət dəyişib və Azərbaycan da bunu nəzərə alır. Rusiyanın etiraz aksiyaları ilə Azərbaycana təzyiq edəcəyini gözləmək yersizdir. Hətta o təzyiqlər Rusiya üçün əks-effekt verə bilər və daha pis nəticə doğurar. Əlbəttə, Ermənistanda bu cür istəklər var. Paşinyan hakimiyyəti isə çalışır ki, Rusiyanı Ermənistanın gözündən salsın və göstərsin ki, onlar üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir. Ötən ilin sentyabr ayında baş vermis döyüşlərdən sonra Ermənistan kömək üçün KTMT-yə müraciət etdi və heç bir müsbət cavab ala bilmədi. 

Məlum oldu ki, KTMT Ermənistana açıq hərbi dəstək verib onların əvəzindən Azərbaycanla döyüşmək istəmir. Ondan əvvəl Fərrux və “Qisas” əməliyyatları zamanı da belə göründü ki, Rusiya Azərbaycanı durdura bilmir. Ermənistan hakimiyyəti çalışır öz cəmiyyətinə göstərsin ki, Rusiya bizim etibarlı müttəfiqimiz deyil və ondan qurtulmalıyıq. Bunun üçün həm təbliğati, həm siyasi zəmin hazırlanır ki, gələcəkdə hüquqi qərarların vermək imkanları daha da artsın.

Bütün bunlar Paşinyan hakimiyyətinin maraqlarına xidmət edir. Rusiyanın başqa cür davranmaq imkanları da yoxdur. Rusiya 10 noyabr Bəyanatı ilə öz üzərinə öhdəliklər götürüb. Bunlardan biri Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən kommunikasiyaların açılması barədədir. Ancaq iki ildən çox vaxt keçsə də, bu razılaşma yerinə yetirilməyib. Rusiya Azərbaycana heç nə deyə bilməz. 

Azərbaycan Laçın-Xankəndi yolunu bağlaya bilər. Avropa İttifaqının mülki missiya isə yalnız Azərbaycan həmin yolda gömrük və sərhəd-buraxılış nəzarəti qurduqdan sonra bu prosesi həyata keçirə bilər. Əgər bunlar yoxdursa, etiraz aksiyaları ilə Azərbaycanı haqq işindən çəkindirmək, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək real deyil”.

Müşfiq Abdulla            
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.