Güney Azərbaycandan olan energetika məsələləri üzrə ekspert Dalğa Xatınoğlunun Axar.az-a müsahibəsi:
- İranda son vaxtlar daha da dərinləşən qaz böhranının səbəbi nədir?
- Neft Nazirliyinin və Dünya Bankının statistikasına əsasən, İranda hər il təxminən 18 milyard kubmetr qaz istehsal zamanı məşəldə yandırılır. Yəni Türkiyənin qaz istehlakının üçdə birinə bərabər həcmdə qaz hasilat zamanı yandırılaraq israf edilir. Bu həcmdə qazın dünya bazarlarında dəyəri hazırda 15 milyard dollardan çoxdur.
Bundan əvvəl keçmiş neft naziri Bijən Namdar Zəngənə məşəllərin yandırılmasını dayandırmaq üçün cəmi 5 milyard dollar investisiya lazım olduğunu açıqlamışdı.
Məşəldə yandırma neft yataqlarından çıxarılan qazı toplamaq üçün avadanlıqların quraşdırılmaması ilə əlaqədardır. İran son 20 ildə bu sahədə heç bir tədbir görməyib...
- Ölkədə qaz sənayesi şəbəkə və avadanlıqlarının aşınması problemin daha da şiddətlənməsində nə kimi rol oynayır?
- Rəsmi statistikaya əsasən, İranın hasil və emal etdiyi qazın təxminən 9 milyard kubmetri şəbəkə və avadanlığın köhnəlməsi səbəbindən ötürülmə, paylama mərhələsində itirilir. Əvvəllər bildirilmişdi ki, qaz şəbəkəsinin modernləşdirilməsi üçün on il ərzində illik 2 milyard dollar investisiya lazımdır.
Bu yolla ölkədə hasil edilən qazın 11 faizinə bərabər olan 27 milyard kubmetr hasilat və nəql mərhələsində israf edilir. Bu da Türkiyənin ümumi illik qaz istehlakının 45 faizinə bərabərdir və dəyəri 20 milyard dollardan çoxdur.
Həmçinin, İranın istilik elektrik stansiyaları ildə 65-70 milyard kubmetr qaz istehlak edir. Elektrik stansiyalarının orta səmərəliliyi isə cəmi 37 faiz təşkil edir. İran elektrik stansiyalarını “kombinasiya dövriyyəsi” tipinə keçirmək, elektrik stansiyalarının köməkçi avadanlıqlarından, məsələn, ev təsərrüfatlarını isti su ilə təmin etməklə, stansiyaların səmərəliliyini 50 faizdən çox artıra bilərdi, lakin bunu etməyib. Energetika Nazirliyinin statistik məlumatlarına görə, ötürücü və paylayıcı şəbəkələrdə elektrik enerjisi itkiləri də 13 faizə yaxındır. Bu yolla hər il İranın hasil etdiyi qazın azı 30-35 milyard kub metri elektrik enerjisinə çevrilmə mərhələsində israf edilir.
Bir sözlə, ölkədə hasil edilən qazın 60-65 milyard kubmetri, yəni dörddə-biri istehsal, ötürülmə və elektrik enerjisinə çevrilmə mərhələsində istehlakçıya çatmadan itirilir.
- İranlı mütəxəssislərin bildirdiyinə görə, hakimiyyət son illər problemin həlli üçün edilən müraciətlərə məhəl qoymadığından hazırki böhranla üzləşib. Hökumət nə üçün belə ciddi məsələyə etinasız yanaşıb?
- İranın hasilat, nəql və elektrik enerjisinə çevrilməsində qaz itkisini dayandırmaq üçün 20 il vaxtı var idi, lakin bir neçə səbəbə görə bu məsələ hökumətlərin prioriteti olmayıb.
Əvvəla, bu il Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Avropa sanksiyaları ilə dünya bazarlarında qazın qiyməti qalxıb. Ötən illərdə qazın qiyməti yüksək səviyyədə olmadığı üçün İran sərmayəsini qaz itkisinin qarşısını almağa deyil, daha çox neft və qaz yataqlarının işlənməsinə sərf edib.
İkincisi, Parlamentin Araşdırmalar Mərkəzinin hesabatına əsasən, son 4 ildə maddi problemlərə görə hökumət neft-qaz hasilatı sektoruna hər il cəmi 3 milyard dollar sərmayə qoyub. Halbuki rəqəm hər il azı 20 milyard dollar olmalı idi. Bu yolla ölkədə qaz hasilatının artırılması layihələri demək olar ki, dayanıb.
Digər məsələ, İran hakimiyyətinin ətraf mühit, havanın çirklənməsi və istixana qazları tullantıları məsələsinə məhəl qoymamasıdır. Bu durum da İran hakimiyyəti rəsmiləri üçün demək olar ki, heç bir əhəmiyyət kəsb etmir.
Ötən illər ərzində İranın Neft Nazirliyi dəfələrlə xəbərdarlıq edərək bildirib ki, ölkənin qaz hasilatının 70 faizini təmin edən “Cənubi Pars” yatağı 2023-cü ildən istismarının ikinci yarısına qədəm qoyub və hasilatı hər il 10 milyard kubmetr azalacaq. Yəni hər il “Cənubi Pars”ın bir fazasının ekvivalenti sıradan çıxacaq. Onu da qeyd edim ki, ötən il İran qışda gündəlik 250 milyon kubmetr qaz defisiti ilə üzləşib, bu il isə kəsr daha da artıb. Yaxın illərdə İranın qaz defisitinin kəskin şəkildə artacağı gözlənilir.
Yeni ilin ilk günlərindən İranın Türkiyəyə qaz ixracatının 70% azalması, bəzi günlər isə ixracatın tamamilə dayandırılması da bununla bağlıdır.