Rusiya sülhməramlılarına alternativ: Qarabağa Türkiyə ordusu gələ bilər?

17-01-2023, 20:17   


Rusiya sülhməramlılarına alternativ: Qarabağa Türkiyə ordusu gələ bilər?


“Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlı missiyasının müddətinin uzadılması və ya uzadılmaması ilə bağlı məsələ son anda həll oluna bilər”.

Bunu Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Qarabağda sülhməramlı kimi iştirak etmək istəsə də, Rusiya buna imkan vermədi:

“Həmin dönəm rəsmi Ankara Azərbaycan rəhbərliyini razı salmaq üçün ciddi səylər göstərmişdi. Lakin Rusiya Türkiyənin Qarabağda möhkəmlənmək israrını kənarda formal monitorinq mərkəzinə çevirə bildi. Buna baxmayaraq, Azərbaycanın əsas müttəfiqi olan Türkiyədən Kremlin ticarət, iqtisadi, logistika və digər sahələrdə asılılığı ciddi şəkildə artıb. Hesab edirəm ki, 2025-ci ildə bu, şübhəsiz ki, nəzərə alınacaq. Amma hazırda mən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına alternativ görmürəm”.

Maraqlıdır, 2025-ci Rusiya sülhməramlıları Qarabağı tərk edə və onların yerinə Türkiyə ordusu gələ bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Rusiya atəşkəsi təmin edən və prosesləri nəzarətdə saxlayan yeganə hərbi qüvvə kimi ermənilərin yaşadığı ərazilərdə özünün varlığını davam etdirmək istəyir:

“Rusiya ilə Türkiyə arasında müşahidə xarakterli monitorinq mərkəzinin yaradılması da sadəcə formal olaraq fəaliyyət göstərir. Demək olar ki, Türkiyənin Rusiyanın bu yöndəki davranışlarına o qədər də təsir imkanı yoxdur. Çünki 10 noyabr üçtərəfli Bəyanatından müəyyən məqamlar nəzərdə tutulmayıb. Düşünürəm ki, yaxın zamanda artıq 10 noyabr Bəyanatına belə ehtiyac qalmayacaq.

Sadəcə olaraq, Azərbaycan və Türkiyənin istəyi nəzərə alınaraq, “gözdən pərdə asmaq" üçün belə bir monitorinq mərkəzi yaradıldı. Hansı ki, bu mərkəz ciddi mənada funksional deyil.

Ümumiyyətlə, 2025-ci ildə rus qoşunlarının Qarabağdan çıxarılması məsələsinin tamamilə Rusiyadan asılı olmasını demək bunu şişirtməkdir. Çünki Rusiya artıq əvvəlki təsir imkanlarına malik deyil. 2025-ci ilə qədər hələ Rusiya dövlətinin özünün vəziyyəti ciddi sual altındadır.

Ona görə Kremlin istəyindən asılı olmayaraq, rus qoşunları Qarabağdan çıxarılacaq. Hətta kobud səhv buraxacağı təqdirdə, bu prosesi bir az da tezləşdirmək mümkün olacaq. Məhz buna görə Rusiya sülhməramlıları artıq Qarabağda həssas davranmağa başlayıblar.

Xüsusilə də Laçın-Xankəndi yolundakı etirazlar zamanı əvvəl özünü daha aqressiv göstərən rus sülhməramlıları sonradan daha mülayim yanaşmağa başladılar. Onlar istənilən səhvin və ya güc tətbiqinin rus hərbçilərinin Qarabağdakı varlığının üstündən xətt çəkəcəyini anladılar”.

Politoloq qeyd edib ki, Türkiyə ordusu bilavasitə Azərbaycanın istəyi ilə Qarabağda mövcuddur:

“İstənilən zaman Türkiyə qoşunları Qarabağın istənilən bir nöqtəsində var olacaq. Əslində Rusiya sülhməramlıları getdikdən sonra onları Türkiyə ordusu və ya başqa bir missiyanın əvəzləməsinə ehtiyac yoxdur. Çünki Azərbaycan hərbçiləri varkən, başqa bir ordunun ermənilərin yaşadığı ərazilərdə sülhməramlı kimi gəlib durmasına lüzum yoxdur. 

Gələcək perspektivlərdə Türkiyə qoşunlarının Ermənistan və İranla sərhədlərə yaxın yerlərdə durması düşünülə bilər. Ümumiyyətlə, Türkiyə ordusunun Azərbaycanda varlığı ciddi bir geosiyasi çəkindirici məqamdır.

Həm Rusiya və İran, həm də Türkiyənin NATO-dakı müttəfiqləri və Fransa üçün çəkindirici məqamdır. Buna görə də Türkiyə qoşunları Azərbaycanda mövcuddur. Düşünürəm ki, Qarabağla bağlı isə bu cəhətdən heç bir problem yoxdur və zamanı gələndə rus qoşunları necə gəlibsə, elə də gedəcəklər”.

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.