Zahid Oruc: “Qərbi azərbaycanlılarla ermənilərin qayıdışını eyni tutmaq olmaz”

18-01-2023, 10:39   

“Söhbət dinc qayıdışdan gedir”

24 dekabr görüşündə iştirak edən deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Meydan TV-yə deyib ki, II Qarabağ müharibəsindəki qələbə dövlətin və xalqın qarşısında yeni strateji üfüqlər açıb:

“Əlbəttə, prezidentin dediyi kimi, əgər ərazilər işğal altından olanda, bu idealı dövlət siyasəti baxımından önə qoysaydıq, bu, xarici aləmdə Azərbaycanın əleyhinə müxtəlif qruplaşmalara, koalisiyalara, yersiz hücumlara və bir sıra hallarda təzyiqlərə səbəb olacaqdı. Həmçinin Ermənistanın arqumentlərini gücləndirirərdi, onun müdafiəsində iştirakına şərait yaradardı. Ancaq məsələnin başqa tərəfi odur ki, tarixi torpaq anlayışı heç bir xalqın həyatında, kənara qoyulmur.  Bu, həmişə mədəni, psixoloji, ədəbiyyat hadisəsi kimi qorunub saxlanılır. Bəli, “dövlət bu yöndə hansı addım atmalıdır” sualına baxış hər zaman fərqlənə bilər. Məgər, yunanlar Konstantinopol adından imtina ediblərmi? Amma İstanbul bu gün türk şəhəri olaraq dünyaya sənaye, iqtisadiyyat, mədəniyyət və siyasət baxımından özünü təqdim edib. Belə olduğu təqdirdə, cənab prezidentin qələbədən sonra yeni hədəfləri qarşıya qoyması və bunu da ötkəmlik, yüksək siyasi iradəylə gündəliyə gətirməsi əsla müxtəlif qütblərə müharibə elan etmək mənasına gəlmir. Məhz ona görə də ölkə başçısı televiziyalara verdiyi müsahibədə dedi ki, gücümüzü müxtəlif istiqamətlərə yönəltmək və avantüralara getmək niyyətində deyilik”.

“Burada söhbət dinc qayıdışdan gedir. Bu, 90-cı illərdə milləti birləşdirən azərbaycançılıq ideyasından sonra yeni ideoloji siyasi konseptdir. Məsələ ondadır ki, biz hansı coğrafiyalarda yaşamışıqsa, onun mədəni sərvətini, toponomikasını, tarixini, ənənələrini, irsini saxlamalıyıq. 90-cı illərdə Bütöv Azərbaycan ideyasından mitinqlərdə və mətbuada danışanlar, hərçənd ki, bunu ciddi doktorinaya çevirmədilər. Amma indi onların fərqli davranışlar sərgiməsi təəccüb doğurur. Məsələ ondadır ki, 24 dekabr görüşü cəmiyyətdə ruh yüksəkliyi yaradıb, passionar enerjiyə müsbət təsir edib. İndi bunu yaradıcı istiqamətlərdə göstərmək lazımdır. Məsələn, bizim mərkəzimiz bu yöndə 370 səhifəlik kitab təqdim etdi, qarşıda 5 cildlik hədəfimiz var”, – deyə Zahid Oruc qeyd edib.

“İrəvan və Göyçə Azərbaycan ordusunun strateji müşahidəsi altındadır”

“Bəs Ermənistan olan qaçqınlar, elə həmin görüşdə iştirak edənlər Bakıdan həmin boşalmış kəndlərə qayıdarlarmı?” sualına Zahid Oruc belə cavab verib:

“Söhbət ondan gedir ki, kommunikasiyalar açılsın, insanların Yerevana, Zəngəzura, Göyçəyə qayıtsın. Bəli, şübhəm yoxdur ki, o insan ora dönəcək. İndiki halda söhbət ata-babarımızın uyuduğu torpaqlara dönüşdən gedir. Şübhə etmirəm ki, Ermənistan 7 rayonu viran etdiyi kimi azərbaycanlıların yaşadığı ərazilərdə də durum eynidir. Faktiki olaraq, turistlərin getdiyi həmin mənzərələrdən yaydıqları video-fotolardan çıxarış etmək mümkündür. Ən başlıcası, dövlətin bu işi millətlə birgə strateji planda həyata keçirməsidir. Bu yöndə strateji bir sənəd hazırlanır. Ondan sonra partiyaları, müxtəlif təşkilatları, beynin mərkəzlərini araya gətirmək lazımdır. Məsələ yanız qərb-şərq istiqamətində hücum planının hazırlanmasından getmir. Məqsəd ilk növbədə cəmiyyəti, xalqı tarixi keçmişinə bağlamaq, onun gənclərin həyatında özünə yer etməsinə təsir göstərməkdir. Bunun üçün görülməli çox işlər var, söhbət yalnız film çəkmək, dərslik hazırlamaqdan və ya əsər yazmaqdan getmir”.

Zahid Oruc. Foto: Meydan TV

“Biz 90-cı illərdə Qarabağ uğrunda savaşı xalq savaşına necə çevirdiksə, Qərbi Azərbaycan idealı da belə olmalıdır. Prezidentin obrazlı ifadəsi var: necə ki, vaxtilə Ağdama binokldan baxırdıq, 12-13 sentyabrdan sonra İrəvan və Göyçə Azərbaycan ordusunun strateji müşahidəsi altındadır. O zaman bizim o ərazilərə dinc qayıdışımıza şübhə etmirəm”, – deputat bildirib.

“Xankəndidə, Xocavənddə olan bir ovuc erməni Azərbaycan qanunlarına hörmətlərini ifadə etməlidirlər”

“Əgər Azərbaycan qərbi azərbaycanlıların qayıtması məsələsini beynəlxalq səviyyədə qaldırırsa, sabah Ermənistan da Gəncədən, Bakıdan, Sumqayıtdan gedən ermənilərin qayıtmasını gündəmə gətirəcək. Bəs bu, necə olacaq?” sualına gəlincə isə Zahid Oruc deyib ki, bu məsələlər arasında fərqlilik var:

“Birinci növbədə Xankəndidə, Xocavənddə olan bir ovuc erməni Azərbaycan  qanunlarına hörmətlərini ifadə etməlidirlər və bundan sonra vətəndaşlıq qazanmalıdırlar. Onunla paralel xalqımıza qarşı cinayətlərdə iştirak etməyən şəxslərdən bəhs edirik. Reinteqrasiya baş verdikdən sonra ikinci planda dediyiniz məsələyə baxıla bilər. Ancaq bu da yenə cəmiyyətin müzakirəsinə çıxarılmalıdır. Çünki həmin ermənilərin vaxtilə dəyişib, yaxud satıb getdiyi mənzili ilə bağlı təzminat davası açması mümkün deyil. Hər bir halda ermənilərin geri qayıdışını və burada yaşamaq istəyini min illər Qərbi Azərbaycanda yaşayanların geri qayıdışı ilə eyni tutmaq olmaz. Söhbət aborigen xalqın öz hisslərini dinc və sülh vasitəsilə həyata keçirməkdən gedir. Belə olduğu təqdirdə, bizim qarşı tərəfin iddialarına daha hüquqi cavablarımız var. Amma bir daha o situasiyada sülhdən, müqavilədən, birgə yaşayışın Qarabağda və ətraf ərazilərdə deyil, daha geniş ölçülərdə, ərazilərdə tapılmasından asılıdır”.

Deputat bildirib ki, Cənubi Qafqazda sayı sürətlə artan azərbaycanlılardır:

“Əlbəttə, bir sıra xarici dairələr istərdi ki, azərbaycanlıların sayı elə 3 milyonu keçməsin. Buna nail ola bilmədilər. Şükür olsun artmışıq və onlar da ordumuzun sayını təşkil etdilər. İndi isə Qərbi Azərbaycan idealını dövlətin daha geniş planda milli sənədinə çevirmək İlham Əliyevin tarixi liderliyindən irəli gəldi, qələbə bu şəraiti doğurdu”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.