Zəngəzur dəhlizi açılır: Hansı tərəf geri addım atacaq?

18-01-2023, 14:59   


Zəngəzur dəhlizi açılır: Hansı tərəf geri addım atacaq?


Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ötən gün Türkiyəyə səfər edib.

O, səfər zamanı türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb. Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğan da iranlı naziri qəbul edib.

Danışıqlar zamanı ikitərəfli və regional məsələlərin müzakirə olunduğu, eyni zamanda Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsinin aparıldığı bildirilib.

Qeyd edək ki, iranlı nazirin səfəri zamanı Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə olunduğu istisna olunmur.
Proseslərin başından bəri İranın Zəngəzur dəhlizinə qarşı olduğu və rəsmi şəxslərinin bu istiqamətdə açıqlamalar verdiyi hamıya məlumdur. Hərçənd ki, 10 noybar 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanatda da kommunikasiyaların açılması öz əksini tapıb.

Qardaş Türkiyə də bu məsələdə Azərbaycanın yanında olduğunu və Zəngəzur dəhlizinin açılmasının vacibliyini hər füsrətdə diqqətə çatdırır. İranda son baş verən proseslər, onlara qarşı təzyiqlərin və sanksiyaların artması fonunda artıq rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı məsələdə də mövqeyini dəyişə biləcəyi güman edilir. 

Hüseyn Əmir Abdullahiyanın da Türkiyəyə səfəri zamanı Mövlüd Çavuşoğlu və Rəcəb Tayyib Ərdoğanla görüşməsi də bunun göstərici kimi hesab olunur.

Ümumiyyətlə, bu səfəri tezliklə Zəngəzur dəhlizinin açılması istiqamətində “yolun görünməsi” kimi qiymətləndirmək olar? 

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində İran atdığı siyasi addımlarla regionda baş verən hadisələrə təzyiq göstərmək istəyir:

“Reallıq isə odur ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda kommunikasiyaların açılması ilə bağlı konkret maddə var. Üstəlik Bəyanatda Ermənistanın Baş nazirinin imzası var və dəhlizin açılmasında təəccüblü bir şey yoxdur.

Əslində Sovet dövründə belə bu dəhliz işləyib. İndi də bununla bağlı addım atmaq lazımdır. Onlar başa düşməlidir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolu açılmalıdır. Biz bunu özümüzdən kəşf etməmişik. Biz tarixi amillərə əsaslanaraq və Ermənistanın verdiyi sözlərə inanaraq bu sənədə imza atmışıq. Ümumiyyətlə, İran nədən narahat olmalıdır? Biz İrana heç vaxt təhlükə yaratmamışıq. Mən onların nədən narahat olduğunu başa düşmürəm”. 

Politoloq hesab edir ki, İranın xarici işlər nazirinin Türkiyə rəhbərliyi ilə görüşü zamanı Zəngəzur dəhlizi müzakirə olunub:

“Şübhəsiz ki, görüşlərdə Hüseyn Əmir Abdullahiyana bir sıra məqamlar çatdırılıb və hər şey ona başa salınıb. İran başa düşməlidir ki, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında quru yolu açılmalı və vətəndaşlar gedib-gəlməlidir. Burada qeyri-adi heç nə yoxdur. Düşünürəm ki, İran da artıq dalana dirəndiyini başa düşür.

Görünür, rəsmi Tehran Ankaradan müəyyən zəmanətlər eşitmək istəyirdi və eşitdi. Çünki Türkiyə bizim yanımızdadır və müəyyən mənada bizim qarantımızdır. Hesab edirəm ki, Türkiyə hakimiyyəti də bunu iranlı nazirə tam mənada izah etdi”.

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.