Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laçın yolu boyunca nəqliyyat vasitələrinin gediş-gəlişlərinin maneəsiz hərəkətinə şərait yaradılmasına çağırıb.
“Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulmuş parametrlərə uyğun olaraq Laçın yolu boyunca hərəkətin mümkün qədər tez açılmasının zəruriliyini vurğulayıb. Həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas yolları üzrə kompleks işin bərpası üçün bütün müvafiq məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə olunması vacibdir”, - Lavrov belə deyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Lavrovun açıqlamasına ciddi əhəmiyyət vermək lazım deyil. Laçın-Xankəndi yolu ilə bağlı məsələdə Azərbaycanın dövlət maraqları üstün tutulmalıdır:
“Larovun son açıqlamaları ilə həm Azərbaycana, həm də Ermənistana mesajlar verib. Bununla da Lavrov sanki balansı qorumağa çalışıb. O, Ermənistanın ünvanına deyib ki, Avropa İttifaqının missiyasını yenidən dəvət edirlər.
Lakin bu missiya uğur qazanmayacaq. Xarici işlər naziri qeyd edib ki, avropalı monitorinq qrupu ölkəmizlə sərhəddə fəaliyyət göstərsə də, Azərbaycan buna razı deyil. Lavrov eyni zamanda, Azərbaycanın da ünvanına “daş ataraq” Laçın-Xankəndi yolunu açmağa çağırıb. Guya bu yolun bağlanması 10 noyabr Bəyanatına ziddir. Lavrov özü üçün deyir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb. Bizim məqsədimiz var və ona çatmalıyıq. Azərbaycana məxsus qızıl yataqların qanunsuz istismarı davam etdirilir. Avtomobillərlə qanunsuz silah-sursat, minalar daşınır. Buna son qoyulmalıdır. Ona görə də belə bəyanatlara çox da fikir vermək lazım deyil”.
Ekspert bildirib ki, Sergey Lavrov son bir ayda Azərbaycanla bağlı müxtəlif açıqlamalar verib:
“Bunun heç bir təsiri olmayıb. Artıq 37 gündür ki, ekofəalların etiraz aksiyası davam edir. Ermənilər məyusluq içində idilər və hesab edirdilər ki, Rusiya aksiyanı dağıdacaq. Amma Rusiya təhlükəni nəzərə alaraq bu addımı atmadı. Çünki Ukrayna “bataqlığı”na düşmüş Rusiya Azərbaycanı da tərəfdaş kimi itirə bilərdi. Ona görə də Moskva məsələyə ehtiyatlı yanaşır. Lavrov da yəqin ki, Kremlin tapşırığı ilə Azərbaycana mesaj vermək istəyib.
Amma bu çağırışlar Azərbaycanın siyasətinə təsir göstərər bilməz. Əgər söhbət 10 noyabr Bəyanatının pozulmasından gedirsə, Lavrov bu müraciəti Ermənistana etməlidir. İndiyə qədər Zəngəzur dəhlizi açılmayıb, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmayıb, Ermənistan Azərbaycanın ərazi bütöblüyünü tanımayıb, Laçın-Xankəndi yolu ilə Qarabağa silah-sursat daşınıb, İran xəfiyyələri keçib. Çox güman ki, bütün bunları nazir Ceyhun Bayramov Lavrovun diqqətinə çatdırıb. Biz öz haqlı tələblərimizi irıli sürürük. Laçın-Xankəndi yolu Azərbaycan ərazisidir. Bu yolu Azərbaycan inşa edib və orada sərhəd-buraxılış, gömrük məntəqələri quraşdırmaq hüququna malikdir. Etiraz aksiyası nə zamansa başa çatacaq. Amma bundan sonra yolda Azərbaycan hərbçiləri dayanacaq və hərəkət edən nəqliyyat vasitələrini yoxlayacaq”.
Müşfiq Abdulla
Cebhe.info