2021-ci ilin yayında nüfuzlu ukraynalı siyasətçi Arsen Avakovun yerinə daxili işlər naziri vəzifəsinə Denis Monastırskinin təyinatını Prezident Volodimir Zelenskinin tipik və xarakterik kadr dəyişməsi adlandırmaq olar.
Təyin olunduğu zaman Monastırskinin 41 yaşı var idi, gənc idi, hüquq sahəsində səriştəli idi (hüquq elmləri namizədi idi), lakin heç zaman Ukraynanın ondan əvvəlki hüquq-mühafizə sisteminin bir hissəsi olmamışdı və heç bir siyasi təcrübəsi yox idi.
Prezident Zelenskinin qurmağı planlaşdırdığı ölkənin gələcəyi, görünür, Monastırski kimi insanlarla bağlı idi.
Onun rəhbərlik üslubu bütün səlahiyyətləri öz əlində cəmləşdirməyə çalışan sələfi Arsen Avakovun üslubundan tam fərqli idi: Monastırski vəzifəyə gələn ilk gündən rəhbərlik etdiyi sərhədçilərə, fövqəladə hallar xidmətinə, Milli Qvardiyaya maksimum sərbəstlik vermişdi.
Və öz nümunəsi ilə o, yeni hökumətin Daxili İşlər Nazirliyinə yanaşmasının dəyişdiyini nümayiş etdirirdi: nazir şəxsən məktəbdə yol hərəkəti təhlükəsizliyi dərsi keçirdi və ya ölkədə silahların sərbəst satışı ideyasını dəstəkləyirdi - bu, hüquq-mühafizə orqanları əməkdaşlarının yaşlı nəsli üçün ağlasığmaz bir hərəkət idi.
Washington Post qəzetinə müsahibəsində Monastırski xatırladıb ki, fevralın 24-nə keçən gecə Rusiya qoşunlarının Ukraynaya hücumu barədə Zelenskiyə ilk məlumat verən məhz o olub.
Bu gün səhər Monastırski komandası ilə birlikdə helikopterdə Kiyevdən "qaynar nöqtələrdən" birinə yollanırmış.
Qəzaya uğrayan helikopterdə Denis Monastırskinin birinci müavini və onun həmyaşıdı Yevgeni Yenin də olub. Yenin son dərəcə təcrübəli dövlət qulluqçusu olub.
Ukrayna Təhlükəsizlik Xidməti Akademiyasının məzunu olan Yenin on ildən çox diplomat kimi fəaliyyət göstərib, daha sonra isə üç il baş prokurorun beynəlxalq əməkdaşlıq üzrə müavini vəzifəsində çalışıb.
Məhz onun rəhbərliyi altında Kiyev Moskvaya qarşı beynəlxalq məhkəmə proseslərinə başlamışdı - Rusiya təcavüzünün Ukraynaya vurduğu ziyandan tutmuş, məsələn, “skif qızılının” qaytarılmasına qədər işlərlə bağlı.
Denis Monastırskinin komandasında Yenin, həmçinin digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa da cavabdeh idi.
Denis Monastırskinin ölümü prezident Vladimir Zelenskinin komandası üçün ciddi itkidir.
DİN rəhbərlərinin həlak olduğu qəzanın nə tərzdə baş verdiyi də Ukrayna üçün şok olub: helikopter Kiyevin yaxınlığında yerləşən Brovarı şəhərinin ortasında uşaq bağçasının üzərinə düşərək binanın bir hissəsini uçurub.
Hazırda bağçanın ərazisi dağıntılardan təmizlənir və təbii ki, Monastırskini vəzifəsində kimin əvəz edə biləcəyi sualı indi, yumşaq desək, yersizdir.
Eyni şəkildə, Kiyev də qəzanın səbəbləri ilə bağlı versiyaları səsləndirməkdən çəkinir: hələlik hüquq-mühafizə orqanları helikopterin Brovarı üzərində uçuşunu görənləri polislə əlaqə saxlamağa çağırıb.
Bununla belə, Ukrayna hakimiyyətinin nümayəndələri vurğulayırlar ki, Daxili İşlər Nazirliyinin bütün idarələri həmişəki qaydada işini davam etdirir, faciə isə idarənin işinin koordinasiyasına və ahənginə təsir göstərməyəcək.
BBC,com