İrəvandan Bakı və Ankaraya qarşı “U” dönüşü - Ermənistan ağıllanır?

19-01-2023, 10:44   


Paşinyan komandasının üzvü: “Türkiyə bizə düşmən və təhlükə deyil”; erməni bloger: “Rusiya Vardanyanın əli ilə Azərbaycanı təxribata çəkməyə çalışır ki, bölgədə hərbi varlığını uzatsın...”

Ermənistan-Rusiya münasibətləri ən gərgin dövrlərindən birini yaşayır. Hər halda, SSRİ dağılandan sonra ilk dəfə Gümrüdə - 102 saylı rus hərbi bazası önündə ardıcıl etiraz aksiyaları keçirilir, strateji müttəfiq sayılan Rusiyanın hərbi mövcudluğuna qarşı ölkədə açıq və sərt tələblər səslənir. Sözsüz ki, tədbirlər Nikol Paşinyan hökumətinin razı susqunluğu fonunda baş tutur. 

Əlbəttə, ideal olardı ki, Güney Qafqazda Rusiya hərbçiləri, ümumiyyətlə, olmayaydı - hər hansı statusda. Çünki tarixin acı təcrübəsi göstərir ki, harada rus əsgəri var, orada konflikt, qan-qada, ölüm-itim, məhrumiyyət var, nəinki barışıq, əməkdaşlıq. Bizim bölgə də əfsus ki, istisna deyil.

Ancaq bundan ötrü ən vacib şərt - Ermənistanın Türkə nifrət ritorikasına təcili son verib Rusiya vassallığından imtina eləməsi və bu fonda Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasıdır. “Yol xəritəsi” çoxdan masada. Başqa sözlə, bölgəmizdə daimi sabitlik rusun və fransızın, farsın və amerikalının yox, məhz erməninin verəcəyi rasional qərara bağlıdır.

Təəssüf ki, zavallı erməni hələ də öz xeyri ilə şərini ayırd edə, yaşadığı faciələrdən düzgün dərs götürə bilmir. Rusun qucağından düşməyə tələsmir. Yaxud qorxur. Anlamaq istəmir ki, Ermənistana da, erməni xalqına da təhlükə Türkiyə və ya Azərbaycandan yox, Rusiyadan qaynaqlanır. Kremlin regionda hələ də davam edən “Parçala, hökm sür!” imperiya siyasətindən mənbə götürür.    

Paşinyan indidən anklav məsələsindən imtina edir

Hərgah, ara-sıra İrəvandan ağıllı-başlı bəyanatlar da eşidilir. Məsələn, baş nazir Nikol Paşinyanın sədri olduğu hakim “Vətən Müqaviləsi” Partiyasından deputat Qurgen Arsenyan deyib ki, Ermənistanda Rusiyanın hərbi mövcudluğu əbədi deyil və Rusiya ordusu olmasa, Ermənistan Türkiyə üçün təhlükə yaratmayacaq, sadəcə, onun adi qonşusu olacaq.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, dünən yerli mediaya müsahibəsində söyləyib.

“Rusiyanın ölkəmizdəki hərbi mövcudluğu dövlətçiliyin ilk illərinin sivilizasiya baxışlarının nəticəsidir. Moskvanın Ermənistanda hərbi mövcudluğu əbədi deyil. Ermənistan özünün mümkün gələcək inkişafı təmin etmək üçün qonşuları ilə münasibətləri normallaşdırmağa doğru irəliləyir, mehriban qonşuluq münasibətləri üçün platforma yaradır. Bu, bizim siyasi komandamızın proqramıdır”, -  deyə Arsenyan qeyd edib.

Onun fikrincə, bu prosesin nəticəsi kimi təhlükəsizliyin qarantı olaraq Rusiyanın hərbi mövcudluğu nə vaxtsa əhəmiyyətsizləşəcək: “Bəlkə də hərbi mövcudluq qalacaq, amma önəmsiz olacaq. O, (hərbi mövcudluq - red.) təhdidlərə qarşı bir nömrəli əngəl olmayacaq. Bu zaman məsələsidir və həmin an erməni siyasi fikrinin inkişafı ilə paralel yaxınlaşır”.

İqtidar deputatının sözlərinə görə, keçən əsrin 90-cı illərdə Ermənistanın siyasi rəhbərliyi Türkiyədən ekzistensial təhlükəyə işarə edərək, Rusiyanın hərbi mövcudluğunu özü üçün “xilas kəməri” kimi qəbul edib. “Onlar Türkiyəyə işarə edirdilər. Ancaq Ermənistanda, Türkiyə ilə sərhəddə olan Rusiya hərbi varlığının əsas hədəfi əsla Ermənistanı qorumaq deyil. İlk növbədə Türkiyəyə yönəlik təhdiddir. Türkiyə isə bizi heç vaxt təhdid etməyib. Ermənistanın müstəqilliyi tanınandan sonra bizdə belə bir fakt yoxdur. Belə bir şey olmayıb. Və Rusiya ordusu olmazsa, ölkəmiz Türkiyə üçün təhlükə-zad yaratmayacaq, sadəcə, onun adi qonşusu olacaq”, - deyə Arsenyan əlavə edib.

Rusiya amili isə təəssüflər olsun ki, Qarabağda da sülhə yox, qarşıdurmaya xidmət edir. Azərbaycanla Ermənistan arasında ədalətli sülh müqaviləsini ən çox əngəlləyən, bu məqsədlə Brüsel prosesinə pəl vuran, separatçıları şirnikləndirən və himayə edən, ora Ruben Vardanyan kimi avantüristləri göndərən, iki xalqın barışıq prosesini hər vəchlə tormozlayan yenə Rusiyadır. Eyni məqsədlə sülh sazişinə “Qarabağ məsələsi gələcək nəsillərə saxlanılır” bəndini salmağa çalışan da Moskvadır. Guya Kreml Qarabağ ermənilərinin dərdini çəkir. Əslində isə bu yolla ixtilafın sonsuzadək davam eləməsinə və bu yolla bölgədə, Qarabağda öz hərbi varlığını sürdürməyə çalışır.

Kreml bu işin içindən necəsə çıxmalıdır...” » "Dünya" informasiya agentliyi

“Rusiya ilə heç bir bağlılığının olmadığını inkar eləsə də, Ruben Vardanyanı Qarabağa kimin göndərdiyi göz qabağındadır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Caliber.az-a erməni fəal, bloger İşxan Verdyan söyləyib.

“Heç kimə sirr deyil ki, Rusiyanın regionumuzla bağlı özünün uzunmüddətli planları var. Moskvadan bu və ya digər şəkildə dəfələrlə bəyan edilib ki, Kremlin planlarına öz qoşunlarının Azərbaycan ərazisindəki mövcudluğunu uzatmaq da daxildir. 2025-ci ildən sonra bunu etmək asan olmayacaq, çünki Azərbaycan artıq əvvəlcədən bəyan edib ki, razılaşdırılmış müddət bitdikdən sonra onların orada mandatını uzatmaq niyyətində deyil. Ona görə də həmin tarixədək situasiyanı hansısa yolla dəyişmək lazımdır, hansı ki, Vardanyan da elə bu işlə məşğuldur”, - bloger bildirib.

Onun fikrincə, R.Vardanyan bu məqsədlə Azərbaycanı hansısa təxribata çəkməyə çalışır ki, sonradan bunu beynəlxalq ictimaiyyət qarşısında “soyqırım”ın sübutu kimi təqdim edib rus hərbçilərinin Qarabağdan çıxmamasına əsas yaratsın.

Vardanyanın Qarabağ ermənilərinin Azərbaycanla təmaslarını mümkün qədər məhdudlaşdırmaq cəhdlərinə gəlincə, erməni fəal hesab edir ki, bu işdə başqa qüvvələrin də əli var. “Belə bir qadağa həqiqətən mövcuddur və onun icrasına özünü "milli təhlükəsizlik xidməti" adlandıran hərbiləşdirilmiş qeyri-qanuni birləşmə nəzarət edir. Bu, sadə sakinlərin Azərbaycanın hüquqi strukturları ilə hər hansı əlaqəsini ciddi şəkildə kəsən cəza orqanıdır. Vardanyanın gəlişindən əvvəl də belə idi, onun mümkün gedişindən sonra da belə olacaq. Burada problem daha fundamentaldır və onu həll etmək üçün vəziyyəti düzgün başa düşmək lazımdır. Qarabağ sakinləri terrorçuların tam nəzarəti altındadır və bu, Vardanyanın peyda olmasından xeyli əvvələ gedib çıxır", - deyə Verdyan vurğulayıb.

Onun qənaətincə, İrəvanın Bakıya qarşı ərazi iddialarından tam imtinası və Azərbaycanın öz ərazisində qərar qəbul etmək üçün suveren hüququnu tanıması əsasında dialoq formatına keçid əla bir həll variantı olardı. “Lakin hələ ki, Paşinyan bu addımı ləngidir”, - erməni şərhçi fikrini tamamlayıb.

Ancaq gec-tez belə də olacaq. Ona görə ki, Ermənistan dövlətçiliyini, erməni xalqını xilas eləməyin ayrı yolu qalmayıb. Bölgədə dayanıqlı sülh və əməkdaşlıq, qonşularla dinc-yanaşı mövcudluğa keçid Rusiyanın vasitəçiliyi ilə mümkün deyil, olmayacaq. Sadə səbəbə: Kremlə bölgədə sülh yox, konfliktlər lazımdır. Niyəsi də məlum...    

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.