Separatçı "Dağlıq Qarabağ respublikasının Dövlət naziri" Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində Stephen Sackur-un suallarını cavablandırıb.
Musavat.com xəbər verir ki, müsahibədə Vardanyan bir sıra məsələlərdə özünü çətin duruma salıb.
Vardanyan Ukraynadakı hadisələrlə bağlı suala cavab verməkdən yayınaraq yenə də ermənilərin "humanitar fəlakəti" haqqında cəfəng danışmağa başlayıb.
"Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq, bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı", - o deyib.
Müsahibə boyunca Vardanyanın ortaya qoyduğu mövqe bir daha onun Rusiyanın, Sarkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasına, Paşinyana müxalif olduğunu sübut edir. Çünki müsahibə boyunca aparıcının suallarından yayınaraq Ukrayna-Rusiya savaşı ilə bağlı Rusiyanın, Putinin əleyhinə bir cümlə də işlətmir. O, bu kimi suallardan açıq şəkildə yayınır.
Müsahibədə Vardanyan yenə də yalan danışaraq ermənilərin blokada şəraitində qaldığını, Azərbaycanın yolu bağladığını deyir. Halbuki, hər gün Laçın yolundan onlarla maşın buraxılır. Heç bir blokadadan söhbət getmir və bu, günlərdir ki, faktlarla sübuta yetirilib.
Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilərlə bağlı heç bir problemi yoxdur. Azərbaycanın tələbi budur ki, ermənilər ya Azərbaycan dövlətinin hakimiyyətini qəbul etsinlər, ya da oranı tərk etsinlər.
Elə müsahibədə aparıcı da bu məsələni qabardıb. Vardanyan isə yenə də riyakarcasına ərazidəki ermənilərin adından danışaraq deyib ki, biz Azərbaycanın bir hissəsi olmaq fikrində deyilik və 1988-ci ildən öz azadlığımız uğrunda mübarizə aparırıq.
Vardanyan unudur ki, Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil edib. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülüblər. Vardanyan deyir ki, min illərdir onlar “Artsax”ın müstəqilliyini düşünürlər. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır. Sözün ilkin forması "Ərsak" olmuşdur ki, bu ad da o ərazidə yaşayan sak tayfalarının igidləri, ərlərinin şərəfinə verilib. Ermənilər sadəcə sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırıblar. Bu gün də tarixi saxtalaşdırmağa çalışırlar ki, buna da nail ola bilməyəcəklər. Vardanyan yenə də yalanları ilə özü-özünü ifşa etdi. Onun yanında cəmləşən ermənilər yəqin ki, bu müsahibələrə baxırlar. Çox güman ki, onların da içərisində ağıllı adamlar var və Vardanyanın yanında cəm olmağın nə qədər təhlükə gətirəcəyini dərk edirlər.
Musavat.com