Rəsmi Kiyev Rusiyanı məğlub etmək üçün qərb ölkələrini Ukraynaya Almaniya istehsalı olan tanklar göndərməyə çağırıb.
Ukraynanın xarici işlər naziri Dmytro Kuleba BBC-yə bildirib ki, Almaniya “ukraynalı əsgərlərin həyatını xilas etmək” gücündədir.
Hələlik Almaniya buna razılıq verməyib və ölkənin ixrac qanunları Polşanın təklifinə də əngəl yaradır.
Bazar günü Baerbock Polşanın ixrac icazəsi ilə bağlı müraciət etmədiyini deyib.
“Hazırda belə bir müraciət yoxdur, əgər Polşa tərəfindən təklif gələrsə, buna mane olmayacağıq”, - almaniyalı nazir Fransanın LCI TV-yə müsahibəsində qeyd edib.
Polşanın Baş naziri Mateusz Morawiecki bazar ertəsi bildirib ki, təmsil etdiyi hökumət icazə üçün Berlinə müraciət edəcək. O əlavə edib ki, hətta bununla bağlı Almaniya ilə ortaq məxrəcə gəlinməsə belə, Polşa tankları Ukraynaya göndərəcək.
“Əgər kiçik koalisiya çərçivəsində bu məsələdə konsesusa gələ bilməsək, biz digər texnikalarla birlikdə tankları Ukraynaya göndərəcəyik”, Morawiecki deyib.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Josep Borrell Leopard tanklarının ixracı ilə bağlı Almaniyanın digər Avropa İttifaqı ölkələrinə qadağa qoymayacağını bildirib.
Avropalı rəsmi vurğulayıb ki, Ukraynaya dəstək sadəcə tanklarla məhdudlaşmamalıdır.
Ukraynanın xarici işlər naziri BBC-yə müsahibəsində Leopard tanklarını göndərmək istəyən ölkələri “dərhal və rəsmi şəkildə Almaniya hökumətinə müraciət etməyə” çağırıb.
“Bu addım bütün vəziyyəti aydınlaşdıracaq və bizə Almaniyanın mövqeyini görməyə imkan verəcək. Bunu dərhal etmək lazımdır”, - ukraynalı nazir deyib.
Kuleba milli televiziyaya müsahibəsində Almaniyanın tankları göndərəcəyinə “əmin olduğunu” bildirib.
“Biz artıq Britaniyanın Challenger-lərini almışıq. Onlar bunun mümkün olmadığını deyirdilər. Sonda həmişə arzuladığımız nəticəni əldə edirik.Almaniya tanklarını da alacağıq”, - Dmitro Kuleba qeyd edib.
Ötən həftə Morawiecki Polşanın 14 ədəd Leopard 2 tanklarını Kiyevə verməyə hazır olduğunu açıqlayıb.
Polşa prezidentinin xarici siyasət üzrə müşaviri Marcin Przydacz bazar ertəsi günü Almaniyanın xarici işlər nazirinin açıqlamasını müsbət qarşıladığını, lakin Almaniyanın yekun qərarının Kansler Olaf Scholz-un dilindən eşitmək istədiyini vurğulayıb.
Görünür danışıqlar və diplomatik fəaliyyət nəticəsində Polşa Almaniyanın mövqeyini dəyişməyə nail ola bilib”, Przydacz Polşa radiosuna müsahibəsində deyib.
Buna baxmayaraq, Polşa istəyir ki, Berlin və NATO-da yer alan digər müttəfiqlər də öz Leopard tanklarını Ukraynaya göndərsinlər, çünki rəsmi Varşava 14 Leopard tankının Ukraynadakı döyüşlərə ciddi təsir etməyəcəyini düşünür.
Bu arada, Rusiya Dumasının spikeri Vyaçeslav Volodin ABŞ və NATO-nun Ukraynaya dəstəyinin “dəhşətli müharibə” riski yaratdığını bildirib. O əlavə edib ki, Ukrayna ona verilən silahlarla “bizim əraziləri ələ keçirmək və sivil şəhərləri hədəf almaqda istifadə edə bilər ki, bu da Rusiyanı daha güclü silahlardan istifadə etməyə vadar edər”.
Leopard 2 tanları Rusiyanın Ukrayna ərazilərinin işğalında istifadə etdiyi T-90 tankları ilə rəqabət aparmaq üçün hazırlanıb.
Ehtimallara görə dünyada 2 mindən çox Leopard tankları mövcuddur və Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı məğlub etmək üçün 300 Leopard 2 tankına ehtiyac olduğunu bildirib.
Mövcud qanunvericiliyə görə, Almaniya istehsal etdiyi tankların Polşa kimi digər ölkələr tərəfindən üçüncü dövlətə ixracına sanksiya tətbiq etməlidir.
Cümə günü 50 müttəfiq ölkənin birgə iclasından sonra Almaniya tank təchizatı ilə bağlı və ya ixrac lisensiyası barədə hər hansı açıqlama verməyib. Lakin görüş çərçivəsində ölkələr birmənalı şəkildə tank ixracının qadağan edilməsinə qarşı olub.
Estoniya, Latviya və Litva xarici işlər nazirləri şənbə günü birgə bəyanat yayaraq, Almaniyanı “dərhal Ukraynanı Leopard tankları ilə təchiz etməyə” çağırıb.
BBC.com