Erməni revanşistlərin 14 may xülyası: “Ərdoğan gedən kimi...” - İrəvan yenə qaşınır

25-01-2023, 09:49   


Kapitulyant ölkə müharibəyə sürüklənir; sülh müqaviləsi yoxsa, müharibə də bitməyib! Azərbaycan isə “qızıl fürsət”i gözləməyi bacarır...

Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsindən yayınmaq üçün mümkün və qeyri-mümkün hər şeyi eləməkdədir. O, həm Qərb dövlətləri və Qərbin təsisatları istiqamətində inadla çalışır, öz ərazisinə, sərhədimizə sülhə dəxli olmayan cürbəcür “müşahidə missiyaları” gətirir, həm də nə qədər qəribə olsa da paralel surətdə əks qütb - İran və Rusiya trekində əlindən gələni edir.

Hədəf bəlli: ölkəmizə qarşı ərazi iddiasından imtina edə bilməyən (əks halda, Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsi çoxdan imzalanardı) İrəvan vaxt udmaq, ona qədər hərbi cəhətdən toparlanmaq niyyəti güdür. Ermənistan eyni zamanda regional və beynəlxalq şərtlərin onun xeyrinə dəyişəcəyinə ümid edir. Bu xüsusda hətta Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə belə bel bağlayır. O ümidlə ki, R.T. Ərdoğan daha seçilməyəcək və onun yerinə Qərbə “ləbbeyk” deyəcək, qardaş ölkəni təzədən “ikinci sort” ölkəyə çevirəcək, Azərbaycana, Şuşa Bəyannaməsinə isti yanaşmayacaq zəif və kosmopolit birisi gələcək. İrəvanı ruhlandıran həmçinin Qərbdə, özəlliklə ABŞ-da Ərdoğana qarşı artıq indidən əndazəni aşan açıq əks-təbliğat kampaniyasının başlanmasıdır. Hərçənd bu kimi cəhdlər Türkiyənin ayıq cəmiyyətində tam əks-effekt də yarada bilər.

Erməni rəsmilərin 2023-cü ildə də bitməyən irili-xırdalı siyasi hoqqalarının və oyunbazlığının, o sırada sülh müqaviləsini əngəlləmək üçün vaxtaşırı, qəsdən Bakıya qəbuledilməz şərtlər göndərməsinin əsas motivi bu.

Lakin Nikol Paşinyan və komandası unudur ki, bununla o, savaş ritorikası, müharibə təbliğatı aparır, öz xalqını sülhə hazırlamaq əvəzinə, yeni fəlakətə doğru sürükləyir. Çünki Azərbaycan heç bir halda Ermənistanın gözləntilərinin çin olmasına imkan verməyəcək. Əgər biz 30 ilə yaxın işğal dövründə məğlub statusda ikən (!) erməni tərəfinin əsas arzusunu gözündə qoymuşuqsa, 44 günlük Vətən müharibəsindən bunu etmək qat-qat asandır. Azərbaycan “qızıl fürsət”ə kimi gözləməyi bacarır. Bunu əyani şəkildə sübut da edib.

Erməni tərəfi, nəhayət, onu da anlamalıdır ki, sülh müqaviləsi yoxdursa, müharibə bitməyib. Yəni Ermənistan gerçəkdən, başının salamatlığını istəyirsə, İrandan, Hindistandan, Ukraynadan leqal və ya qeyri-leqal yollarla silah-sursat, PUA-dronlar daşımaq, habelə Avropadan Bakının razılığı olmadan hərbi geyimli “sülh göyərçinləri” çağırmaq yox, əsas qonşularla barışıq haqda düşünməlidir. “Resept” masada: Azərbaycanla sülh saziş. Prezident İlham Əliyevin dediyi kimi, bu, yığcam bir sənəd də ola bilər. Əsas odur tərəflər öz münasibətləri tarixində müharibə səhifəsini həmişəlik qapadıb dinc əməkdaşlıq yolunu tutsunlar.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Əfsus ki, Bakının və Ankaranın xoş məramı qarşılığında İrəvandan yenə revanşist bəyanatlar eşidirik, “bəlkə də qaytardılar” ritorikasını görürük. Özü də yüksək çinli rəsmilər səviyyəsində.    

“Azərbaycan çalışacaq ki, biz güclənənə və heç bir şəkildə əks-hücuma gedə bilməyənədək hər dəqiqə hücum etsin”.

Barıt qoxulu bu davakar açıqlamanı srağagün yerli jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan verib.

Onun iddiasına görə, ötən ilin sentyabrın 13-də Azərbaycanın hücumu dayandırılıb. Simonyan orduda islahatların aparıldığını da deyib. “Siz cəmi iki il əvvəl böyük müharibədən çıxmış ordunun hansı vəziyyətdə olduğunu unudursuz”, - deyə Simonyan bildirib.

Göründüyü kimi, Ermənistanın 1 nömrəli hədəfi heç də Azərbaycanla sülh anlaşması yox, maksimum qısa müddətdə hərbi cəhətcə güclənməkdir. Kimə qarşı?

Əlbəttə, Gürcüstana və ya İrana qarşı yox, Azərbaycana qarşı. Hədəf özünümüdafiəmi? Əsla. Hədəf - hücum edib qonşu ölkənin torpaqlarını təzədən işğal eləməkdir! Çünki Azərbaycanın Ermənistanın ərazisində gözü yoxdur - bu terrorçu dövlət tarixi Türk torpaqlarında yerləşsə də. Əks halda, Bakı İrəvana sülh müqaviləsi və onun ədalətli mətnini təklif eləməzdi. Demək, “qoltuğunda balta gəzdirən” Ermənistandır.

Avropa İttifaqı strateji dərman ehtiyatı yaradır

Təsadüfi deyil ki, Avropa İttifaqının (əslində Fransanın) Ermənistana 2 illik müddətə və daha böyük “müşahidə missiyası” göndərmək barədə srağagünkü, yumşaq desək, qeyri-rasional qərarı kapitulyant ölkədə təkcə hakimiyyət səviyyəsində yox, radikal çevrələrdə də məmnunluqla qarşılanıb.

“Küləyin” haradan əsdiyini yaxşı anlayan rəsmi Bakı, Azərbaycan XİN isə gözlənildiyi kimi, xəbərdarlığını dərhal edib: Avropa İttifaqının missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalı, sərhədlərin delimitasiyası prosesi də daxil, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir.

Təəssüf ki, bu narahatlıq boşuna deyil. Bir qucaqdan o birinə tullanmağı sevən erməniləri bizdən yaxşı kim tanıya bilər ki?..

*****

Beləcə, açıq-aydındır ki, İrəvan öz xoşu və bəzi qlobal aktyorların diktəsi ilə təzədən riskli oyunun içinə girib. Hansı ki, bu dəfə onun sonunu gətirə bilər. Ermənistan yenidən müharibəyə sürüklənir. Revanşistlər isə buna ağılsızcasına şans kimi baxırlar. “Dəmir qapaz”a yenə ehtiyac yarana bilər...   

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.