Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Hər halda bu gedişat belə düşünmək üçün əsas verir. Bəli, kollektiv Qərb Rusiyanı çökdürmək arzusuna hələlik çata bilməyib, bu yöndə davam etməyi hədəfləyir, bu səbəbdən silah yardımını artırmaqla müharibəni uzadır. Ukrayna da döyüşməyin əleyhinə deyil, çünki əraziləri işğalda ikən heç bir sülhdən söhbət gedə bilmədiyini anlayır. Rusiya isə atəşkəsə hazırdır, amma sülh danışıqları üçün heç bir şərt olmadığını bəyan edir. Beləliklə, tərəflər necə dil tapacağını bilmirlər, “qızıl orta” yoxdur.
“Yeni Müsavat” bildirir ki, paralel olaraq Belarus da Ukraynaya doğru hərəkətlənir, eyni zamanda Estoniyanın bütün haubitsa raketlərini Kiyevə verməsi haqda bəyanatı Kremli özündən çıxarıb. Bəzi ekspertlər deyirlər ki, Rusiya-Ukrayna müharibəsinin Avrasiyaya yayılması, yəni Belarusun Ukraynaya girməsi, paralelində Rusiyanın Estoniyaya da hücuma başlaması hər an baş verə bilər. Bu gözlənti doğrularsa, üçüncü dünya müharibəsinin başlaması rəsmiləşə bilər. Çünki Estoniya NATO ölkəsidir. Bu proqnozlar gerçəkləşə bilərmi? Yəni proseslər məhz buna doğru gedir, yoxsa hazırda Belarus, Estoniya ilə bağlı iddialar əsəb savaşından o yana keçməyəcək? Yeri gəlmişkən, Riqa və Moskva arasında diplomatik skandal yaşanmaqdadır.
Belə vaxtda isə Qərbdən yardımlar gəlməkdədir. ABŞ “Abrams M1" tanklarının Ukraynaya tədarükünü elan edə bilər. ABŞ Prezidenti Cozef Bayden yanvarın 24-də buna hazır olduğunu açıqlayıb: ”Polşa, çox güman ki, Ukraynaya “Leopard 2" tanklarını göndərəcək. Böyük Britaniya rəsmiləri isə yanvarın 16-da Ukraynaya ”Challenger 2" tanklarının göndəriləcəyini təsdiqləyiblər. Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya “Leclerc” tanklarını göndərməsi ehtimalını istisna etmir".
ABŞ analitiklərinin fikrincə, Qərb dövlətlərinin Ukraynaya tank tədarükü bu dövlətə Rusiya hərbçilərini məğlubiyyətə uğratmağa kömək edəcək: “Ukraynanın Ali Baş Komandanı Valeri Zalujnı əvvəllər bildirmişdi ki, əks-hücum əməliyyatları üçün 33 müasir döyüş tankı lazımdır”. Məlumata görə, Rusiya hakimiyyəti etnik azlıqları Ukraynada döyüşməyə səfərbər etmək üçün səylərini artırıb: “Ukrayna mənbələri işğal edilmiş Krımda gizli səfərbərliyin davam etdirildiyini söyləyirlər. Məlumata görə, Rusiyanın müdafiə sənayesi bazaları PUA və sursat istehsalını artırıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, bunun Rusiyanın silah tədarükünün tükənməsi ilə əlaqələsi yoxdur”.
NATO-nun Baş katibi Yens Stoltenberq isə deyib ki, blok Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq. O, alyansın bu ölkəyə əsgər və təyyarələr göndərmədiyini bildirib. Almaniya kansleri Olaf Şolz müttəfiqlərlə aylarla davam edən müzakirələrdən sonra “Leopard” döyüş tanklarının Ukraynaya təhvil verilməsinə razılıq verib. Bu barədə “Spiegel” nəşri yazıb. Qəzet iddia edir ki, Qərb ölkələri Berlinin bu qərarını dəstəkləyəcək. İlk mərhələdə 14 tank verilməsi nəzərdə tutulur. Norveç arsenalındakı 36 “Leopard 2" tankından səkkizini Ukraynaya verəcək. Bu barədə ”Dagens Naeringsliv" qəzeti yazıb. Nəşrin məlumatına görə, yaxın vaxtlarda Norveç hökuməti yeni tankların alınmasına da qərar verəcək. Bütün bunlar göstərir ki, Qərbin Ukraynanı müdafiə etməklə bağlı yanaşması dəyişməyib. Əsas məsələ budur ki, sona qədər dəstəyini davam etdirəcək.
Şahin Cəfərli
Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, gündəlik hadisələrin və arasıkəsilməz xəbər axınının içində bəzən unudulsa da, ən önəmli məsələ strateji qərarlardır: “Strateji qərarları bilirsinizsə, hadisələrin sonrakı axarını və mümkün nəticələrini təxmin etmək də çətin olmur. Ukrayna ilə bağlı ötən ilin yayında Qərbin (G-7, NATO, AB) qəbul etdiyi strateji qərar ondan ibarətdir ki, Rusiya bu müharibədə qalib gəlməməlidir. Qərarın icrası prosesində ləngimələr, çatışmazlıqlar, ”müharibənin yekunu necə olsun: 23 fevral 2022-ci ildəki duruma, yoxsa Ukraynanın 1991-ci il sərhədlərinə qayıdış?" sualına cavablarda fərqli rəylər ola bilər, amma bunlar ümumi strateji qərarı dəyişmir. Donbas cəbhəsində son 1 sutkada Rusiyanın 3 ədəd “Su-25" döyüş təyyarəsi və 4 ədəd ”Ka-52" hərbi helikopteri vurulub. Rusiya komandanlığının vurulma ehtimalının yüksək olduğunu bildiyi halda, hərbi aviasiyadan bu cür intensiv istifadə etməyə başlamasını bəzi hərbi ekspertlər artilleriya mərmilərinin qıtlığı ilə izah edirlər".
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Avropa İttifaqının rəhbəri Şarl Mişel bildirib ki, yaxın həftələr Ukrayna savaşında həlledici olacaq. “Mişel haqlıdır. Rusiya genişmiqyaslı hücuma hazırlaşır. Əgər Qərb ölkələri vəd etdikləri hərbi texnikanı Ukraynaya çatdırmaqda gecikərlərsə, işğalçılar irəliləyə bilərlər. Əksinə, hərbi texnika və sursat Kiyevə yaxın günlərdə çatdırlarsa, Ukrayna ordusunun müqavimət gücü artacaq. Ancaq Fransa və Almaniyanın timsalında hərbi texnikanın Ukraynaya yaxın günlərdə çatdırılacağı şübhə doğurur. Fransa daha çox Afrikadakı keçmiş müstəmləkəsi olan Burkino-Faso haqqında düşünür ki, bu ölkədəki hərbi varlığını davam etdirsin. Çünki Afrika ölkələrindən sovurmağa mənbələr çoxdur, Ukraynaya isə yardım əli uzadılmalıdır. Fransa isə ”alan" ələ öyrəşib", - deyə analitik düşünür.
Bu arada, Rusiya prezidenti Vladimir Putin son bir neçə ildə ukraynalı həmkarı Vladimir Zelenski ilə əlaqə saxlamayıb. Kremlin sözçüsü Dmitri Peskov RİA Novostiyə bildirib. Onun sözlərinə görə, 2019-cu ildən bəri Rusiya dövlət başçısının Ukrayna prezidenti ilə nə şəxsi, nə də telefon əlaqəsi olub: “Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə keçirilən ”Normand dördlüyü" sammitində görüşüblər. Orada Rusiya prezidenti Zelenskidən başqa, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel ilə də ikitərəfli görüşlər keçirib", - deyə Peskov deyib. Həmin sammitdən sonra, Kremlin saytında qeyd edildiyi kimi, Putin Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında danışığa çağırıb. O vaxtdan bəri heç bir əlaqə barədə məlumat verilməyib. 2021-ci il oktyabrın sonunda Kreml Kiyevin hərəkətləri və Zelenski ilə ünsiyyətdəki çətinliklər səbəbindən iki ölkə başçılarının görüşünün xüsusi perspektivinin olmadığını bildirib.
Onu da deyək ki, müharibə şəraitində, yanvarın 25-də 45 yaşını qeyd edən Ukrayna lideri haqda xanımı Yelena Zelenskaya bu sözləri yazıb: “İnsanlar məndən tez-tez soruşurlar ki, bu illər ərzində necə dəyişmisən. Mən isə həmişə cavab verirəm ki, dəyişməmişəm. O da eynidir. 17 yaşımız olanda tanış olduğum oğlan kimi. Ancaq əslində bir şey dəyişdi: daha az gülümsəyir. Mən sənə gülümsəmək üçün daha çox səbəb arzulayıram. Və bunun üçün nə lazım olduğunu bilirsən. Hamımız bilirik. Önəmli olan sağlamlığının yerində olmasıdır. Cansağlığı arzulayıram. Səninlə sonsuza qədər gülümsəmək istəyirəm. Mənə fürsət ver!” - Zelenskaya yazıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”