Laçın yolu üçün “iki həll variantı” - İrəvan “qırmızı xətti” keçir və savaşı tətikləyir

27-01-2023, 09:22   


Beynəlxalq tribunadan yalan danışan erməni nazir guya Azərbaycanın savaş ritorikasına kökləndiyini iddia edir; erməni nazirə rəsmi Bakıdan sərt cavab

Beynəlxalq səviyyədə havadarlıq edənlərin anti-Azərbaycan ritorikasından, müxtəlif platformalarda qəbul edilən qərəzli bəyanat və çağırışlardan stimul alan Ermənistan rəhbərliyi növbəti dəfə revanş cəhdləri göstərir. Xüsusilə də Avropa Parlamentinin absurd qətnamə qəbul etməsi, ardınca Avropa İttifaqının Ermənistana iki illik müddətə missiya göndərmək qərarı İrəvandakıların proseslərə qeyri-adekvat münasibət sərgilənməsini tətikləyib.

“Laçın dəhlizinin blokadasının götürülməsinin iki variantı var - hərbi və ya diplomatik”. Bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, son iki ildə Azərbaycanla münasibətləri normallaşdırmaq üçün “Ermənistan hökuməti vicdanla üç müxtəlif istiqamət üzrə danışıqlarda iştirak edib”. Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının blokunun açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması haqqında saziş və ya sülh müqaviləsidir. Mirzoyan bundan sonra ayrı-ayrılıqda bu istiqamətlər üzrə danışıb və iddia edib ki, guya bu danışıqlar üzrə razılaşma əldə edilməməsinin səbəbi Azərbaycanın mövqeyi olub. “Ümumiyyətlə, Azərbaycan gözləyir ki, Ermənistan yalnız onun bütün tələblərini qəbul etməlidir və istədiyini əldə etməsə, silahlı ritorikadan tutmuş bütün mümkün təzyiq vasitələrindən istifadə edəcək”. O, yenidən Laçın yolunda ekofəalların haqlı tələblərindən yan keçərək, bu dinc aksiyanı “Azərbaycanın Dağlıq Qarabağ əhalisinin etnik təmizlənməsinə yönəlmiş genişmiqyaslı və sistemli siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir” deyib. O, “BMT-nin müvafiq qurumlarının humanitar yardımların maneəsiz çıxışını təmin etmək üçün Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini” vurğulayıb. Mirzoyan deyib ki, “Laçın dəhlizinin blokadasının götürülməsinin iki nəzəri variantı var - hərbi və ya diplomatik”. Dərhal da əlavə edib ki, “Ermənistan ikinci varianta sadiqdir, lakin bu, yalnız beynəlxalq ictimaiyyətin qəti müdaxiləsi, Azərbaycana güclü təzyiq və konkret addımlar atacağı təqdirdə mümkündür”.

Azərbaycan bu təcavüzə dərhal son qoymalıdır: Konqresmen Laçin dəhlizinin  blokadası haqqında

Göründüyü kimi, beynəlxalq tribunadan yalan danışan erməni nazir guya Azərbaycanın savaş ritorikasına kökləndiyini iddia edir. “Laçın blokadası”nın aradan qaldırılması üçün isə hətta hərbi yolun mümkünlüyünü deyir. Amma Mirzoyan “diplomatik yol” dedikdə nəyi nəzərdə tutduğunu tam açıqlamır. Çünki bu diplomatik yol Avropadan keçmir, məhz Xankəndinə yerləşdirilmiş separatçıların mövqelərindən asılıdır. Əgər zamanında Azərbaycanın haqlı tələblərinə qulaq verib, dövlət rəsmilərinin monitorinq aparmasına şərait yaratsaydılar, bu vəziyyət yaranmayacaqdır. Ermənistan müharibədən haqlı olaraq ehtiyat edir, amma Azərbaycanın da belə bir istəyi yoxdur. Bakı da yaranmış vəziyyətin danışıqlar yolu ilə həllinə tərəfdardır. Amma erməni separatçıları bunu istəmirlər və o səbəbdən ermənilərin düşdüyü çətin vəziyyətə görə onlar günahkardırlar.

Rəsmi Bakı artıq A.Mirzoyanın cavabını verib. Bildirilib ki, 24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir. “Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır", keçmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir" - cavab reaksiyasında bildirilir. XİN ardınca bəyan edib: Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib. Eyni zamanda Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur".

Yeni dəhliz açılır, Laçın şəhəri tezliklə Azərbaycana QAYTARILIR

Kifayət qədər dəlil-sübutlara istinad edən bəyanatın yekununda bildirilir: “Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistan tərəfindən dəfələrlə səsləndirilmiş və sonuncu çıxış zamanı da təkrarlanmış ideyalarla əlaqədar qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”.

Beləliklə, rəsmi İrəvan getdikcə “qırmızı xətti” keçir və savaşı tətikləyir. Ermənistanın hökumət başçısı da növbəti dəfə “nala-mıxa” vurub. Ermənistan XİN rəhbərinin iddialarının ardınca baş nazir Nikol Paşinyan daha uzağa gedərək, “Dağlıq Qarabağ”a və Laçın “dəhliz”inə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin və bu məqsədə çatmaq üçün ardıcıl işin aparılmasının “vacibliyini” vurğulayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Paşinyan belə bir iddia ilə yanvarın 26-da Ermənistan hökumətinin iclasında çıxış edib. Baş nazir ardınca iddia edib ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması Azərbaycanın yeganə məqsədi deyil”. Ermənistanın hökumət başçısı qərəzli və əsassız iddialarında daha da irəli gedərək deyib ki, “Azərbaycan bu təxribat xarakterli hərəkətləri ilə sülh gündəmini, sülh danışıqları prosesini pozmağa, regionda yeni müharibəyə səbəb olmağa çalışır”.

Bununla belə, N.Paşinyan “təmkinli olmağa” çağırıb və “konstruktiv”, “sülh tərəfdarı” roluna girib. Sitat: “Əlbəttə, biz hamımız Laçın dəhlizinin bağlanması və Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı çox emosionalıq. Amma bir daha qeyd etməliyəm ki, bu situasiyada təmkinli olmaq və sülh gündəminə zidd olan söz və hərəkətlərin, xüsusən də dövlət məmurlarının istisna edilməsi lazımdır. Biz sülh gündəminin irəliləməsi üçün səylərimizdə ardıcıl olmalı və hər hansı təxribata görə bu gündəmdən yayınmamalıyıq”.

Paşinyan vurğulayıb ki, beynəlxalq ictimaiyyətin diqqətini “Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə qəsdlərinə” (?!-M.) cəlb etmək üçün iqtidar, müxalifət, vətəndaş cəmiyyəti, ermənilər və diaspor təşkilatlarının birgə səylərini davam etdirmək lazımdır. Paşinyan insan haqlarına və ölkələrin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə arxalanaraq, vəziyyətə “obyektiv və qərəzsiz” reaksiya verən ölkə və təşkilatlara təşəkkür edib.

O vurğulayıb ki, Azərbaycan uzun müddətdir ki, beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin ümumiyyətlə bağlanmadığına, Dağlıq Qarabağa qaz və elektrik enerjisinin verilməsi dayandırılmadığına inandırmağa çalışır. “Aydındır ki, Ermənistan və Dağlıq Qarabağ bunun əksini iddia edir. Hesab edirəm ki, bu ziddiyyəti de-yure həll etməyin ən yaxşı yolu Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərməkdir. Və biz bu istiqamətdə ardıcıl işləməliyik”, - Paşinyan ardınca deyib.

Azərbaycan dövlətinin məsələləri dinc yolla həll etməklə bağlı davamlı mövqe sərgiləməsinin qarşılığında sərt ritorikaya üstünlük verən, hətta sınıq-salxaq ordusu ilə “savaş”dan bəhs edən Ermənistanın bu davranışları prosesləri hara apara bilər? Toqquşmalar mümkünmü?

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsaavt”a bildirdi ki, Laçın yolu ilə bağlı Ararat Mirzoyanın səsləndirdiyi bütün iddialar əssasızdır və beynəlxalq ictimaiyyətin rəyinin Azərbaycaba qarşı yönəlməsinə, ölkəmizə qarşı təzyiqlərin stimullaşdırılmasına və Ermənistanın daha əlverişli şərtlərlə danışıqlar masasına qayıtmasına xidmət edir: “2021-ci ilin ikinci yarısından başlayaraq, rəsmi İrəvanın yürütdüyü siyasətin təməlində 44 günlük müharibənin nəticələrinin siyasi və diplomatik müstəvidə Ermənistanın xeyrinə dəyişməsi niyyəti dayanır. Yəni Ermənistan hərb meydanından məğlub ayrılsa da, diplomatik arenada, prosesin ən azı bərabər şərtlər çərçivəsində davam etdirilməsini arzulayır. Yəni istəyir ki, masa arxasında məğlub ölkə kimi deyil, Azərbaycanla bərabər statusda təmsil olunsun və 2020-ci ilin sentyabrına qədər olan zaman kəsiyindəki müzakirələrin predmeti olan məsələlər yenidən danışıqlar masasına yatırılsın, hərbi məğlubiyyət diplomatik qələbə ilə kompensasiya edilsin və statuslar, şərtlər müəyyən mərhələdə ən azı bərabərləşsin”. E.Mirzəbəyli hesab edir ki, Ararat Mirzoyanın Laçın yolu ilə bağlı iki variant barədə danışması isə təhrik xarakterlidir: “Hazırda Ermənistan və onun Fransa kimi havadarlarının ən böyük arzusu məhz hərbi yolun seçilməsidir. Rəsmi İrəvan və Paris, həmçinin onların üçüncü "bacısı" İran və digər “bacı” və “qardaşları” rəsmi Bakını emosional qərarlar qəbul etməyə və bu ilin ilk 6 ayı ərzində hərbi qarşıdurma üçün zəmin yaratmağa çalışırlar. Onlar bunun üçün hətta Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasında yaşayan erməniləri tamamilə qurban verməyə, mülki əhaliyə qarşı müxtəlif təxribatlar törətməyə də hazırdılar". Siyasi şərhçinin fikrincə, indiki məqamda Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan erməni əhalinin təhlükəsizliyi məsələsini daha fəal şəkildə gündəmə gətirməli, onların separatçı qrupların təzyiqi altında əzildiklərini, iradələrinə zor edildiyini, separatçıların və onları idarə edənlərin girovuna çevrildiklərini çoxsaylı təkzibolunmaz faktlarla beynəlxalq ictimai rəyə təqdim etməlidir: “Bu istiqamətdə Rusiya sülhməramlılarına qarşı da konkret tələblər irəli sürülməlidir. Nəyin bahasına olursa-olsun yumşaq güc siyasəti daha fəal, yeni komponentlər əlavə edilməklə davam etdirilməlidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.