“İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatsa da, hələ bitməyəcək”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, aksiya iştirakçıları mövcud rejimə qarşı qəzəblidirlər:
“İqtisadi vəziyyətin pisləşməsi ölkədəki aksiyaların əsas səbəblərindəndir. Mövcud rejim elektrik enerjisinin kəsilməsi və təbii qaz çatışmazlığı məsələlərinin indiyədək həll edə bilməyib. Bu da rejim əleyhinə etirazların artmasına gətirib çıxara bilər. Həmçinin, qarşıdakı aylarda və ya illərdə etiraz aksiyaları yenidən alovlana bilər”.
Maraqlıdır, İrandakı etiraz aksiyaları nə qədər davam edəcək?
Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, İrandakı etiraz aksiyaları öz məqsədinə nail olmayıb:
“Çünki onların konkret hədəfləri vardı. Bu hədəflərdən birincisi, indiki klerikalist İran rejimini ayaqda tutan və sistemli şəkildə həyata keçirilən total zülmlərin kökündən dəyişməkdir. Amma İrandakı aksiyaların üzərindən artıq aylar keçməsinə baxmayaraq, rejim qüvvələri nəinki reformlara və islahatlara doğru gedir, əksinə etirazçılara qarşı qəddar davranışları daha da artırır.
Təəssüflər olsun ki, beynəlxalq birlik tərəfindən gələn çağırışların heç birinə rejim tərəfindən normal münasibət göstərilmir. İnsanlara qarşı aqressiya davam edir, insan hüquqlarının təmin edilməsi ilə bağlı İranda nəinki köklü, hətta kiçik kosmetik dəyişikliklərin belə işartıları görünmür”.
Politoloq vurğulayıb ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatı həqiqəti ehtiva edir:
“Düşünürəm ki, İrandakı aksiyalar bundan sonra daha da güclənəcək. Əslində oradakı aksiyalar artıq tarixi bir missiyaya daxil olub. İranda ya köklü şəkildə islahatlar həyata keçirilməlidir, ya da rejim kökündən dəyişməlidir. Əks halda İrandakı aksiyaların hansısa bir formada səngiyəcəyi və yaxud da dayanacağını düşünmək sadəlövlük olardı”.
Elmir Mustafa
Cebhe.info