Türkiyədə mayın 14-də keçiriləcək kritik prezident və parlament seçkilərinə 100 gündən bir az çox vaxt qalır. Nəyə görə kritik? Ona görə ki, bu seçkilər nəinki ölkənin və regionun, ümumən dünyanın geosiyasi mənzərəsinə, o sırada Ukraynadakı müharibənin gedişini dəyişə biləcək təsirə malikdir. Bəzi siyasi müşahidəçilərə görə, hakim AKP üçün çətin bir seçki gözlənilir və bu, Azərbaycanın da gələcəyinə təsirsiz ötüşməyəcək.
Ərdoğanın öz görəvində qalması baxımından 14 may seçkiləri xüsusilə də Qərb, ABŞ üçün böyük önəm kəsb edir. Bunu Amerikada və Avropada heç gizlətmirlər də. Artıq indidən Birləşmiş Ştatlarda, bəzi Avropa ölkələrində və onların mediasında Türkiyə lideri əleyhinə, müxalifətin isə müdafiəsinə yönəlik çağırışlar səslənir, əks-təbliğat kampaniyası aparılır. Ərdoğan haqda hətta təhqiramiz fikirlərə yer verilir. ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo isə Türkiyə liderini “islamçı avtoritar” adlandırıb.
14 may yaxınlaşdıqca, heç şübhəsiz, Qərbdə belə provokativ xarakterli açıqlamalar və yazılar artacaq.
Konkret ABŞ-a gəlincə, Vaşinqtonda belə bir ümid var ki, qərbyönlü müxalifətin namizədinin qələbəsi ilə Türkiyə, nəhayət, anti-Rusiya koalisiyasına qoşulacaq. Lakin məlumdur ki, Ukraynadakı müharibəyə rəğmən, Ərdoğan-Putin, Türkiyə-Rusiya münasibətləri normal məcrada davam edir. Qardaş ölkə Rusiya üçün həm də xarici aləmə azsaylı və unikal “pəncərə”lərdən biridir. Bütün bunlar isə özəlliklə ABŞ-ın xoşuna gəlmir.
Bəs Rusiya qarşıdakı kritik seçkilərdə Ərdoğanın qələbəsinə hansı dəstəyi verə bilər? Söhbət həm də Türkiyə prezidentinin fiziki təhlükəsizliyindən gedir.
Yada salaq ki, 2016-cı ildə ABŞ-ın və “FETÖ”çülərin hərbi çevriliş cəhdinin iflasa uğramasında Rusiyanın Ərdoğan hökumətinə verdiyi kəşfiyyat dəstəyi heç də az rol oynamamışdı.
Fərəc Quliyev: “Qardaş ölkəyə qarşı ortada proje var”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hesab edir ki, bu gün Türkiyədə baş verənlər təkcə bölgəyə, Türkiyəyə, ümumilikdə, türk dünyasına aid məsələlər deyil: “Baş verən hadisələr böyük mənada dünya siyasətinin tərkib hissəsidir. Görürsünüz, nə qədər mərhələlərdə ciddi şəkildə savaşlar var. Birisi qardaş ölkəmizin yeni dizaynını istəyir, digəri hakimiyyət dəyişikliyini arzu edir. Bir sözlə, müxtəlif istəklər, toqquşmalar var. Biz Azərbaycan olaraq, əlbəttə, Türkiyənin daxili işlərinə qarışmırıq. Türkiyə xalqının iradəsinə hörmətlə yanaşırıq. Seçkilərdə kim qalib gələcəksə, türk xalqının iradəsinə Azərbaycan hörmətlə yanaşacaq. İndiki baxışlar ondan ibarətdir ki, Türkiyədə baş verən son hadisələrdə qardaş ölkə ilə birlikdə türk dünyası da güclənib. Diqqət edin, müxtəlif ölkələrdə mətbuatda gedən yazılarda, verilən şərhlərdə, açıqlamalarda buna qısqanclıqla yanaşırlar. Türkiyənin Suriyadakı addımları çoxlarını ciddi şəkildə qısqandırır. "Mavi vətən" deyilən dənizdə tutulan mövqelərini də qeyd etmək olar. Türkiyənin Qafqazlarda söz sahibi olmasını da qəbul etmək istəməyənlər kifayət qədərdir. Rusiya ilə Türkiyənin tarazlı siyasət yürütməsini də beynəlxalq güclər qəbul edə bilmirlər. İstəyirlər ki, ya Türkiyəni peykə çevirib, öz orbitlərində saxlasınlar, ya da birmənalı şəkildə öz cinahlarında görsünlər. Türkiyə isə alət olmaq istəmir.
Qardaş ölkə kimi davranan ölkələrdən biri də İsraildir. Amma İsrailə bu basqılar olmur. Türkiyə seçkilərinə etmək istədikləri müdaxilə yollarından biri də bunu saymaq mümkündür. MHP-nin türk ordusunda və təhlükəsizlik qüvvələrində kök salması kimi “narahatlıqları”nı israr edirlər. Açığı, Türkiyəyə indi yeni bir rəhbərlik gəlsə, baxışları belə Ərdoğanın baxışlarına uyğun olsa, yeni dizayn xeyli vaxt aparacaq. Yeni münasibətlər sisteminin qurulması da zaman istəyəcək. Ərdoğan və komandası bəzi məsələlərdə çox ciddi şəkildə işlər görüb. Açığı, onun şəxsi münasibətləri də bəzi məsələləri həll edib. Seçkilərdən sonra yeni hakimiyyətin özünə gəlməsi də zaman-zaman əks tərəfdə, qarşımızda dayananların da müəyyən qədər hərəkətlənmələrinə səbəb olacaq. Kimləri hara yerləşdirmələri çox ciddi sual olacaq. Ortada çoxlu suallar var. Bu gün Türkiyədə mövcud vəziyyətin, münasibətlər sisteminin dəyişməməsini arzu edirik. Türkiyənin hərbi sənaye kompleksini uğurla inkişaf etdirməsi çoxlarının qorxulu röyasına çevrilib. Qardaş ölkəyə qarşı ortada proje var. Hesab edirəm ki, məsələlərə əhali tərəfindən ayıq baxılacaq. Orada bir fərqli məqam var ki, türk insanı fərdi, partiya maraqlarını öndə tutmur. Milli maraqları daha çox önə çəkir. Məsələ iqtidarda, yaxud müxalifətdə kimisə sevmək məsələsi deyil. Görürsünüz, sadəcə ittiham edirlər ki, bunlar millətçidirlər, islamçıdırlar və s. Bunlar türk-islam mədəniyyətinə qarşıdırlar. Çalışırlar ki, Türkiyəni fərqli bir istiqamətə yönəltsinlər. Qardaş dövlət bu seçki savaşından uğurla çıxandan sonra imkanlarını daha da artırıb, artıq Türk Dövlətləri Təşkilatını da möhkəmləndirməlidir. Bu təşkilatı artıq “Türk NATO-su”na çevirmək barədə qəti şəkildə qərar verilməlidir. Düşünürəm ki, bu gün Türkiyənin apardığı siyasətə alternativ yoxdur və türk insanı da bunu müdafiə edir".
Əhəd Məmmədli: “ABŞ Türkiyəyə iqtisadi savaş açıb, hədəf Ərdoğanı devirməkdir”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerikanın bu dəfə Türkiyəyə məğlub olacağına əmindir. Onun sözlərinə görə, Ərdoğan ilk turdaca qalib gələcək: “Ağ Ev, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədəki seçkilərə müdaxilə etmək istəyəcək. Doğrudur, Türkiyə əvvəlki kimi deyil ki, istədiklərini etsinlər, amma yenə təsir rıçaqları amerikalıların əllərində qalır. Bu da təəccüblü deyil. Çünki 10 illərdir ki, yankilər, qardaş ölkədə öz adamlarını yerləşdiriblər. Demək olar ki, bütün vacib sahələrə yerləşdiriblər. Bunu illərdir ki, FETÖ-nün əli ilə ediblər. FETÖ vurulsa da, "kriptolar" hələ də tam təmizlənməyib. Həmçinin “kriptolar”ın əli ilə bu il Türkiyədə keçiriləcək prezident seçkilərində Amerika nəsə etməyə cəhd edəcək. Bunun işartılarını da artıq görürük. Əsasən iqtisadiyyat və maliyyə ilə Türkiyəni vururlar. Lirə düşür, inflyasiya hələlik qalxır. Düzdür, maaşlar, təqaüdlər də qalxır.
ABŞ Türkiyəyə iqtisadi savaş açıb. Əsas məqsədləri, yuxarıda qeyd etdiyimiz kimi, Ərdoğanı iqtidardan etməkdir. Bunu bir neçə dəfə müxtəlif səviyyələrdə açıq şəkildə səsləndiriblər. İndiki ABŞ prezidenti Bayden zatən əsas hədəflərinin Ərdoğan olduğunu bildirmişdi. Ancaq bu yöndə Bayden bir uğur qazana bilmədi. Bununla belə, qardaş ölkədə bu il keçiriləcək prezident seçkilərində uğur əldə etməyə çalışacaqlar. Uğurları isə müxalifətin sözəbaxan namizədini prezident kürsüsünə otuzdurmaqdır. Əbəs yerə Kılıçdaroğlu qaça-qaça Amerikaya getməmişdi. Görünür, təlimat almağa çağırmışdılar.
Cümhuriyyət qurulandan qardaş Türkiyədəki seçkilər ilk dəfə nəinki Avropanın, dünyanın manşetində olacaq. Bu da Ərdoğanın Türkiyəni bir dövlət olaraq hansı yüksəkliklərə doğru gətirdiyinin əyani sübutudur. Türkiyədəki seçkilərin nəticəsi Şərqi Avropa, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrikanın ən azı yaxın illər üçün taleyini həll edə bilər. Nəinki Azərbaycan türk və islam dünyası üçün Ərdoğanın hakimiyyətdə qalması ekstra vacibdir. Çünki Osmanlı Türkiyəsindən sonra Ərdoğan Türkiyəsi bütün türk və islam dünyası üçün təhlükəsizlik çətirinə çevrilib. Hətta Rusiya və Çin kimi nəhənglər belə güclü və müstəqil Ərdoğan Türkiyəsinə Qərblə mübarizədə ehtiyac duyurlar. Bu bizə bunu deməyə əsas verir ki, Türkiyədəki seçkilər dönəmində Moskva və Pekin, Vaşinqton-Brüssel cütlüyü və onların müxalifət adında yerli maşaları ilə mübarizədə Rəcəb Ərdoğan və AK Partinin yanında olacaqlar. Başda Azərbaycan olmaqla, türk dünyası, Pakistan və ərəb dünyasının da böyük qismi Tayyib Ərdoğana dəstək verəcək. Bir sözlə, Türkiyədəki seçkilərdə Şərqlə Qərb üz-üzə gələcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”