Bəri başdan deyək ki, Türkiyənin rəsmi adamlarının, böyük siyasi simalarının dilindən bu vaxta qədər bu xüsusda hər hansı təsdiqləyici açıqlama eşitməmişik. Bir dəfə yalnız Vladimir Jirinovski demişdi ki, guya prezident Rəcəb Tayyib Ərdoğan onunla söhbətində bildirib ki, ölkəsi NATO-nun sıralarını tərk edəcək. Amma Jirinovski öldü, qardaş Türkiyə isə özünün təhlükəsizlik çətirini dəyişmədi.
Bəs bu söz-söhbətlər haradan qaynaqlanır? Qeyd edək ki, elə bu günlərdə Türkiəyinin siyasi partiyalarından birinin lideri qeyd edib ki, guya ölkəsi yaxın beş-altı ayda NATO-dan çıxacaq.
Bu söz-söhbətlərin mənbəyi öz başlanğıclarını müxtəlif ziddiyyətlərdən götürür.
Bu ziddiyyətlərə ilk növbədə ABŞ-la Türkiyə arasındakı ziddiyyətləri aid etmək lazımdır – keçmişin iki çox yaxın hərbi-siyasi müttəfiqi arasında daha əvvəlki səmimiyyət yoxdur.
Söhbət təkcə ABŞ-ın F-16-ların Türkiyəyə satışını şərtləndirməsindən, məşhur "Petriot"ları öz müttəfiqinə verməməsindən getmir. Bəzən deyirlər ki, guya ABŞ heç vaxt Türkiyədən keçməz, çünki Ankara ona çox lazımdır. Amma həqiqət necədir? Əslində Türkiyə ABŞ üçün bir baş ağrısıdır. Vaşinqtonla Ankaranın maraqları, demək olar ki, əksər yerlərdə, müstəvilərdə toqquşur.
Bu, təkcə Yaxın Şərq məsələlərində özünü göstərmir, Ankara nəinki İrana qarşı, hətta hazırda Rusiyaya qarşı da fərqli, özəl bir siyasət yürüdür. Burada şəxsən prezident Rəcəb Tayyib Ərdoğana qarşı olan siyasi münasibəti də qeyd etmək lazım gəlir. Məgər bir neçə il bundan əvvəl Vaşinqton prezident Ərdoğanı devirmək istəməmişdimi?..
Elə NATO ilə də Türkiyə arasında ciddi ixtilaflar var. Ən birinci Yunanıstanla olan ziddiyyətləri qeyd etmək lazımdır. Bu ziddiyyətlərin on illərlə tarixi var. Onlar indi də tamam pik həddindədir.
Hazırda Türkiyəyə qarşı NATO daxilində daha bir problem də yaranıbdır. Bu da yeni üzvlərlə - İsveç və Finlandiya ilə bağlı məsələdir.
Türkiyə məlum səbəblərdən onların üzvlük protokollarını ratifikasiya etmək istəmir, İsveçdən kürd terroçu təşkilatları dəstəkləməsinə son qoymağı tələb edir. Ən son xəbərlərə görə, Helsinki artıq NATO-ya doğru tək, Stokholmsuz addımlamağı düşünür və bunun üçün də bu günlərdə Türkiyəyə qarşı silah embarqosunu da ləğv edibdir.
Bəs bu proseslərin sonu necə olacaq? Ankara unutmamalıdır ki, müsəlman dövlətinin NATO üzvü olmasından əndişələnənlər, bunu istəməyənlər çoxdur, özü də NATO daxilində. Vaxtilə Ankara soyuq müharibə dalğasında Alyansın üzvü olmuşdu, başqa bir vaxt heç kim onu Şimali Atlantika Blokuna üzv etməzdi.
İkincisi, aydın məsələdir ki, NATO üzvü olmaq Türkiyəni məhdudlaşdırır, Ankara daha çox müstəqil olmaq istəyir. Biz bunu yaxşı başa düşürük. Amma o da var ki, bir qurumun, təşkilatın üzvü olmaq öz hüquqlarının bir hissəsindən keçmək deməkdir. Əlbəttə, Vaşinqtonun Yaxın Şərq, İran siyasətində, hətta Rusiya ilə bağlı məsələlərdə müəyyən neqativ nüanslar tapmaq olar. Üstəlik, bir az əvvəldə qeyd etdik ki, ABŞ özü də Türkiyəyə qarşı səmimi siyasət yürütmür. Bura qondarma erməni “soyqırımı”nın tanınmasını da aid etmək olar. Amma sual yaranır: bəlkə Vaşinqton bunları Ankaranı bir növ cilovlamaq, cəzalandırmaqçün edir?
Təkcə Türkiyə yox, bir çoxları “geosiyasi şpaqat” etmək, müxtəlif geosiyasi qütblər arasında aralıq mövqe tutmağa çalışırlar. Amma bu elə də asan məsələ deyil. Düşünürük ki, Türkiyə özünün Avropa İttifaqına üzv olmaq üçün etdiyi uğursuz cəhdlərdən nəticə çıxarmalıdır. Bir vaxt qardaş Türkiyəyə Avropa İttifaqına üzv olmaq təklif olunmuşdu. Amma o vaxt Türkiyə hökuməti bunu dəyərləndirmədi. İndi NATO ilə də ixtilaf və ziddiyyətlər yaşamağa ehtiyac yoxdur, çünki əvəzedilməz üzvlər yoxdur, Brüssel Ankaranın Alyansdan çıxmaq haqqında söz-söhbətlərini ciddi qəbul edə bilər.
Həm də İran və yaxud da Rusiya kimi dövlətlərə münasibətdə aralıq mövqe tutmaq, onlarla mülayim davranmağa qəti ehtiyac yoxdur, çünki bunlar müvəqqəti siyasi rejimlərdir və gec-tez daha normal siyasi rejimlərlə əvəz olunacaqlar...
musavat.com