Viktor Nebojenko: “Moskvalıları psixoloji cəhətdən müharibəyə hazırlayırlar...”
“Hakimiyyət daxilindəki münaqişə mütləq Moskva küçələrinə sıçrayacaq”
Rusiyanın Ukraynaya geniş miqyaslı təcavüzünün onbirinci ayında Kreml rəhbərliyi öz təhlükəsizliyini gücləndirmək üçün geniş müzakirələrə yol açan addımlara əl atır. Belə ki, Rusiyanın bir neçə dövlət idarəsinin damında “Pansir-C1” Hava Hücumundan Müdafiə(HHM) sistemləri peyda olub.
“Qlavred.info” internet portalına verdiyi müsahibəsində “Ukrainskiy barometr” sosial xidmətinin direktoru, siyasətşünas və sosioloq Viktor Nebojenko Rusiyada dövlət binalarının damına HHM komplekslərinin qoyulması, Rusiyanın Ukraynadakı “qərarların verilməsi mərkəzlərinə” zərbə vurmağa hazırlaşması və digər bu kimi məsələlər barədə danışıb.
“AzPolitika.info” həmin müsahibəni təqdim edir:
-Rusiyada kütləvi şəkildə dövlət binalarının damına HHM sistemləri yerləşdirilir. Nə üçün müdafiəni belə kobud formada qururlar?
- İstənilən Rusiya generalının, məmurunun düşüncəsində hər şeydən gəlir götürmək, bunun qarşılığında isə həbsə girməmək və məsuliyyət daşımamaq durur. Rusiyadakı kütlənin və elitanın düşüncəsində xarakterik detallar hiss olunur. Əgər sabah hər hansı Ukrayna PUA-sı Moskvanın ətrafına zərbə vurarsa, o zaman Rusiya generallarının deməyə sözləri olacaq.
Yadımıza salaq ki, 1987-ci ildə almaniyalı həvəskar pilot Matias Rust SSRİ-nin bütün HHM-ni yarıb keçərək Qızıl Meydana yaxın yerə enmişdi. İndi Rusiya hərbçilərində qorxu var ki, hər hansı Ukrayna təyyarəsi Mixail Rustun etdiyini təkrarlaya bilər. Bəli, o zaman Qızıl Meydana bir şey olmasa da, bu hadisə generaliteti ciddi silkələmişdi. Sovet İttifaqının marşalları ilə birlikdə 25 general vəzifəsindən atılmışdı.
Əvvəla, Rusiya Federasiyası indiki generalların vecinə deyil. Rusiya generalları yalnız Putin qarşısında hesabat verirlər. Onlar deyirlər ki, biz səfərbərlik etmişik, Ukraynaya əsgər yollamışıq, əsgərlər ölüb. Onlar həbsxanadan “zek”ləri çıxarıb Baxmuta, Soledara göndəriblər və həmin adamlar orada həlak olublar. Yəni, generallar bildirirlər ki, biz tapşırıqları tam yerinə yetirmişik.
İkincisi, HHM sistemlərinin yerləşdirilməsi Moskvanı hərbiləşdirmək üçün lazımdır. Bunu etmək çox çətindir. İş ondadır ki, Moskva Rusiya Federasiyasında çevriliş, qətl, təqiblərlə bağlı baş verəcək hadisələrin yeganə böyük məkanıdır. Nə vaxt ki, Rusiya qaynayacaq, onda bütün bunların hamısı Sankt-Peterburq və ya Qroznıda yox, məhz Moskvada başlayacaq. Rusiyanın tarixi elə qurulub ki, hər şey paytaxtda cərəyan edir.
İndi hərbçilər Putinin tərəfində dura biləcək tankları Moskvaya doldura bilməzlər. Elə ona görə də başqa cür hərəkət edəcəklər və deyəcəklər ki, bəs, ukraynalıların hücumundan qorunmaq üçün Moskvadakı əsgərlərin iştirakını artırmaq lazımdır. Yox, əgər bu cür izahlar verilməzsə, paytaxtı təlaş bürüyəcək və moskvalılar suallar verməyə başlayacaqlar.
-Yəni, rusiyalılar heç bir hücuma hazırlaşmırlar?
-Yox, onlar bununla daxili qiyamdan, nümayişlərdən, hərbi çevrilişlərdən sığortalanmaq istəyirlər. Çeçenlərlə Rusiya milli qvardiyasının küçələrdə bir-birilə çarpışması da mümkündür. Kremldə bunun istənilən an baş verə biləcəyini anlayırlar. Hakimiyyət daxilindəki münaqişə mütləq Moskva küçələrinə sıçrayacaq. İndi artıq binaların damında Hava Hücumundan Müdafiə sistemləri yerləşdiriblər. Moskvada Ukraynadan gözlənilən hücum adı ilə çevrilişə qarşı hazırlıqlara başlanılıb.
Yəni, görünüşdə moskvalıları psixoloji cəhətdən müharibəyə hazırlayırlar. Bundan sonra ölkədə hərbi vəziyyətin elan edilməsinə bir addım qalacaq. Onlarda bu, başqa cür alınmır, hər hansı bəhanə lazımdır. Deməli, elə hadisə yaratmaq lazımdır ki, Moskva küçələrində “BTR” və hərbi patrulların peyda olmasını normal qarşılasınlar.
-Rusiyanın güc nazirliklərinin binalarının damlarına “Pansirlər” qoyulması onların Ukraynadakı “qərarların verilmə mərkəzləri”nə zərbə vuracaqları anlamına gəlmirmi?
- Rusiyalılar bunu çoxdan etmək istəyirlər, amma heç nə alınmır. Siz düşünürsünüz ki, onlar Ali Radaya və ya Prezident Ofisinə raket zərbələri vurmaq istməyiblər? Əlbəttə, istəyiblər. Kieyvdəki Şevçenko parkı yaxınlığında partlayışı xatırlayırsınızmı? Bu, elə məhz şəhərin mərkəzini vurmaq cəhdi idi. Ruslar üçün Ukrayna Nazirlər Kabinetinin xarabalıqlarını dünyaya göstərmək çox vacibdir. Ona görə də əgər heç olmazsa Ukraynanın bir dronu Moskvaya yönələrsə, yaxşı olar ki, o, Kremlin qüllələrinin birinə və ya Movzoleyə zərbə vursun. Yəni, bu zərbə rəmzi dağıntı yaratsın. Krım körpüsündə olduğu kimi. İndi bu körpü işləyir, ancaq Rusiyanın toxunulmazlığına rəmzi zərbə endirildi.
- Sizin dediyiniz kimi, əgər heç olmazsa dronlardan biri Moskvaya düşərsə, o zaman Rusiyanın reaksiyası necə olacaq? Bəllidir ki, çoxlu səs-küy qoparacaqlar, bəs, hər hansı praktik cavab veriləcəkmi?
- Heç nə. Ukrayna şəhərlərinin növbəti dəfə kütləvi raket atəşinə tutulmasından başqa heç nə. Rusiya artıq heç nə edə bilməz, nə nüvə silahı, nə də ki, ballistik raketlərdən istifadə edə bilməz. Rusiya NATO və ABŞ-la döyüşmür, hər hansı bir məntəqənin bombalanması Vaşinqton və ya Berlinə zərbə vurulması anlamına gəlmir. Axı, Qərb özünə qarşı nüvə hücumu olacağından qorxmur.
Əslində cəbhədəki hadisələrin necə getməsinə baxmyaraq, 2023-cü ilin əsas mövzusu raket-dron dueli olacaq. Hər iki tərəf bir-birinə ziyan vurmaq istəyir, amma Ukraynanın imkanları daha artıqdır.
Ukraynadan fərqli olaraq Rusiya maddi ziyan çəkmir, lakin Ukrayna rəmzi zərbələrlə reaksiya verir. Krım körpüsü, “Moskva” kreyseri, hətta Ukrayna dronları ilə Kremlin vurulması perspektivi. Məhz belə şeylər Rusiyanın ucqarlarından tutmuş, birinci şəxsinə kimi bütün rusiyalılara ciddi təsir edir. Ukrayna Rusiya üçün vacib rəmzi məna daşıyan yerləri vurmalıdır.
-Əgər Rusiyanın nüfuzuna belə zərbələr vurularsa, bu, Putin rejiminə necə təsir göstərər?
- Çox güclü təsir göstərəcək. Politoloji yanaşmaya görə, bu cür ölkələrdə iki tip ictimai müqavilə var. Birincisində hakimiyyət əhaliyə deyir: ”Siz siyasətə girişməyin, biz sizin rifahınızı təmin edəcəyik”. İyirmi il Putin məhz bu cür fəaliyyət göstərib, amma nə vaxt ki, ”Xüsusi Hərbi Əməliyyat”a başladılar, bununla da o, həmin müqaviləni pozdu. Belə bir müqaviləni Sovet hökuməti pozduğuna görə, insanlar “siyasətə girişdilər”.
Rusiyadakı ikinci tip ictimai müqavilə Stalin dövründə olub. Orada deyilirdi: ”Biz sizə təhlükəsizlik yaradırıq, əvəzində siz siyasətə qarşmayın”.
Əgər heç olmazsa, Ukraynanın cəmi bircə raketi Moskvaya çatsa, bu, o deməkdir ki, Putin elitanın və orta sinfin təhlükəsizliyini qoruya bilmir. Elə məhz buna görə Putin artıq dördüncü aydır ki, Krım körpüsündən danışır, axı bu körpü bir dövlətin başqa bir dövləti zəbtinin rəmzidir. Putinə Donbas elə də vacib deyil, ona ilk növbədə Krım lazımdır.
Bu səbəblərdən dolayı indi Valdayda da HHM sistemləri yerləşdirilir, çünki Ukrayna raket vasitələri Putinin rezidensiyalarının birini hədəf alacaq və onda Rusiyada deyəcəklər ki, Putin gizlənir. Əhali və elita belə bir qənaətə gələcək ki, Putin artıq onları qoruya bilmir. Bütün bunları nəzərə alsaq, Ukraynanın Rusiya ərazisindəki rəmzi yerləri vurması çox mühümdür.
-O zaman Rusiyada rejim dəyişikiyindən danışmaq olarmı?
- Yox. Lakin biz milyonlarla insanın başından vururuq ki, onları bir qədər fərqli düşünməyə başlasınlar. Biz anlamalıyıq ki, ilk əvvəl orada hansısa daxili çevriliş baş verəcək. Rusiya Federasiyası əhalisinin Putinə qarşı ayağa qalxacağı fikrindən vaz keçməliyik. Rusiyadakı hadisələr struktur daxilində “cərrahi vasitələrlə”, süni yolla baş verir. Öz çarlarını öldürmək rusiyalıların işi deyil. Rusiyalılar nə Stalini, nə Xruşovu, nə də hətta II Nikolayı öldürüblər. Romanovlarla bağlı məsələdə əhalinin heç bir rolu olmayıb. Çarın devrilməsinə heyranlıq duyulmamışdı və Sovet hakimiyyəti bunun nəticəsində güclənmədi. İnsanlar üçün çarın əhəmiyyəti yoxdu, amma hakimiyyəti ələ keçirənlər yaxşı bilirdilər ki, hakimiyyətlərini gücləndirmək lazımdır.
Çauşesku ilə də belə olub. Onu güllələdilər ki, tərəfdarları mübarizənin mənasız olduğunu dərk etsinlər. Putinin başına bir iş gələrsə, Rusiyada heç kim onun müdafiəsinə və ya əleyhinə qalxmayacaq. Bundan başqa, Putinin özü təhlükəsizliklə bağlı ictimai müqaviləni pozduğundan rusiyalılardan kömək istəyə bilməyəcək.
Qərb bunları gözəl anlayır və ona görə də Rusiyanın dağılmasını yox, yalnız rejimin dəyişdirlməsini tələb edir.
V. Nəsibov
“AzPolitika.info”