Moskva Ukraynada yeni siyasi platforma yaratmaq üçün addımlar atmağa başlayıb.
Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, Ukraynanın keçmiş deputatı Viktor Medvedçuk Moskvanın Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı siyasi hərəkat başlatdığını açıqlayıb.
Medvedçuk Ukrayna dövlətinin yenidən qurulmasının lazım olduğunu bildirib:
“Kiyev rejiminin başçısı Zelenskinin dünyaya sırıdığı kimi, Rusiyaya qarşı birləşmiş Ukrayna xalqı yoxdur. Zelenskinin siyasi xəttinə qarşı çıxan milyonlarla ukraynalı var. Mən hazırkı rejimə qarşı olan bütün qüvvələri “Başqa Ukrayna” bayrağı altında birləşməyə dəvət edirəm".
2014-cü ildən sonra Ukrayna parlamentində rusiyapərəst “Həyat uğrunda” siyasi hərəkata rəhbərlik edən Medvedçuk 2021-ci ilin mayında vətənə xəyanətdə şübhəli bilinərək ev dustaqlığına buraxılıb. Müharibə başlayan zaman 2022-ci ilin fevralında evindən qaçan Medvedçuk ötən ilin aprelində əsir götürülüb. O sentyabr ayında Ankarada Türkiyənin vasitəçiliyi ilə Rusiya tərəfinə təhvil verilib.
Musavat.com