Avropa İttifaqının (Aİ) Ermənistana 200 nəfərdən ibarət 2 illik müşahidə missiyası göndərməsi Moskva-İrəvan münasibətlərini kəskinləşdirib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) üç gün əvvəl verdiyi bəyanatda Ermənistan açıq şəkildə təhdid edilib.
XİN-dən verilən açıqlamada bildirilib ki, Avropa İttifaqı nümayəndələrinin Ermənistana gəlişi bölgədəki sabitliyə yalnız ziyan vura bilər: “Ermənistanın sərhədyanı bölgələrində, artıq ABŞ və NATO-nun əlavəsinə çevrilən və MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqı nümayəndələrinin görünməsi regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri kəskinləşdirə bilər. Avropa İttifaqının nəyin bahasına olursa olsun, Ermənistanda möhkəmlənmək və Rusiyanı sıxışdırıb çıxarmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionu dinc inkişafa qaytarmaq yolunda köklü maraqlarına ziyan vura bilər".
Açıqlamada həmçinin bildirilir ki, Qarabağdakı Rusiya sülhməramlıları və Ermənistan sərhədlərində keşik çəkən Rusiya sərhədçiləri yaxın gələcəkdə regionun sabitlik və təhlükəsizliyi üçün əsas faktor olaraq qalırlar.
Rusiya XİN xəbərdarlıq edib ki, rus sülhməramlı kontingenti hadisələrin inkişafından asılı olaraq Aİ müşahidəçilərinin davranışlarına yerində reaksiya verəcək.
“Ermənistan KTMT missiyası istiqamətindəki işini məntiqi sonluğa çatdırmaq əvəzinə Aİ-nin xeyrinə seçim edib”- deyə, Rusiya XİN bildirib.
Bu bəyanata İrəvan rəsmi səviyyədə cavab verməkdən çəkinsə də, deputatların vasitəsi ilə etiraz edib. Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vigen Xaçatryan bildirib ki, Rusiya XİN-in Qərbin və Ermənistanın ünvanına tənqidləri qısqanclıqdan başqa bir şey deyil.
Xaçatryan həyasızcasına yenə Rusiyanı Azərbaycanın haqlı tələblərinə qarşı lazımı reaksiya verməməkdə, sərhəddə təxribatların qarşısı alınarkən fəaliyyətsiz qalmaqda ittiham edib: “Rusiyanın və KTMT-nin öz missiyalarını yerinə yetirmələri üçün bütün imkanları var və onlar çoxdan nəsə edə bilərdilər, amma heç nə etməyiblər. Əgər onlar öz öhdəliklərini yerinə yetirsəydilər, bu problem ümumiyyətlə yaranmazdı. Ümumiyyətlə onların bizim xarici siyasətimizə qiymət vermək cəhdi düzgün deyil və mən bunu qeyri-diplomatik hərəkət hesab edirəm”.
Son vaxtlar ermənipərəst siyasətini genişləndirən Avropa İttifaqı da İrəvana dəstək verib. Aİ-nin operativ bəyanatında qeyd olunur: "Görünür, Rusiya Avropa İttifaqı missiyasının məqsədlərini düzgün başa düşmür. Rusiya yanlış olaraq düşünür ki, bizim qonşu regionumuza bu missiyamız ona qarşı yönəlib. Ən mühümü budur ki, bu, Rusiyanın borcuna qalmayıb. Aİ missiyası Ermənistan hakimiyyətinin sorğusu və azad qərarı əsasında başlanıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ayrı-ayrı siyasi oyunçuların girovuna çevrilməməlidir”.
Beləliklə, uzun müddətdir riyakar siyasət yürüdən Nikol Paşinyan hökumətinin Rusiya və Qərb arasında qəti seçim etməsi Ermənistanda daxili böhrana yol aça bilər. Rusiya XİN-in bəyanatında İrəvan açıq şəkildə təhdid edilib və atılacaq addımların anonsu verilib. Rəsmi Moskva bildirir ki, hadisələrin inkişafından asılı olaraq prosesə müdaxilə edə bilər.
Bu o deməkdir ki, Rusiya Gümrüdəki hərbi bazanı möhkəmləndirə, habelə Ermənistanın İran və Türkiyə sərhədlərinə yeni hərbi qüvvələr gətirə bilər. Daha sonra İrəvandan Avropa missiyasının çıxarılmasının tələb olunması, əks halda Ermənistanın paytaxtına ordu qruplaşmaları yeridiləcəyi ilə bağlı Paşinyan hökumətinə ultimatum verilməsi mümkündür.
Rusiya-Ukrayna müharibəsi göstərir ki, Kremli bu qərardan çəkindirəcək heç bir vasitə yoxdur. Moskva dövlət kimi mövcudluğunu Rusiyaya borclu olan Ermənistanı öz forpostu hesab edir, Qərbin uzunmüddətli yarımhərbi missiya ilə orada yerləşməsini bilavasitə öz maraqlarına təhdid sayır.
Bundan əlavə, Moskvanın Ermənistanda kifayət qədər hərbi, siyasi, iqtisadı rıçaqları var. Ölkə iqtisadiyyatının təxminən 40 faizi Rusiya şirkətlərinin əlindədir, dəmiryolları şəbəkəsi uzunmüddətli müqavilə ilə Rusiya Dəmiryollarının sərəncamına verilib. Habelə, Ermənistanın qaz, elektrik təchizatı da Rusiyadan asılıdır, İrəvanın “Qazprom”a milyardlarla dollar borcu var.
Xatırladaq ki, Ermənistan mavi yanacağı Rusiya nəhəngindən güzəştli qiymətə alır, əvvəllər bir neçə dəfə tariflərin dəyişdirilə biləcəyi barədə Paşinyan hökumətinə xəbərdarlıq edilib.
Siyasi səhnədə Kremldən idarə olunan keçmiş elita veriləcək əmrlərə müntəzirdir, 44 günlük müharibədən sonra onlar Ermənistanda siyasi böhran yaratmaq imkanlarına malik olduqlarını nümayiş etdiriblər. Habelə, hökumətdə, orduda, polis və təhlükəsizlik qüvvələrində də kifayət qədər böyük casus şəbəkəsi fəaliyyətdədir. Düymənin basılması kifayətdir ki, Ermənistan yenidən post-müharibə gündəliyinə qayıtsın.
Ekspertlərə görə, Paşinyanın Ermənistanın faktiki sahibindən üz çevirməsi, Qərbi seçməsi Moskvanı bu dəfə onu devirməsinə, hətta fiziki cəhətdən məhv etməsinə gətirib çıxara bilər...
E.Rüstəmli
“AzPolitika.info”