İrana hücum əmri bu ünvanlardan verilib – Mühüm plan haqda sensasion məlumatlar

29-01-2023, 17:28   


 

İrana hücum əmri bu ünvanlardan verilib – Mühüm plan haqda sensasion məlumatlar

İrana gerçəkləşdirilən hava hücumunun müəllifinin kim olması haqda hələlik rəsmi məlumat yoxdur. Tehran səssizliyini qoruyur. Digər tərəfdən isə sosial şəbəkələrdə hücumla bağlı əsas iki versiya səslənir. Bunlardan birinci hücumun Xalq Mücahidləri Hərəkatı tərəfindən həyata keçirilməsidir. Məhz bu təşkilat İranda islam inqilabının gerçəkləşməsində böyük pay sahibi olsa da sonrakı dönəmlərdə Xomeyni ilə yaşanan fikir ayrılığı təşkilatın İran idarəçiliyindən uzaqlaşması ilə nəticələnib. Teokratik rejimin təşkilata qarşı böyük təqiblərindən sonra onun İran ərazisindəki bütün dayaqları sarsıdılıb və nəticədə Xalq Mücahidləri Hərəkatının rəhbər heyəti ölkəni tərk edib.

Maraqlı məqam isə uzun illər Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan Xalq Mücahidləri Hərəkatının bir neçə il bundan öncə qara siyahıdan çıxarılması olub. Nəticədə İranda vəziyyətin gərginləşməsindən az öncə təşkilatla ABŞ arasında əlaqələr sıxlaşdırılmaqla bərabər Vaşinqtondakı konservativ qüvvələrin onlara dəstəyi pik həddə çatıb. Buna da əsas sübut kimi ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeonun (həmçinin MKİ şefi olub – red.) Xalq Mücahidləri Hərəkatına verdiyi dəstəyi, eləcə də onun təbliğat kampaniyalarında yaxından iştirakı göstərilə bilər.

Digər tərəfdən isə diqqət çəkən məqam təşkilatın üzərindən terrorçu damğasının götürülməsindən sonra onun özünə baş qərargah kimi seçdiyi Albaniyada aktivliyini artırması olub. Məhz bu amil keçən ilin sonlarına yaxın İranın Albaniyadakı gizli fəaliyyətini və nəticədə rəsmi Tirananın Tehranın bütün diplomatlarını bir gecə içində ölkədən qovmasını anlamağa yardımçı olur.

Bununla belə, Xalq Mücahidləri Hərəkatına Qərbdən böyük dəstək verilsə də onun bu dərəcədə miqyasda hücumları gerçəkləşdirmək imkanları məhduddur. Təşkilat ən yaxşı halda hücumları terakt səviyyəsində təşkil etmək imkanındadır ki, bu da dünənki hücumun xarakteri ilə üst-üstə düşmür. Üstəlik, Xalq Mücahidlərinə PUA ilə hücum üçün baza rolunu oynayacaq ölkə də lazımdır ki, indiki dönəmdə öz ərazisini ona təqdim edəcək dövlətlər yox səviyyəsindədir.

İkinci və daha real versiya isə İsraildir. Hadisələri maraqlı edən əsas məqam onun İsraildə baş verənlərlə paralel olaraq yaşanmasıdır. Rəsmi Təl-Əvivə görə, Qüdsdə yaşanan son terakt Fələstindəki terror təşkilatları vasitəsilə törədilib ki, İsrail də onların hamısını İranla sıx əlaqələrdə günahlandırır. Üstəlik, sinaqoqa hücum təxminən Holokostun anım günü ilə eyni vaxtda təsadüf edib. Bunun da son zamanlar Tehrana qarşı təhdidlərini artıran Netanyahuya mesaj xarakteri daşıması ehtimalları yüksəlib.

Ən diqqət çəkən məqam isə İrana hücumun baş nazir Benyamin Netanyahunun Təhlükəsizlik Şurasının iclasının keçirməsindən az sonra gerçəkləşməsi olub. Məhz bu iclasdan sonra jurnalistlərin qarşısına çıxan Netanyahu heç bir hədəf göstərməyərək ölkəsinə istənilən hücumun cavabını ən sərt formada veriləcəyini bildirib. Önəmli məsələ isə İrana hücumla eyni anda İsrail aviasiyasının Suriyadakı SEPAH bazalarına zərbə endirməsi olub.

Bununla belə Netanyahunu İrana hücuma vadar edən əsas məqam Qüdsdəki teraktın birbaşa onun hökumətini hədəf almasıdır. Məhz bu hücumdan sonra hökumətdəki ultrasağçı partiyaların aktivliyi yaşanır ki, burada da əsas aktivliyi Milli Təhlükəsizlik naziri İtamar Ben Qvir nümayiş etdirib. Bu isə Netanyahu hökumətinin daha səssiz yol seçməsi imkanlarını azaltmaqla bərabər, onun mövcudluğu üçün təhdid yaratmağa başlayıb.

Ən maraqlı məqam isə İran hücumdan bir gün öncə İsraili ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin ziyarət etməsi olub. Onun Netanyahu administrasiyası ilə bağlı olan bütün təmasları tam məxfi saxlanılıb. Üstəlik, MKİ şefi ilə yanaşı sabah İsraili ABŞ dövlət katibi Entoni Blinkenin də ziyarət edəcəyi gözlənilir. Bu səfər zamanı isə əsas müzakirə mövzusunun məhz İran olacağı güman edilir.

İsrailin hücumun arxasında dayanması ehtimalını artıran başqa məqam isə insidentdən bir neçə gün öncə ABŞ ilə İsrail arasında keçirilən genişmiqyaslı təlim göstərilə bilər. Belə ki, bu təlimdə İsrail və ABŞ İrana hücumun imitasiyası üzərində də məşq ediblər. Maraqlı məqam isə təkcə keçən il ərzində İsrailin keçmiş baş qərargah rəisi Aviv Koxavi və keçmiş müdafiə naziri Benni Qantz hərəsi ayrı-ayrılıqda ən azı iki dəfə Vaşinqtonu ziyarət ediblər ki, mətbuata onların Vaşinqtona İrana hücum əməliyyatı planlarının dəqiqləşdirilməsini aparmaq üçün yollandığına dair informasiyalar sızdırılıb. Bu səfərlərdən sonra ABŞ rəsmilərinin, o cümlədən Vaşinqtonun İran nümayəndəsi Robert Mallinin Tehran ritorikası həddən artıq sərtləşdirilib.

Ən önəmlisi isə İsrailin 2021-ci ildən başlayaraq İrana hücum əməliyyatının üzərindən aktiv çalışması və bu hazırlığını tam olaraq 2022-ci ilin mayında bitirməsidir. Bu da dünənki hücumun necə sürətli və uğurlu aparıldığını anlamağa kömək edə bilər.

Görünən odur ki, İsrail artıq İrana uzun müddətdir planlaşdırdığı hücumun ilk real məşqini həyata keçirmiş olub. Bununla belə bunu İranın nüvə obyektlərinə hücum və İranın nüvə silahı əldə etməsini məhdudlaşdırmaq cəhdi adlandırmaq doğru olmazdı. Lakin bu, böyük hücumdan öncə Tehrana həm də Qərb tərəfindən verilən mesaj kimi anlaşıla bilər. Bunu ən azından İranın PUA zavodunun hədəf alınması və böyük zərərə məruz qoyulması da göstərir. Çünki bu zavodun Rusiyanın Ukraynada uğur qazanmasında böyük rolu olub. Beləliklə Vaşinqton Avrasiyada artıq qəti hərəkətə keçməyə başlayıb. Bu da növbəti mərhələdə hələlik ən zəif rəqib sayılan İranın əsas hədəfə çevrilməsi imkanlarını artırıb. Ən azından səfirlik teraktından sonra ABŞ dövlət katibinin müavini Karen Donfridin açıqlaması da Vaşinqtonda bu planın artıq mövcud olduğunu göstərir. Bundan isə hər kəs özəlliklə İsrail maksimum yararlanmağa cəhd edəcək. Nəticədə cari il İran üçün qırılma anı olacaq./Globalinfo.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.