Bomba daşıyan dronlar niyə İrana uçur? – İsrail ölüm-dirim savaşına qalxıb

30-01-2023, 10:39   


Yanvarın 28-də gecə saatlarında İranın böyük şəhərlərində yerləşən hərbi təynatlı obyektləin İsralin qırıcı dronları tərəfindən bombalanmasından sonra növbəti dəfə iki dövlət arasındakı münaqişənin qızğın hərbi bazaya keçəcəyi, regionda qanlı müharibə başlayacağı və bunun tezliklə III dünya müharibəsinə çevriləcəyi barədə söz-söhbət artıb.

III dünya müharibəsinə dair ehtimallar şişirtmə ola bilər, çünki azı 10 ildir dünyanın harasında lokal səciyyəli hərbi münaqişə başlayırsa, dünya politoloqları dərhal III dünya müharibəsinin başlamaq üzrə olduğunu bəyan edirlər və hər dəfə gümanları doğrulmur. Dünyanın bir çox yerlərində hərbi konfliktlər olsa da, hələlik dünya dövlətləri iki cəbhəyə bölünərək döyüşmürlər. Hər ölkənin öz dərdi, öz intriqası var.

Ona görə də İsrail və İran arasında permanent müharibə başlasa, bu, elə İsrail-İran müharibəsi olacaq. Buna region dövlətlərindən nə Türkiyə, nə Azərbaycan, nə Rusiya, nə də Pakistan qarışmayacaq. Ancaq ola bilər ki, ABŞ, Avropanın bir sıra ölkələri, eləcə də bəzi ərəb ölkələri İrana qarşı cəbhə alsınlar. İran tərəfdən kim müharibəyə qoşulacaq? Çinmi, Ermənistanmı, Hindistanmı, uzaq Venesuelamı? Ağlabatan deyil.

iran-izraily_1.jpg (69 KB)

Bəs həmsərhəd olmayan bu iki dövlətin – İranla İsrailin arasındakı bölünməyən “nifaq alması” nədir? Əsas sual budur.

Tarixdən məlumdur ki, yəhudilər və farslar arasındakı qarşıdurmanın kökü qədimdir. Çox qədimlərdən bu iki qövm bir-birini məhv etmək istəyir. Hərçənd ötən əsrin ortalarında, xüsusilə də 1960-ci illərdən başlayaraq 1979-cu ilə qədər İranla İsrail arasında dostluq-müttəfiqlik münasibəti hökm sürüb. O zaman kəsiyində dövlət səviyyəsində İsrail və şah İranı sadəcə müttəfiq deyildilər, hər iki ölkə mühasirə vəziyyətində olduğundan bir-birinə möhtac idilər və ortaq düşmənləri vardı – hər iki dövlət ərəb dünyası ilə əhatə olunmuşdu. Bu dövlətlər həm yəhudilərin, həm də farsların dövlətini xor görürdülər. Ona görə də İsrail və İran tez bir zamanda bir-birinə strateji tərəfdaş oldular.

banner-14-1.jpg (258 KB)

O vaxtlar qədim İranı dövlət kimi tanıyan ölkələr çox olsa da, yeni yaranmış İsrailin tanınması müşkül idi. İslam dünyası buna müqavimət göstərirdi və ərazicə cırtdan dövlət sayıla biləcək İsrailin yaranışını qanunsuz sayırdılar. Belə bir dönəmdə İran regionda yəhudi dövlətini faktiki olaraq tanıyan yeganə müsəlman ölkəsi oldu.

Sonrakı illərdə İsrail şahın kəşfiyyat orqanı SAVAK-ın yaradılmasında İrana məsləhətlər verib. Buşəhrdə nüvə reaktorunun tikintisinə də İsrailin yardımı mühüm olub. Yəhudilər sonradan bu reaktorun onların başına bəla olacağını, iranlıların buradan nüvə silahı əldə etmək üçün yararlanacaqlarını düşünməyiblər. Hazırda Buşəhr nüvə reaktoru İsrail raketlərinin nişangahındadır.

Şahın dövründə İran da İsrailə borclu qalmayıb. Yom Kippur müharibəsi zamanı Tehran yəhudi dövlətinə 25 ədəd “Fantom” döyüş təyyarəsi verib. Məlum səbəblərdən hər iki tərəf öz əlaqələrini gizlətməli olub, İsrail hərbçilərinin İrana tez-tez baş tutan səfərlərini gizli saxlamaq üçün Tehran hava limanında əsas terminallardan uzaqda xüsusi terminal açılıb.

İran və İsrail arasında xüsusi neft kəmərinin fəaliyyət göstərməsi faktı da var. Bu kəmər Cənubi Aşkelonun şimalından Eylatın şimalına qədər uzanırmış. Tankerlər İran neftini İsrail sahillərinə gətirir, neft kəmərinə yükləyir və “qara qızıl” oradan dünya bazarlarına axırmış.

8888.JPG (90 KB)

1979-cu ildə İranda islam inqilabı baş verdikdən və hakimiyyətə teokratik qüvvələr gəldikdən sonra iki dövlətin bütün münasibətləri pozulub, açıq düşmənçilik səciyyəsi alıb.

Düşmənçiliyin körükçüləri İran ayətüllahları olub. Yəhudilərdən olsa, qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq davam edəcəkmiş. Çünki 1979-cu ildə ərəb dünyasının bir-iki ölkəsi istisna olmaqla yerdə qalanı İsrail düşmənçiliyini davam etdirirdilər və İsrailə əlavə düşmən lazım deyildi.

Fəqət belə olmadı. İsrailin Fələstinin müstəqilliyini tanımaması, muxtariyyat versə də, ərazisini işğal, əhalisini basqı altında saxlaması uzun illər ərəb dövlətlərini bu ölkəyə qarşı düşmənçilik aparmağa sövq etdi. Başqa vaxt ciddi məzhəb ayrımçılığı edən İran şiəliyi dövlət siyasəti səviyyəsinə qaldırsa da, yaranmış situasiyada Fələstinin sünni icmasına böyük dəstək verdi. Hazırda sünni müsəlmanlarla yəhudilərin münasibəti bir xeyli dərəcədə ilıqlaşmış olsa da, İran məhz Fələstin probleminə görə İsraillə düşmənçiliyi sürdürməkdə davam edir.

327518303_560274279493221_4352464043007042189_n-1675025585.jpg (123 KB)

Bu ölkənin siyasi, ruhani və hərbi liderləri vaxtaşırı İsraili dünyanın siyasi xəritəsindən siləcəklərini bəyan edirlər. İsrail dövlətini idarə edənlər bu hədəni olduqca ciddiyə alırlar və təkcə ona görə haqlıdırlar ki, İran öz daxilindəki kasıbçılığa, hiperinflyasiyaya baxmayaraq, hərbi qüdrətini artırdıqca artırır, yeni-yeni ballistik raketlər, modern dronlar hazırlayır, nüvə silahı əldə etmək üçün böyük vəsait və enerji sərf edir. İsrail bunu birbaşa özünə qarşı təhdid sayır. Bu ölkədə əmindirlər ki, İran nüvə silahı əldə etsə, onunla İsraili məhv etmək istəyəcək.

Yəhudi dövləti bu səbəbdən İranın hərbi obyektlərini təhdid altında saxlayır və nüvə silahının əldə edilməsinə yardımçı olan bütün mütəxəssisləri izləyir, onların bir qismini ələ alır, bəzilərini məhv edir, bir çoxunun təqibini davam etdirir.

00999.jpg (2.74 MB)

İranın şəhərlərindəki hərbi təyinatlı obyektlərin bombardman edilməsi göstərir ki, bu, təkcə İsraildə sinaqoqda 14 nəfərin öldürülməsinə verilən cavab deyil, həm də strateji baxımdan dəqiq hesablanmış hücumdur. Yəni sinaqoq hücum olmasaydı da, bomba daşıyan İsrail dronları İrana doğru uçacaqdı. Sinaqoq teraktı sadəcə yəhudi dövləti üçün əlverişli bəhanə-səbəb oldu.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.