Xəbər verildiyi kimi, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı terror hücumu olub.
Terror nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Tehrandakı səfirliyimizə edilən silahlı hücum Azərbaycan hökuməti və ictimayyəti tərəfindən kəskin tənqidlə qarşılanıb. Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi hadisəni birmənalı olaraq “terror aktı” adlandırıb.
Daha sonra isə XİN Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırdığını və əməkdaşlarının evakuasiyasını həyata keçirəcəyini açıqlayıb. Məlumat üçüb qeyd edək ki, artıq ötən gün səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi diplomatik fəaliyyətini dayandırsa da, Təbrizdəki Başkonsolluğun işində dəyişiklik edilməyəcək: “Biz Azərbaycanın İrandakı səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq. Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayandırılmayıb. Amma tam dayanıb. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər...
Əlbəttə, bizim Təbrizdə Başkonsolosluğumuz var. Tahrandaki səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Başkonsolosluğumuzun fəaliyyətinə şamil olunmur.Eyni zamanda, nəzərə alaq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
Qarşı tərəfinin bu hadisəyə bağlı mövqeyinə gəlincə, İran rəsmiləri yenə saxta məlumat yayaraq Azərabycanın Tehrandakı səfirliyinə hücumun şəxsi motivlər əsasında baş verdiyini iddia ediblər.
Əlbəttə, səfirilyimizə olunan hücum və bundan sonra İran rəsmilərinin hadisəni ailə-məişət müstəvisinə endirməklə ört-basdır etmək cəhdləri son vaxtlar gərginləşən İran-Azərbaycan münasibətlərinə ağır zərbə vurdu. Bundan sonrakı mərhələdə ikili münasibətlərin necə davam edəcəyi böyük sual doğurur.
Ekspertlər yaxın tarixdə İran-Azərbaycan münasibətlərinin normallaşacağını proqnozlaşdırmırlar.
Bu mövzuyla bağlı politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, İran-Azərbaycan münasibətləri bu hadisəyə qədər də xeyli gərgin idi: “Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra Tehranın təxribatçı siyasəti nəticəsində İranın din xadimləri, siyasətçiləri, diplomatları, deputatları, ekspertləri, generalları Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verməyə başladılar. Digər tərəfdən bu yaxınlarda İranın Qafanda konsolluq açması da Azərbaycan əleyhinə atılan addımlardan sadəcə biri idi. İran tərəfi bir neçə aydır sərhədlərin dəyişdirilməsinin onların “qırmız xətt”i oldğuna dair açıqlamalar verirdilər”.
Ekspert qeyd edir ki, iniyə qədər diplomatik səviyyədə müəyyən addımlar atılsa da, bu, heç bir effekt vermirdi: “Zaman-zaman Xarici İşlər nazirləri görüşsə də, İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə müzakirələr aparsa da, bunların heç bir faydası olmadı. Bundan sonra da olmayacaq. Çünki diplomatlar əlaqə qurur, münasibətləri gərginlikdən çıxarmaq istəyirlər, ancaq dərhal sonra İran tərəfinin ölkəmizə qarşı növbəti təxribatının şahidi oluruq”.
E. Şahinoğlunun sözlərinə görə, yaxın tarixdə iki ölkə arasındakı münasibətlərin normallaşacağı inandırıcı görünmür: “Biz ilk gündən gördük ki, İran tərəfi nağıl danışmaqla məşğuldur. İran rəsmiləri terror aktını məişət zəmnində baş vermiş hadisə kimi qələmə verməyə çalışdılar. Digər tərəfdən İranın dövlət kanalları terrorçudan ard-arda müsahibələr götürüb, yayımladılar. İranın bu cəhdləriniə baxmayaraq, bu peşəkar səviyyədə hazırlanmış bir terror aksiyası idi. Hiss olunur ki, İran rejimi bu terror aktını ört-basdır etməyə çalışır. Ona görə də yaxın gələcəkdə münasibətlərin normallaşmasını gözləmirəm.
Həmçinin artıq İranın özündə də xaos mühiti güclənir.Düşünürəm ki, son günlər İsrailin İranın hərbi obyektlərini hədəf alması İran-Azərbaycan münasibətlərinə bir qədər də mənfi təsir edəcək. Yəqin ki, İrandan kimlərsə tapılacaq və yenə də Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edəcəklər”.
“Gərginliyin azalması üçün İran tərəfi bu məsələyə daha ciddi yanaşmalıdır. Münasibətlərin köklü surətdə normallaşması o zaman baş verəcək ki, İranda rejim dəyişsin. Yanlız bundan sonra iki ölkə arasında normallaşma prosesi başlaya bilər”,-deyə politoloq bildirib.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə “AzPolitika.info”-ya şərhində bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi iki əsas faktorla bağlıdır:“Birincisi, səfirliyimizdə törədilən terror aktıyla bağlıdır. Azərbaycan tərəfi gözləyir ki, araşdırmaların sonunda İran tərəfi bu terror aktına hansı formada qiymət verəcək, nə kimi addımlar ataılacaq?
İkincisi, hazırda faktiki olaraq İran ərazisində hərbi əməliyyatlar gedir. Artıq bir neçə ölkənin səfirlikləri təxliyə olunub və proses davam edir. Səfirliyin fəaliyyətinin dayandırılması bu əməliyyatlarla da bağlı ola bilər”.
Ekspert qeyd edir ki, İran tərəfi bu məsələdə hansısa uydurma səbəblərləri bəhanə gətirərək, baş qatmağa çalışır: “İlk növbədə İranın hadisənin şəxsi zəmində baş verməsiylə bağlı versiyasını tamamilə inkar edən iki məsələni qeyd etmək istəyirəm.
Birincisi, təhlükəsizlik xidməti ilə bağlıdır. Kadrlardan görünür ki, terrorçu uzun müddət ərzində öz əməllərini davam etdirir və heç kəs onun qarşısını almır.
İkincisi, bəlkə də ən əsas sübut ondan ibarətdir ki, terror aktından sonra terrorçuya siyasi bəyanatlar üçün imkan yaradıldı. Ona mikrafon uzadaraq, şərati yaratdırlar ki, o, uydurma fikirlər səsləndirərərək, İranın versiyasını dilə gətirə bilsin.
Biz görürük ki, bir neçə aydır İranda siyasi proseslər gedir. İran rejiminə qarşı etiraz aksiyaları, nümayişlər keçirilir. Bu zaman sual olunur ki, İran rejimi iniyə qədər həbs olunan və ya saxlanılan nümayişçilərdən neçəsinə mikaraofo uzadıb, onlara belə öz fikirlərini dilə gətirməyə şərait yaradıb? Şübhəsiz ki, bu terror aktının arxasında hansısa çox ciddi siyasi dairələr dayanır”
“İran-Azərbaycan münasibətlərinin gələcək taleyi iki nüansdan asılı olacaq. Birincisi, İran tərəfi bu müddət ərzində hansı mövqe sərgiləyəcək, bu cür terror aktına yenə də cəhdlər olacaqmı?
İkincisi, İranda başlayan proseslər necə cərəyan edəcək? Düşünürəm ki, Azərbaycan tərəfi gələcəkdə ikili münasibətlərlə bağlı bu nüanslara uyğun addımlar atacaq”,- deyə politoloq bildirib.
Elvin Bəyməmmədli
“AzPolitika.info”