Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib.
Musavat.com xəbər verir ki, Türkiyədən İsveçdəki qalmaqala ən sərt reaksiya prezident Rəcəb Tayyib Ərdoğandan gəlib.
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışan Ərdoğan deyib: “Türkiyəni tanıya bilmədilər. İndiki Türkiyə 20, 30, 40 il əvvəlki Türkiyə deyil. Biz Finlandiya ilə bağlı fərqli bir mesaj verəndə İsveç şoka düşəcək”.
BBC yazır ki, Ərdoğan bu açıqlaması ilə Finlandiyanın NATO-ya üzvlüyünü qəbul edə biləcəyini, İsveçin NATO-ya üzvlüyünə isə mane olacağını söyləyib.
“Ərdoğan bildirib ki, Türkiyə İsveç olmadan Finlandiyanı NATO-ya qəbul edə bilər” - “Guardian” isə çıxışı belə şərh edib.
İsveçin “Expressen” qəzeti isə “Türkiyə Finlandiyanın NATO müraciətini təsdiqləyə bilər” başlıqlı xəbərində Ərdoğanın sözlərinə geniş yer verib. Həmin qəzetdə “Trampın keçmiş müşaviri Con Bolton: Türkiyə NATO-dan çıxarılmalıdır” başlıqlı məqalə də dərc edilib.
“Donald Trampın keçmiş müşaviri Con Bolton hesab edir ki, Türkiyə NATO-dan çıxarılmalıdır" - məqalədə qeyd olunub.
Bolton NATO üzvü olan bir ölkəni xaric etməyin mümkün olub-olmadığı barədə suala belə cavab verib: “Beynəlxalq hüquqda "rebus sic stantibus" maddəsi, demək olar ki, hər şeyə icazə verir. Onlar NATO-ya üzv olmaq istəyib-istəməyəcəyini seçə bilərlər. Yaxud NATO-nu ləğv edib yenidən qura bilərik. Bunu həll etməyin bir çox yolu var".
Bolton Türkiyəni NATO-dan çıxarmaq üçün NATO-nu ləğv edə biləcəklərini irəli sürüb.
Musavat.com