İsrailin İrana qarşı qisas əməliyyatı – niyə məhz indi?

30-01-2023, 20:34   


Toğrul İsmayıl: “İsrail istihbaratı İran daxilindəki məsələlərdən çox yaxşı xəbərdardır”

Xəbər verildiyi kimi, yanvarın 29-una keçən gecə İranın müxtəlif bölgələrində onun strateji hərbi obyektlərinə hava hücumları edilib. Paytaxt Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərdən hava partlayışlarının əks olunduğu videolar paylaşılıb.

Videogörüntülərdə hava hücumundan müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir, bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir. İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, xarici mənbələr bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir. İsrail mediası isə İran daxilində əməliyyat barədə məlumat yayıb və onun vaxtını MKİ rəhbərinin Təl-Əvivə səfəri ilə əlaqələndirib.

Məlumatlara görə, İsrail PUA-ları Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirib. Ancaq İsrail rəsmiləri İranda baş verən hadisələrə hələ ki, münasibət bildirməyiblər.

İsrailin İrana zərbələri MOSSAD tərəfindən həyata keçirilib.

069c0000-0aff-0242-73b9-08db0226.jpg (62 KB)

Musavat.com xəbər verir ki, bu barədə “New York Times” nəşri ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, İsfahan şəhəri İranın raket sənayesinin mərkəzidir və orada İsraili vura bilən orta mənzilli “Şabah” raketləri yerləşir.

“İsrailin hücumu İranın Rusiyaya silah ixracının qarşısını almaq yox, öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Hücumun arxasında Vaşinqton dayanmır”, - Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmiləri bildirib.

İsrailin keçmiş baş naziri Naftali Bennet nəşrə açıqlamasında bildirib ki, Tehran rejiminin 2022-ci ildə Kiprdə və Türkiyədə israilliləri öldürmək istəməsindən sonra MOSSAD cavab vermək və İran daxilində fəaliyyətini artırmaq qərarına gəlib.

İranın müdafiə obyektinə hücum İsrailin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.

Bunu Wall Street Journal qəzeti Amerika Birləşmiş Ştatları (ABŞ) səlahiyyətlilərinə istinad etdiyi xəbərində bildirib: “İsrail İranın İsfahan şəhərindəki Kosmik Araşdırmalar Mərkəzinə məxsus obyektin yanındakı sursat zavodunu bombalayıb”.

İran rəsmiləri hava hücumundan müdafiə sistemlərinin sursat fabrikini hədəf alan “hücum cəhdinin” qarşısının alındığını, 2 ədəd pilotsuz uçuş aparatının məhv edildiyini bildiriblər.

Rəsmilərin açıqlamasında qeyd edilib ki, PUA-ların partlaması nəticəsində fabrikin damında cüzi fəsad əmələ gəlib.
İsfahan qubernatorluğu isə partlayışı təsdiqləyib, insident nəticəsində can itkisinin olmadığını açıqlayıb.

63d6b34d40aa563d6b34d40aa6167501.png (1.01 MB)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hücumu “qorxaqlıq” adlandırıb. Belə hücumlarla ekspertlərin sülh məqsədli nüvə fəaliyyətlərinin qarşısının alına bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bütün bu hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş cərəyan edib. Netanyahu cavabın sürətli, güclü və dəqiq olacağı barədə xəbərdarlıq etmişdi.

Diqqəti çəkən məqam həm də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra İran rejimin güclü beynəlxalq qınağa tuş gəlməsi fonunda baş verməsidir. İsrail tərəfi bu məqamdan nə dərəcədə faydalana bilərdi?

Zəruri qeyd: səfirliyimizə terror hücumu ilə bağlı yalnız iki ölkənin Bakıdakı səfirləri Prezident Administrasiyasında olub və Prezidentin köməkçisi Hikmət Hacızadə ilə görüşüblər – İsrailin və Böyük Britaniyanın səfirləri...

Əslində nə baş verir? Məlumdur ki, İsrail rəhbərliyi son vaxtlar İranın nüvə silahı yaratmağa çox yaxın olduğu barədə dünyaya SOS siqnalları verir, fars-molla rejiminə atom silahı yaratmağa imkan verməyəcəyini bəyan edirdi.

Hadisələrin nüvə məsələsi ilə bağlılığı nə dərəcədədir? Nəhayət, İranın cavabı nə ola bilər və bundan daxildəki etirazları “xarici müdaxilə” bəhanəsi ilə daha amansız şəkildə yatırmağa çalışa bilərmi?

Baş verənlərə müxtəlif yanaşmalar, baxışlar var. Misal üçün, deputat Fazil Mustafa belə bir status paylaşıb: “Gərək, İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq. Unutmayaq ki, Netenyahu həm də dolayı yolla Xameneyinin sifarişi ilə səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır. Bir də bu qurumsaqlar başlı-başına buraxdıqları arvadlarını bizim səfirlikdə axtarmazlar!”

Rusiyanın bəzi informasiya saytları isə yazıb ki, İran-İsrail gərginliyi Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirə də bilər. Mümkünmü?

Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl İsrailin hücumuna əsas səbəb olan faktı önə çəkdi:

66dd44afd71a5d4451e3c254a4cb9263.jpg (71 KB)

“Ümumiyyətlə, İsrail-İran münasibətlərinə baxdığımız zaman bu iki ölkənin qarşıdurmasının uzun zamandır davam etdiyini bir daha görmüş olarıq. İsrailin İran obyektlərini vurması ilk dəfə deyil. Daha öncə də belə əməliyyatlar keçirilib. Hətta İsrail İran ərazisində başqa əməliyyatlar da keçirmişdi. Son hadisələrdə, xüsusilə, İranın Yaxın Şərqdə dəstəklədiyi terror qruplarına, eləcə də, 3 gün öncə Sinaqoqa edilən hücuma və 8 nəfərin həyatını itirməsinə İsrailin cavab verəcəyi gözlənilirdi. Çünki İsrailin ümumiyyətlə, dövlət fəlsəfəsi bu şəkildədir. Öz varlığını bu şəkildə qorumağa çalışır. Bu cür əməliyyatlarla, hücumlarla öz gücünü göstərir. Növbəti bir hücum idi. Bir növ öz ərazisində dini məbəddə öldürülmüş vətədaşlarının intiqamını alma əməliyyatı idi. Bu səbəbdən də İsrail belə bir əməliyyat keçirdi. Bir sözlə İsrail-İran münasibətlərini həm tarixi nöqteyi-nəzərdən, həm də ideoloji mübarizə nöqteyi-nəzərdən yaxşı bilməmiz və oxumamız lazımdır. Hər kəs öz feysbuq səhifəsində nəsə yaza bilir. Amma burada bir məsələni xatırlatmaq istəyirəm ki, İsrail hədəfləri diqqətə alarkən əsas etibarı ilə İranın hərbi sənaye gücünü, onu dəstəkləyən təşkilatları vurur. Bunu İsraili müdafiə etmək üçün demirəm. Bu o deməkdir ki, İsrail istihbaratı İran daxilindəki məsələlərdən çox yaxşı xəbərdardır. Açığı düşünmürəm ki, bugünkü İsrail-İran gərginliyi Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirə bilsin. Bu mümkün də deyil. Çünki Rusiya açıq şəkildə Ukraynaya bir hücum gerçəkləşdirir, işğal əməliyyatları aparır. Bu müharibədir. İsrailin İranla müharibə etməsi həm məsafənin uzun olması, həm gücün fərqliliyi, həm də dünyada dəngələrin fərqli olması səbəbindən çox-çox daha fərqlidir. Unutmaq olmaz ki, İran Rusiya deyil. Rusiya özünü SSRİ-nin varisi hesab edir, güclü bir dövlətdir, həlledici silahlara sahibdir. İran isə geri qalmış, iqtisadiyyatı zəif bir ölkədir. Ona qalsa, İsrail iqtisadi, texnoloji cəhətdən İrandan qat-qat güclüdür. Hətta İrandan fərqli olaraq, düzdür, İsrail bunu təsdiqləmir, amma beynəlxalq aləmdə bilinən bir şey var ki, nüvə silahına sahib bir ölkədir. Belə bir ölkəyə açıq şəkildə hücum etmək çox da asan bir iş deyil. İranın buna gücü yetməz. Yaxın Şərqdəki böhranlarda biz bunu gördük. Misir güclü bir dövlətdir, amma İsraillə baş apara bilmədi. Dövlətin kiçikliyi, yaxud böyüklüyü bəzən əsas olmur. Əsas olan texnoloji, iqtisadi və hərbi cəhətdən gücə sahib olmaqdır. Bunlar çox vacib amillərdir. Bu daha çox Rusiyanın təbliğatının göstəricisidir ki, öz başlarını Ukrayna savaşından necə qurtara bilsinlər. Çünki geri çəkilə bilmirlər. Ona görə də, belə şeylər ortaya atılır. Amma dediyim kimi, bu gün olan hadisələr İsrail dövlətinin ərazisində olan bir dini məbədə İranın dəstəklədiyi terror qruplarının hücumu ilə daha çox əlaqədardır. Bunlar onun qisası və cavabıdır”.

T.İsmayıl Azərbaycanın bu münaqişədəki yerinə də toxundu:

“Düşünürəm ki, Azərbaycan İranla problemləri var, bu yox deyil. Bu məsələdə rəsmi Bakı qonşusu olduğu üçün İranla daha həssas davranmalıdır. Digər tərəfdən İranla siyasət də doğru qurulmalıdır. Çünki cənub qonşu güvəniləcək bir ölkə deyil. İran Yaxın Şərqdə terror dövləti kimi tanınır. Çünki terror qruplaşmalarını dəstəkləyir. Bunu da şiə islam ideoloji üzərindən gerçəkləşdirir. Azərbaycan ilk növbədə, bu tədbirləri ələ keçirməlidir. Burada Şuşa bəyannaməsini də xatırlatmaq istəyirəm. Azərbaycanın enerji proyektlərində İngiltərə kimi bir ölkənin yer almasını da xüsusilə diqqətə çatdıraq. Avtomatik olaraq, İranla konfliktdə olan İsrailin də burada maraqları var. Bununla Azərbaycanın yanında yer alacağını proqnozlaşdırmaq çətin deyil. Amma əsas olan Azərbaycanın İranla olan münasibətlərini doğru dəyərləndirməsi, bu istiqamətdə hədəf və məqsədlərini düzgün müəyyən etməsidir. Səfirliyimizə olan hücum da onu göstərdi ki, İran rahatlıqla hər yerdə terror törədə biləcək dövlətdir. Ermənistandan bu nöqteyi-nəzərdən geri də qalmır. Bəzən ermənilər bu sahədə İrandan nələrsə öyrənirlər. Onun üçün də, daha doğru, daha ciddi şəkildə təhlükəsizliyimizi qurmalı, İranla münasibətlərdə daha tədbirli olmalıyıq. İran ideologiyasının Azərbaycanın içərilərinə doğru irəliməsinin qarşısını almaq əsas fəaliyyət sırasında olmalıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.