İsrail zərbə endirdi - İrəvanda panika başladı

31-01-2023, 10:19   




28-29 yanvarda İsrailin İranın hərbi obyektlərinə və neft emalı zavoduna PUA-larla zərbə endirməsi Ermənistanda panika yaradıb.

Axar.az xəbər verir ki, 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən və kapitulyasiyadan sonra İrana arxalanaraq, siyasət yürüdən və üzərinə götürdüyü öhdəliklərin icrasından imtina etməyə çalışan Ermənistan hazırda Tehranın özünün təhlükəsizliyinin güvəndə olmamasından dərin təşviş keçirir.

Erməni politoloqları Ermənistan hakimiyyətinin siyasətində dərhal dəyişiklik edilməsi gərəkdiyini, təhlükəsizliklə bağlı “digər ölkələrlə” danışıqlar aparmasının vacibliyini bildirirlər.

Mövzunu erməni mediasına şərh edən şərqşünas Qarik Misakyan deyib ki, hadisələr zəncirini izləməyə və mümkün ssenariləri proqnozlaşdırmağa imkan verən bir neçə “mühüm amil” var. O iddia edib ki, zərbənin təşəbbüskarları 28 yanvarda Xoyda baş verən güclü zəlzələdən məharətlə istifadə ediblər. Guya İran hakimiyyəti diqqətini zəlzələyə yönəldib, bu zaman isə İsrail zərbə endirib.

Halbuki İran hakimiyyətinin Xoy zəlzələsindən ziyan çəkən onminlərlə azərbaycanlının taleyinə biganə olduğu evləri dağılanların şaxtada, qar içində küçədə yatmasını əks etdirən fotolardan, videolardan da aydındır.

Erməni politoloq Azərbaycanın İran səfirliyinə hücum edilməsinin də fürsət kimi dəyərləndirildiyini iddia edib. Guya bu ərəfədə İran informasiya təzyiqi altındadır, İsrail də bundan maksimum yararlanıb.

İranı nə qədər müdafiə etməyə çalışsa da, Misakyan hazırda Tehranın ağır vəziyyətdə olduğunu deməyə də məcbur olub:

“Bu, İrana qarşı ilk belə hücum deyil. İsraillə qarşıdurmanın uzun tarixi var, lakin indiyədək birbaşa və genişmiqyaslı silahlı toqquşmaya çevrilməyib. Düşünürəm ki, hazırkı vəziyyət də istisna olmayacaq. Amma göz qabağındadır ki, İran nəhəng beynəlxalq psixoloji və informasiya təzyiqi ilə üz-üzədir. Obyektlərə hücumla paralel olaraq, ölkə daxilində vəziyyəti pozmağa cəhdlər də edilir”.

Misakyanın sözlərinə görə, Ermənistan üçün İranda baş verənlər növbəti ciddi sınaqdır:

“Məsələ bundadır ki, hücuma məruz qalan obyektlərin bəziləri Ermənistan sərhədinə yaxın ərazidə yerləşir. İran ətrafında hipotetik münaqişə isə şübhəsiz ki, kiçik bir respublikanın təhlükəsizlik sisteminə ciddi təsir göstərəcək. Üstəlik, Tehran Ermənistan üçün təhlükəli olan Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarıdır”.

Başqa sözlə, Misakyan “İran çətiri” olmayacağı halda Zəngəzur dəhlizinin açılacağını etiraf edib.

Erməni mediasının cidd-cəhdlə dövriyyəyə salmaq istədiyi “dronlar Azərbaycandan qalxıb” təxribatçı şayiəsinə də Misakyan reaksiya verib. O bildirib ki, bu məsələnin müzakirə edilməsinə səbəb “kiçik dronların İsraildən uçub gəlməsinin mümkünsüzlüyünə görədir”.

Nədənsə, erməni mediası və ekspertləri SEPAH-ın öz açıqlamasını – dronların məhz İran ərazisindən qaldırılmasını – dilə gətirmək istəmirlər.

Misakyan Ermənistanın mövqe bildirməməli olduğunu, “güclü tərəfin üzə çıxmasını gözləməsi gərəkdiyini” də əlavə edib:

“Ermənistan indiki vəziyyətdə bu və ya digər aktorun tərəfini tutmaqdan hələlik çəkinməlidir. Vəziyyət hələ o yerə çatmayıb ki, İrəvandan aydın və birmənalı mövqe tələb olunsun”.

Misakyan ümid etdiyini bildirib ki, İranla Azərbaycan arasında “qaynama nöqtəsi” olacaq, onda Ermənistan İrana dəstək verə bilər.

Göründüyü kimi, İranın “qardaşı” və yaxud “bacısı” ilk zərbədəcə İranı satmağa hazır olduğunu nümayiş etdirməkdədir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.