Beynəlxalq Ədalət Məhkəməsində bir-birini İrqi Ayrıseçkiliyin Qarşısının Alınması ilə bağlı konvensiyanı pozmaqda ittiham edən Ermənistan və Azərbaycan tərəfinin dinləmələri keçirilir.
Rəsmi Yerevan Laçın dəhlizinin "bağlanmasına" görə Bakını ittiham edir, Bakı isə Yerevanı onun suveren ərazilərini "minalamaqda" günahlandırır.
BMT-nin Avropada yerləşən ali məhkəməsində baş tutan dinləmələr rəsmi Bakının Qərb ölkələri ilə enerji diplomatiyasını gücləndirməyə çalışdığı dövrə təsadüf edir.
Prezident İlham Əliyev Macarıstana iki günlük səfəri çərçivəsində "vaxtilə tarixə qovuşmuş" NABUCCO layihəsini canlandırmaqda və Avropanın enerji təchizatında Cənub Qaz Dəhlizinin əhəmiyyətli rol oynadığını bildirib, president.az saytı yazıb.
Bazar ertəsi müvəqqəti tədbirlərin görülməsi məqsədi ilə Ermənistan tərəfi Haaqada BMT-nin ali məhkəməsi qarşısında çıxış edərək Azərbaycanı "Dağlıq Qarabağla Ermənistanı birləşdirən yeganə yol - Laçın dəhlizini blokadada saxlamaqda" günahlandırıb.
Ermənistandan olan hüquqşünaslar bildiriblər ki, Azərbaycan tərəfinin "yaratdığı blokada Dağlıq Qarabağda 120 min etnik erməninin ətraf aləmlə əlaqəsini kəsib və xəstəliyi kritik həddə olan ermənilərin müalicə almaq üçün Ermənistana köçürülməsini mümkünsüz edib".
Dinləmələr zamanı Ermənistan həmçinin iddia edib ki, azərbaycanlı eko-aktivistlərin dekabrın 12-dən başlatdığı etirazlardan sonra "davam edən blokada səbəbindən Dağlıq Qarabağa ərzaq, eləcə də digər humanitar yardımların göndərilməsinin qarşısı alınıb".
Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri qarşısında çıxış edən Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov isə Yerevanın "Laçın dəhlizinin bağlı olması və ermənilərin blokadada qalması" iddialarını əsassız adlandırıb və Qarabağla Ermənistanı birləşdirən yolun "2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlılarının nəzarətində" olduğunu bildirib.
Bunu əsas gətirən nazirlik rəsmisi Laçın dəhlizində "nəqliyyat və daşımaların əvvəllər olduğu kimi davam etdiyini" diqqətə çatdırıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən BBC Azərbaycancaya verilən məlumatına görə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK 36 nəfərin Ermənistana, 59 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub.
"BQXK bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 18 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 60 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb", - təşkilat bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi çərşənbə axşamı Azərbaycanın müraciəti əsasında rəsmi Bakının Yerevana qarşı müvəqqəti tədbirlərin görülməsi ilə bağlı çağırışlarını dinləyib.
Azərbaycanlı nümayəndə Ermənistandan "Azərbaycan ərazilərini minalamağı dayandırmağı və əvvəlki illərdə basdırılan minaların yerini bildirməyi" tələb edib.
Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov deyib ki, basdırılan minalar məcburi köçkünlərin təhlükəsiz şəkildə Qarabağa qayıtmalarına təhdid yaradır.
Tərəflər arasında hüquqi çəkişmələr İkinci Qarabağ müharibəsi bitəndən sonra başlayıb.
Avropada Azərbaycan və Ermənistan arasında hüquqi çəkişmələrin davam etdiyi dövrdə, rəsmi Bakı Brüssel ilə enerji diplomatiyasını daha da dərinləşdirmək niyyətindədir.
Bazar ertəsi Macarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, iki il əvvəl istifadəyə verilən Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan "Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır", prezident.az saytında qeyd olunub.
Avropa İttifaqı və Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanan bəyannaməyə əsasən rəsmi Bakı növbəti illərdə Avropaya qaz ixracını iki dəfə artıracaq.
"Çox şadam ki, vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq", - İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Enerji təhlükəsizliyinin qlobal səviyyədə xüsusi əhəmiyyət daşıdığına diqqət çəkən prezident Əliyev qeyd edib ki, Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, Azərbaycan "təbii qazla bağlı ən azı yüz il bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun".
Avropa İttifaqı da Azərbaycanla təbii qaz, xüsusilə də yaşıl enerji sahəsində əməkdaşlıq etməkdə maraqlı görünür. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının bazar ertəsi açıqladığı hesabata əsasən, 2022-ci il ərzində bank Azərbaycana ümumilkdə "86 milyon avro investisiya qoyub ki, onun da 71 faizi (61 milyon avro) yaşıl iqtisadiyyata yönəldilib".
Ermənistan isə Qarabağdakı "humanitar böhranı" əsas gətirərək, Avropa ölkələrini Azərbaycanın enerji imkanlarından istifadə etməməyə çağırır.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell bazar ertəsi verdiyi açıqlamasında təmsil etdiyi qurumun dekabrdan bəri "Laçın dəhlizində baş verənləri yaxından izlədiyini" bildirib.
Avropalı rəsmi sanksiyaların ümumi siyasətin təşviqi məsələsində istifadə edilən alətlərdən biri olduğunu desə də, Ermənistanın qaldırdığı məsələ ilə bağlı Azərbaycana qarşı "hər hansı sanksiya tətbiqinin gündəmdə olmadığını" deyib.
"Aİ-nin Ermənistan və Azərbaycan tərəfi ilə apardığı cəhdlər bütün məsələlərin dialoq yolu ilə həllinə fokuslanıb", - Josep Borrell qeyd edib.
Rəsmi Bakı Ermənistanın "Azərbaycan hökumətinin enerji resurslarından siyasi alət" kimi istifadə etməsi ilə bağlı səsləndirdiyi iddiaları əsassız adlandırıb.
BBC.com