Ermənistan Zəngəzuru xaricilərə satır - dəhlizə qarşı məkrli plan...

1-02-2023, 09:38   


Avropa İttifaqı, Avropa İnvestisiya Bankı regiona ilkin olaraq 51 milyon avro investisiya qoyacaqlar, məqsəd bölgəni dirçəltməkdən daha çox koridorun açılmasını əngəlləməkdir

Ermənistan Zəngəzur mahalını, Sünik adlandırdıqları vilayəti xaricilərin tam nəzarətinə verməyə başlayıb.

Vilayətin qubernatoru Robert Qukasyan deyib ki, Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Aİ-nin üzvü olan Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrənin tərəfdaş kimi birgə təşəbbüsü ilə “Davamlı Sünik. Avropa komandası” regiona ilkin olaraq 51 milyon avro investisiya qoyacaqlar. Qubernator deyib ki, Aİ bu addımı ilə Azərbaycanın Zəngəzurla bağlı iddialarına münasibətini nümayiş etdirir. Qukasyan deyib ki, artıq iki müqavilə imzalanıb. Dəyəri 11 milyon avro olan birinci müqavilə “Sünikin bərpa, davamlılıq və inkişaf proqramı”dır ki, infrastrukturun təkmilləşdirilməsinə yönəldiləcək. Qubernator bunu qısa müddət ərzində böyük təsirə malik olacaq çox mühüm layihə hesab edir. “Sünikdə, xüsusən də kiçik kənd yaşayış məntəqələrində çoxlu problemlər var və bu dəstək onların həllinə yönələcək. Əminəm ki, bu, bütün regiona çox müsbət təsir göstərəcək”, - Qukasyan bildirib.

Qubernatorun sözlərinə görə, ayrılan məbləğlər xüsusilə kiçik şəhərlərdə infrastruktur problemlərinin həllinə kifayət edəcək. Təşəbbüsün ilkin büdcəsi təxminən 51 milyon avrodur, gələcəkdə onun daha artırılacağı gözlənilir. Qeyd edək ki, Sünik adlandırdıqları ərazi əslində tarixən Azərbaycanın Zəngəzur mahalıdır, indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını əhatə edir. Qubernatorun “Aİ bu addımı ilə Azərbaycanın Süniklə bağlı iddialarına münasibətini nümayiş etdirir” fikiri xüsusilə diqqət çəkir. Bu o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizini əngəlləmək üçün onu xaricilərə “icarəyə verir”. Ermənistanın Bakı və Moskvanın iradəsinə zidd olaraq sərhədə Avropa İttifaqının iki illik müşahidə missiyasını yerləşdirdikdən sonra indi həm hər iki dövlət, eləcə də Türkiyə üçün də vacib olan Zəngəzura Avropa investisiyasını cəlb edir. Bu, bölgəni dirçəltməkdən daha çox Zəngəzur dəhlizinin əngəlləməsinə yönəlik addımdır. Qeyd edək ki, müharibədən dərhal sonra bəzi erməni siyasətçiləri Sünik vilayətində Rusiya hərbi bazasının yerləşdirilməsinə dair təkliflər səsləndirmişdilər. Görünür, Ermənistan rəhbərliyi həm də bu cür perspektivi əngəlləmək üçün bölgəni Avropanın “nüfuz dairəsinə” verməyi qərarlaşdırıblar.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal  Partiyası

 Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, məqsədin bundan ibarət olduğu bəllidir: “Qərb Ermənistan vasitəsilə regionda təsirlərini artırır. Qərblə Ermənistanın bəzi məsələlərdə mövqeyi üst-üstə düşür. Zəngəzura vəsait ayrılması daha çox deməyə əsas verir ki, bölgədə Rusiya və Azərbaycanın logistika imkanları olmasın. İrəvan dəhlizin açılmamasında israrlı görünür. Əvvəllər ermənilər razı görünürdü, son dövrlərdə isə konkret mövqe nümayiş etdirirlər. Bu da göstərir ki, hansısa dairələrin dəstəyinə arxalanıblar”. AMİP sədri hesab edir ki, dəhlizin açılmaması üçtərəfli birgə sənədin 9-cu bəndinin pozulmasıdır: “Ermənistan öhdəliklərini yerinə yetirməmək üçün Qərbi bölgəyə dəvət edib. Onlar bu strategiya ilə dəhlizi açmaqdan yayınmağa çalışacaqlarını hesab edirlər”.

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin sözlərinə görə, Ermənistan Zəngəzurdan yol verməyə hazırdır: “Amma dəhliz statusuna qarşıdır. İrəvan həm də istəmir ki, yola nəzarət ruslarda olsun. Avropa İttifaqı da bu mövqeyi bölüşür. Mülki missiyanın göndərilməsinin ardınca bölgəyə investisiya ayrılması Qərbin regiona tam yerləşmək cəhdləridir. Ermənistan Zəngəzuru Avropaya təslim etdirir ki, ona olan təzyiqlərdən sıyrıla bilsin. Paşinyan bunu fürsət bilir və dəyərləndirməyə çalışır. Çünki Ermənistan öz gömrüyünün yolda qurulmasını təklif edir. Avropa İttifaqı da əleyhinədir ki, yola ruslar kontrol etsinlər. Bu baxımdan, Brüssel və İrəvan mismarı eyni yerə vururlar”. Partiya sədrinin fikrincə, Zəngəzura sərmayə qoyulması ilə Paşinyan hiyləgər gediş edir: “Erməni əhalisinə göstərir ki, Avropa bizi dəstəkləyir. Yəni Rusiyadan heç bir nicat gözləməyin. Bu güclənən anti-Rusiya siyasəti getdikcə Ermənistan-Rusiya münasibətlərini ağırlaşdıracaq. Amma unutmayaq ki, Zəngəzur koridorunun açılmasını təkcə biz yox, Rusiya, Türkiyə, Britaniya, Çin istəyirlər, Ermənistan kiçik siyasəti ilə axıra qədər tab gətirə bilməyəcək. Üstəlik, 50 gündən çoxdur ki, Laçın yolunda aksiya keçirilir. Əgər Zəngəzur dəhlizi olmayacaqsa, bundan sonra ermənilər üçün də Laçın yolu əvvəlki qaydada olmayacaq. Separatçı rejim də bunu anlamaqdadır”.

Qeyd edək ki, bu dəhlizin açılması ilə ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün insanlar İran ərazisindən keçirdilər. Bəzi yükdaşımalar zamanı istər-istəməz müəyyən problemlər yaranırdı. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaq. Kommunikasiyaların işə düşməsi boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. Bu yol açıldıqdan sonra Cənubi Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişməsi nəticəsində istər Avrasiyanın, istərsə də regionda marağı olan Qərb və ərəb ölkələrinin, həmçinin Çinin bu yolla əldə edəcəyi dividentlər Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcəkdir. 1,1 trilyon dollardan çox ümumi daxili məhsulu olan Mərkəzi Asiya ölkələrini strateji və iqtisadi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi coğrafi mövqe etibarilə əvəzsiz ticarət yolu hesab olunur. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.