Laçın yolu aksiyası erməniləri “ağıllandırır” - Xankəndidə qarşıdurma şiddətlənir

2-02-2023, 10:34   


Araikin etirafları, mübhəm Moskva səfəri; politoloq: “Onlar gec-tez Azərbaycanla birlikdə yaşamaq variantını seçəcəklər”

Artıq 53 gündür ki, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Xankəndi-Laçın-Gorus yolunda aksiya keçirir. Bu müddətdə ermənilər artıq Laçın yolundan qanunsuz istifadə edə, silah-sursat daşıya bilmir. Onlar dərk edir ki, Azərbaycan separatçıları neytrallaşdırmaqda aciz deyil, bunu nəinki silahlı antiterrorla, hətta dinc antiterror kimi qiymətləndirilən aksiya ilə həyata keçirə bilir.

Ermənilər başa düşməyə başlayır ki, Xankəndidə və sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yaşamaları üçün Azərbaycanın qanunlarına, tələblərinə əməl etmələri mütləqdir. Düzdür, erməniləri Azərbaycana qarşı qaldırmaq, separatçı kartından istifadə etmək istəyən xarici güclər vəziyyətin stabilləşməməsi üçün əllərindən gələni edirlər. Ancaq bu, sonunda ermənilərin fəlakətə düçar olması ilə nəticələnir. Məsələn, Ruben Vardanyanın da qəfildən Xankəndidə peyda olması və radikal kurs götürməsi bu planın tərkib hissəsi idi. Azərbaycan Vardanyanla heç bir müzakirə aparmaq niyyətində olmadığını bəyan etdi. Mahiyyət etibarı ilə olan ermənilərə oldu: Vardanyan onları daha da ağır duruma salır. Hazırda Xankəndidə ermənilər ikiyə bölünüb. Bir hissəsi Vardanyanın “dövlət naziri” postundan istefasını tələb edir, digərləri bir qism isə onun yalanlarına inanmaqda davam edir. Beləcə, Laçın yolundakı aksiya ilə “şeytan yuvası”nda istədiyimizə qismən nail ola bilmişik. Artıq vəziyyət belədir ki, Araik Arutyunyan Moskvaya gedib, Azərbaycanla anlaşmaq üçün Rusiyanın vasitəçiliyini xahiş edir.

Ermənistan mətbuatı bununla bağlı detalları açıqlayıb. “Hraparak” qəzeti Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyan arasındakı münasibətlərdəki gərginliyin davam etdiyini bildirir.

“Əldə etdiyimiz məlumata görə, vəziyyət o qədər ciddiləşib ki, Araik Arutyunyan Rusiya sülhməramlılarının vasitəsilə Moskvaya gedib. Səfərin məqsədi siyasi vəziyyətin həlli yollarını tapmaqdır”, - deyə “Hraparak” yazır. Məlumatda o da qeyd olunur ki, A.Arutyunyan Moskvaya təklif edəcək ki, Rusiya Qarabağdakı sülhməramlıları  vasitəsilə qondarma rejimin “növbədənkənar seçkilər” keçirməsinə zəmanət versin və ya onunla Ruben Vardanyan arasında seçim etsin. “Çünki o, əmindir ki, Vardanyan "dövlət naziri vəzifəsi"ndə qaldıqca, azərbaycanlılar yolu açmayacaq", - nəşrin məqaləsində qeyd edilir: “Son günlər Arutyunyan və Vardanyan Qarabağ erməniləri ilə ayrı-ayrılıqda görüşlər keçirməkdədirlər. Tərəflərin sanki  seçki kampaniyasına başladıqları görüntüsü yaranıb. Arutyunyanın bu görüşlərdə Azərbaycanla danışığa getmək üçün erməni əhalidən dəstək istədiyi bildirilir. ”Biz azərbaycanlılarla görüşlər keçirməliyik, təbii ki, rusların vasitəçiliyi ilə", - deyə Arutyunyan mülki ermənilərə bildirib. “Arutyunyan bilmək istəyir ki, sabah azərbaycanlılarla görüşsə, Qarabağ erməniləri onun satqın olduğunu deməyəcəklər ki...”, - deyə “Hraparak” qeyd edib. Məqalədə separatçıların bölgədə təkləndiyi vurğulanıb, Şuşada imzalanmış “Türkiyə-Azərbaycan bəyannaməsi” xatırladılıb və qeyd edilib ki, Azərbaycana qarşı yeni müharibə Türkiyəyə qarşı müharibə deməkdir. “Hraparak” yazır ki, Ermənistan hakimiyyəti separatçıları Bakı ilə birbaşa danışıqlara getməyə məcbur edir və açıq şəkildə deyir ki, “biz sizin yerinisə bir daha danışıq aparmayacağıq”.

Противостояние между Араиком Арутюняном и Рубеном Варданяном усиливается –  МОСКВА СЛЕЗАМ ПОВЕРИТ

 

Ruben Vardanyan isə Azərbaycanın tələblərinin yerinə yetirilməsinin əleyhinədir, o hesab edir ki, hər gün yeni tələblər irəli sürülə bilər. “Biz nəyin bahasına olursa-olsun müqavimət göstərməliyik”, - deyə Vardanyanın keçirdiyi görüşlərdə mülki erməniləri mübarizəyə inandırmağa çalışdığı bildirilir: “İndi Qarabağda Rusiya rəhbərliyinin cavabını səbirsizliklə gözləyirlər, Moskva kimə üstünlük verəcək, Araik Arutyunyana, yoxsa Ruben Vardanyana? Azərbaycanla birbaşa dialoq, yoxsa sərt qarşıdurma?..”

Faktiki olaraq Qarabağ erməniləri indi seçim qarşısındadır: 3 yolları var: ya Azərbaycanın qanunlarına tabe olaraq yaşayacaqlar, ya köçüb gedəcəklər, ya da Vardanyanın fitvasına uyub təxribatlara can atacaqlar, bu isə onların məhvi, antiterror əməliyyatının başlaması deməkdir. Ermənilər hansı yolu seçəcək? Rusiya və Fransa onlara hansı yolu göstərəcək? Revanşa məcbur edə bilərlərmi və bunun yekunu nə olar?

Oqtay Qasımov: “Güney Azərbaycanda repressiyaların artacağı gözlənilən idi”  • Aznews TV

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 2022-ci ilin sentyabrına doğru Azərbaycan hakimiyyəti Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə artıq müəyyən təmasların qurulduğunu dilə gətirirdi: “Prezident İlham Əliyev qeyd etmişdi ki, Qarabağda yaşayan ermənilərin nümayəndələri Azərbaycan hakimiyyət orqanları ilə müəyyən əlaqələr saxlayırlar. Ümumi fikir bundan ibarət idi ki, proses bu cür öz axarında davam edərsə Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti rasional və ağılla düşünənlər Azərbaycanla birgə yaşamağın zəruriliyini və vacibliyini qəbul edirlər. Məhz bu istiqamətdə aparılan fəaliyyətlərin nəticəsində Azərbaycan Su və Meliorasiya Komitəsinin nümayəndələri yayda Sərsəng su anbarına texniki baxış keçirmişdilər və orada Qarabağdakı ermənilərin nümayəndələri ilə su anbarının vəziyyətini müzakirə edib monitorinq aparmışdılar. Eyni zamanda Laçında alternativ yolun çəkilişi zamanı Qarabağda yaşayan ermənilərin nümayəndələri Azərbaycan inşaatçıları ilə müəyyən əlaqələr saxlayıb onlara xoş münasibətlərini bildirmişdilər. Məhz proseslərin bu cür gedişi Rusiyanı qane etmədiyi üçün prosesi əngəlləmək qərarına gəldi: ”Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını yox, münaqişənin davam etməsini və Moskva tərəfindən idarə edilməsini istəyir. Rusiya prosesi əngəlləmək üçün özünün əlaltısı, ofşor pulların yuyulması ilə bağlı fırıldaqlarda ad çıxarmış Ruben Vardanyanı Qarabağa göndərdi. Bundan sonrakı dövrdə məhz onun iştirakı ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazidə vəziyyət gərginləşməyə başladı, müşahidə olunan müsbət proses tormozlandı. Ruben Vardanyan bütün fəaliyyətini Rusiya hərbçiləri ilə əlaqələndirilmiş şəkildə qururdu. Onun məhz Rusiya tərəfindən konkret tapşırıqlarla Qarabağa göndərildiyini ilk dəfə Azərbaycan Prezidenti Avropa İttifaqının nümayəndələri ilə görüşdə açıqladı. Vardanyanla Qarabağdakı separatçıların rəhbərləri arasında hansısa ziddiyyətlərin olacağı ilk dövrdən məlum idi. Separatçı rejimin nümayəndələrinin bir qismi, o cümlədən birinci Qarabağ müharibəsində hərbi əməliyyatlara rəhbərlik edənlərdən biri olan və Azərbaycana qarşı cinayətlər törətmiş Vitali Balasanyan da Azərbaycanla müəyyən kontaktları saxlayan şəxslər arasında idi. İlk ziddiyyətlər məhz onunla Vardanyan arasında ortaya çıxdı. Nəticədə Balasanyan tutduğu “vəzifə”dən uzaqlaşdırıldı. Qarabağdakı və Ermənistandakı revanşist qüvvələr hesab edirdi ki, Vitali Balasanyanın Azərbaycanla əlaqələri Rusiyanın Qarabağdakı təsir imkanlarını azalda bilər".

Politoloqun sözlərinə görə, bu ziddiyyətlər ilk dövrdən olsa da Azərbaycan ekofəallarının Laçın yolunda başlatdıqları aksiya ermənilərin arasında konflikti qabarıq şəkildə üzə çıxardı və dərinləşdirdi: “Bu aksiya Ermənistanla Rusiya arasında da gərginliyi üzə çıxardı, Ermənistan hakimiyyəti ilə Ruben Vardanyan və onun tərəfdarları arasında zidiyyətləri ortaya qoydu. Hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə yaşayan ermənilərin nümayəndələrinin rasional və ağılla düşünənlərinin əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar və bunu faydalı hesab edirlər. Bir qismi isə Ruben Vardanyanın və Rusiyanın təlimatı ilə revanşist əhval-ruhiyyədə davam edir. Bu baxımdan hazırda separatçı rejimin rəhbərləri ilə Vardanyan arasında fikir ayrılıqları dərinləşməkdə davam edir. Hesab edirəm ki, azərbaycanlı ekofəalların başlatdığı aksiya öz məntiqi sonluğuna çatacaq və Azərbaycan Laçın yolunda sərhəd keçid məntəqəsi və gömrük buraxılış məntəqəsini quracaq. Bundan sonra Laçın yolundan humanitar məqsədlərdən başqa hansısa məqsədlərin istifadəsinə tam şəkildə qadağa qoyulacaq. Bu da Qarabağda olan həm Ermənistan silahlı birləşmələri, həm də digər erməni silahlı qruplarının fəaliyyətini minimuma endirəcək. Azərbaycanla Rusiya arasında şübhəsiz ki, bu məsələlərlə bağlı danışıqlar aparılacaq. Ən azı Azərbaycanın tələbi bundan ibarətdir ki, həm Azərbaycanın dövlət qurumları Qarabağdakı faydalı qazıntı yataqlarında monitorinq keçirməlidirlər, həm də Laçın yolunda nəzarət mexanizmini qurmalıdır. Azərbaycan Qarabağdakı erməni vətəndaşlarının problemlərinin həllinə başlamaq istəyir. Bununla reinteqrasiya prosesinə başlanar”.

O.Qasımovun fikrincə, Rusiya və Fransa Ruben Vardanyanın vasitəsilə erməniləri revanşa istiqamətləndirməyə çalışa bilər, ancaq yaxın zamanlar üçün ərazidə böyük savaşın olacağı ehtimalı çox azdır: “Çünki beynəlxalq şərtlər və hazırkı həssas durum buna imkan vermir. Amma hansısa kiçik miqyaslı antiterror əməliyyatlarının keçiriləcəyini istisna etmirəm. Xüsusilə də hesab edirəm ki, məsələnin optimal yollarından biri məhz Ruben Vardanyanın şəxsinə yönələn əməliyyat olmalıdır. Azərbaycan xüsusi xidmət orqanları bu cinayətkarı əməliyyat keçirərək həbs edib Azərbaycan ədalət məhkəməsinin qarşısına çıxarmalıdır. Qarabağdakı revanşist düşüncədə olan hər bir Vardanyan kimi şəxs qanuni cəzasını almalıdır. Mən hesab edirəm ki, gec-tez ermənilər Azərbaycanla birlikdə yaşamaq variantını seçəcəklər. Əgər revanşa cəhd olunacaqsa, bu, tamamən onların sonunun gəlməsi demək olar. Ağlı başında olan erməni Ruben Vardanyan kimisinin avantüralarına getməz. Proseslər çətin də olsa Azərbaycanın düşündüyü kimi gedəcək və bölgə tədricən Azərbaycanın yuridiksiyasına keçəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.