Ukraynanın müdafiə naziri Oleksi Reznikov Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığını bildirib və bunun 24 fevral tarixində başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Ukraynalı nazirin sözlərinə görə Moskva artıq minlərlə qoşun toplayıb və ötən il başlatdığı işğalın ildönümündə “nəsə etməyə çalışır”.
Hücum Rusiyanın 23 fevralda qeyd etdiyi rəsmi bayramda – Ata Vətənin Müdafiəsi Günündə də “reallaşa bilər”.
Bu arada Rusiyanın çərşənbə günü Donetsk regionunda Kramatorsk şəhərinə endirdiyi raket zərbələrindən biri 8 mərtəbəli yaşayış binasına dəyib. Nəticədə üç nəfər ölüb, 20 nəfər yaralanıb, əyalət rəhbərliyi bildirib.
Dağıntılar arasında axtarış işləri davam etdiyindən bu rəqəmin artacağı istisna olunmur.
“Rusiya terrorunu dayandırmağın yeganə yolu onu məğlub etməkdir: Tanklarla. Döyüş təyyarələri ilə. Uzaq-mənzilli raketlərlə”, - Rusiyanın raket hücumuna münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada yazıb.
Almaniya, ABŞ və Böyük Britaniya Ukraynaya tank göndərilməsinə razılıq verdikdən sonra rəsmi Kiyev döyüş təyyarələrinin də göndərilməsi barədə təkrar müraciət edib.
Reznikov bildirib ki, Moskva mümkün hücum üçün 500 minlik qoşun toplayıb.
Sentyabrda Rusiya Prezidenti Vladimir Putin ölkənin “ərazi bütövlüyünü” qorumaq üçün hərbi xidmət keçmiş şəxslərdən ibarət 300 minlik qoşunun yaradılması üçün ümumi səfərbərlik elan edib.
Lakin Reznikov iddia edir ki, Ukraynaya göndərilən canlı qüvvənin sayı qeyd edilən rəqəmdən çox yüksək ola bilər.
“Rəsmi olaraq onlar 300 min dedilər, lakin sərhəddəki hərbçi sayına baxdıqda bizim hesablamamıza görə bu rəqəm olduqca yüksəkdir”, - ukraynalı nazir Fransanın BFM media şəbəkəsinə deyib. BBC bu rəqəmləri təsdiqləyə bilmir.
Donbas regionunun şərqində gedən ağır döyüşlərə baxmayaraq, Ukrayna Xerson şəhərinin cənubuna nəzarəti ələ keçirdikdən sonra müharibənin dalana dirəndiyi görünür.
Rusiyanın Soledar qəsəbəsini ələ keçirməsini nəzərə almasaq, tərəflərdən heç biri ərazi üstünlüyü qazanmayıb.
ABŞ mərkəzli Müharibə Tədqiqatı İnstitutu (ISW) bildirib ki, Moskva “həlledici addım atmağa” və şərq cəbhəsindən “böyük hücuma” başlaya bilər.
Reznikov qeyd edib ki, Rusiya hücuma keçərsə, ukraynalı komandirlər “ön cəbhədə sabitlik yaratmağa və əks-hücuma keçməyə hazırlaşacaqlar”.
“Məndə belə bir inam var ki, 2023-cü il hərbi qələbə ili olacaq”, - müdafiə naziri vurğulayıb.
Oleksi Reznokiv əlavə MG-200 hava hücumundan müdafiə radarları almaq barədə müzakirələr aparmaq üçün Fransada olub. O, radar sistemlərinin artırılması ilə “müxtəlif dron, ballistik və qanadlı raket, eləcə də hava hədəflərini müəyyən etmə sahəsində əhəmiyyətli irəliləyişə” sahib olacaqlarını deyib.
Ukrayna kəşfiyyatı iddia edir ki, Rusiya prezidenti ordu qüvvələrinə yazın sonuna kimi Donbası ələ keçirmə əmri verib.
Bazar ertəsi açıqlama verən NATO-nun Baş katibi Jens Stoltenberg bildirib ki, Ukraynanın şərq regionlarını ələ keçirmək üçün Putinin hərbi hədəflərini məhdudlaşdıran heç bir fakt yoxdur.
“Onlar [Rusiya] fəal şəkildə yeni silahlar almaq və silah istehsalını artırmaqla yanaşı, İran və Şimali Koreya kimi avtoritar ölkələrdən də silahlar əldə edirlər”, - Stoltenberg deyib.
O əlavə edib ki, “Putinin işğal məqsədini dəyişməklə bağlı hər hansı addım atdığını müşahidə etmirik. Belə olan halda daha uzunmüddətli risklərə hazır olmalıyıq”.
BBC.com