Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri Vladimir Putin bu “xüsusi hərbi əməliyyatın” rəsmi məqsəd və məramlarını bir neçə dəfə dəyişib. Özünü isə gah I Pyotra, gah da digər rus çarlarına bənzədib. İndi isə deyəsən, özü ilə İosif Stalin arasında paralellər aparmağa başlayıb...
Fevralın 2-də Putin Volqoqrada səfər edəcək. Bu səfərin Stalinqrad döyüşünün ildönümü ilə bağlı olduğu bildirilir. İndi Rusiyada hamı bu səfərdən yazır, danışır. Artıq Volqoqradın girişindəki lövhələr dəyişdirilərək, onların üzərinə Stalinqrad yazılıb, şəhərin özündə isə Stalinin yeni büstü quraşdırılıb. Putin həmin büstün açılışında iştirak edəcək. Bir çox mətbu orqanlar hətta şəhərin adının yenidən rəsmən dəyişdirilərək, Stalinqrad olacağını iddia edirlər. Lakin Kremlin sözçüsü Dmitri Peskov bu xəbəri təsdiq edə bilməyəcəyini söyləyib. Görünür, dəyişməyəcəklər.
Ancaq əslində, indiki Kreml rəhbərliyindən nə desən gözləmək olar və Putin istəsə, bu şəhərə SSRİ-də yaşamış xalqlara qan udduran, onları elliklə sürgünlərə göndərən, qətliamlara, aclığa məruz qoyan, qanlı repressiyalar aparan bir tiranın adını verə bilər. Buna çətin ki, kimsə təəccüb edə. Ancaq istənilən halda, Putinin Volqoqrada səfəri, orada Stalinin yeni büstünün açılması, şəhərin adının yenidən Stalinqrad olacağına dair söz-söhbətlər və cəmiyyətin, mətbuatın da həvəslə bunu tirajlaması Rusiya dövlətinin və kütlənin böyük kəsiminin keçmişlə yaşadığının, gələcək barədə isə təsəvvürünün belə olmamasının növbəti göstəricisidir. Bunu son müsahibəsində Qriqori Yavlinski də demişdi...
Traixdə Stalini qəddarlığına, insanlığa qarşı cinayətlərinə görə müqayisə edə biləcəyimiz şəxslər azdır. Putin bir çox keyfiyyətlərinə görə özünü hər nə qədər ona bənzətməyə çalışsa belə, ortadakı fərqlər göz önündədir. Ona görə yox ki, Putin daha müsbət şəxsi keyfiyyətlərə və fərqli dünya görüşünə malikdir. Xeyr. Sadəcə, hər şeydən başqa, Stalinin apardığı savaşla Putinin müharibəsi mahiyyət etibarilə tamamilə bir-birindən seçilir. Ümumilikdə isə Putin Stalinin şinelini, çəkmələrini, papağını və s. geyinə bilər. Lakin dərhal görünər ki, bunlar Putinin əyininə və başına görə deyil...
Ən azından həmin savaşda SSRİ-də yaşayan xalqlar nə üçün və nəyin uğrunda döyüşdüyünü, həlak olduğunu, məhrumiyyətlərə düçar olduğunu bilir, bu savaşı müqəddəs sayırdılar. O savaşdakı qələbəni indiki Rusiya elitası hər nə qədər Rusiyanın adına çıxmağa çalışsa da, bu, böyük ölçüdə qafqazlının, orta asiyalının, ukraynalının, belarusun qələbəsi idi. Rusiyanın indi Ukraynaya qarşı apardığı savaşınsa işğalçılıqdan başqa adı yoxdur. Orada döyüşən rus əsgəri Kremlin məqsəd olaraq elan etdiyi saxta “denasifikasiya”, “demilitarizasiya” kəlmələrinin nə mənasını, nə də bunları düz-əməlli tələffüz edə bilir...
Tarixən Rusiya hərbi-siyasi elitasındakılar “hamı bizdən qorxur” hissinin həzzini yaşamaq üçün öz rifahlarından, bəzi tamam iliyinə qədər imperiyaçılığa yoluxmuşlar isə öz canlarından keçib. SSRİ dağılanda Azərbaycan başda olmaqla, bütün keçmiş Sovet respublikalarında yaşayan xalqlarda “rifahımızı itirsək də, azadlıq qazandıq” hissi yarandı. Yəni, bir növ hesab 1-1 oldu. Rusiya millətçi eliatsında isə əksinə, yalnız məyusluq və məğlubiyyət hissi vardı. Çünki onlar zatən SSRİ-də özlərini digər xalqlardan daha azad və üstün, hegemon hesab edən zümrə idi. Üstəgəl, hər nə qədər “qardaş xalqların bərabər yaşadığı” SSRİ vətəndaşları olsalar da, imperiyaçılıq hissləri bu kəsimi tərk etməmişdi, edə də bilməzdi. Nəticədə SSRİ-nin dağılması ilə onlar həm rifahlarını, həm də imperiyanı itirdilər. Beləliklə, bizim “obıvatel” üçün hesab hardasa 1-1 – heç-heçə idisə, onlar üçün bu, 0-2 hesablı məğlubiyyət demək oldu. Nəticədə xüsusilə də millətçi və imperiyaçı kəsim özünü alçalmış və kiçilmiş hiss etdi.
Yeri gəlmişkən, bu günlərdə BBC-nin çəkdiyi sənədli filmdə Böyük Britaniyanın Müdafiə Naziri Ben Uolles Rusiya ordusu Baş Qərargah rəisi Valeri Gerasimovla Ukraynaya qarşı işğal müharibəsindən bir neçə gün əvvəlki görüşünü xatırlayaraq deyir: “General Gerasimov dedi ki, bir daha bizi alçalda bilməyəcəklər”.
Elə bu da Rusiya hərbi-siyasi elitasının doğrudan da SSRİ-nin dağılmasını özünün alçaldılması, kiçildilməsi kimi qəbul etdiyinin göstəricisidir. Eynilə də Putinin SSRİ-nin dağılmasını 20-ci əsrin ən böyük fəlakəti kimi təqdim etməsi...
Lakin bir məsələ var ki, Qorbaçovla Yeltsin SSRİ-ni nisbətən sakit, az qan-qada ilə dağıtdı. Putinsə bu gedişlə Rusiyanı daha böyük qanlarla, itkilərlə, fəlakətlərlə dağıtmağa doğru gedirmiş kimi görünür...
Əgər müharibədən əvvəl Rusiyanın Ukrayna üzərində hərbi, siyasi, beynəlxalq nüfuz və s. baxımdan üstünlüyü heç kimdə şübhə doğurmurdusa, bu gün həmin üstünlüklərdən demək olar, əsər-əlamət qalmayıb. Yeganə üstünlük Rusiyanın daha böyük sayda vətəndaşını “ət maşınına” göndərmək imkanıdır. Ukraynanınsa bu “lüksü” yoxdur.
Bütün bunların nəticəsidir ki, Ukraynada hər gün yüzlərlə, bəzənsə mindən artıq rus hərbçisi ölür, yaxud yaralanır. Onların çoxu birinci, yaxud ikinci qrup əlil və deməli həm dövlət, həm də ailələri üçün yük olurlar. Rusiyadakı ailə institutunun zatən hansı acınacaqlı vəziyyətdə olduğunu isə xüsusi şərh etməyə ehtiyac yoxdur. Belədə, bu adamlara kim baxacaq və bu itkilər Rusiyanın genofonduna necə təsir edəcək?
Yeri gəlmişkən, müharibənin ilk günlərində qafqazlıları, orta asiyalıları və digər “ne russkiləri” savaşa səsləyən, tərifləyən və həvəsləndirən Solovyov, yaxud Qirkin kimilər, artıq məğlubiyyətin nəfəsini hiss etdikcə, onları təhqir etməyə, Rusiyadakı digər millətlərə qarşı şovinist, millətçi açıqlamalar, şərhlər verməyə başlayırlar. Ancaq bu da təsadüfi deyil. Deməli, nəsə bilirlər və gələcəyi görürlər...
Axı, marşal Georgi Jukov İkinci Dünya müharibəsində milyonlarla əsgəri ölçüb-biçmədən, gözüyumulu ölümə göndərəndə demişdi ki, eybi yox, rus qadınları yenə doğacaqlar. İndi də bənzər vəziyyət yaranmaqdadır...
Cəlal Məmmədov
“AzPolitika.info”