İranlı nazirdən Azərbaycana yeni təhdid, yenə İsrail...

3-02-2023, 09:55   


Ölkənin informasiya naziri “qonşu ölkələrə təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı” tövsiyə edib və təbii ki, bu eyham Bakıyadır; deputat: “İrana ərazimizdən güc tətbiq edilməsinə imkan vermədik, Tehran nə tez bunları unutdu?”

İranın informasiya naziri İsmayıl Xətib Kirmanşah əyalətinə səfəri zamanı Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı təhdid edib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Xətib “qonşu ölkələrə təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı” tövsiyə edib.

“Sionist rejim bütün iddiaları ilə daxildən çökməkdədir. Daxili çəkişmələr və fələstinlilərin müqaviməti bunun bariz nümunəsidir. Bölgə sakinlərinin bəsirətli və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha uğurlu addımlar atılacaq”, - deyə Xətib bildirib. O, qonşu ölkələrə İsraildən uzaq durmağı tövsiyə edib: “Bu gün regionda Amerikanın mövcudluğunu artırmasının şahidi oluruq. Düşmən ölkəyə və sistemə müxtəlif vasitələrlə - beynəlxalq təzyiqlər, insan haqları, sanksiyaların artırılması, informasiya müharibəsi ilə hücum edir, İranın güc və təhlükəsizliyinin simvolu olan SEPAH-a qarşı addımlar atır”.

Məlumdur ki, Tehrandakı terror aktından sonra İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi.  Telefon danışığı əsnasında yəhudi prezident Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını qınamışdı. İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləmişdi. İsrailin Bakıdakı səfiri də Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşərək başsağlığı verib. Fevralın 1-də isə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib. Z.Həsənov Y.Qallantı müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Fevralın 1-də israilli nazir Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də danışıb. Azərbaycan DSX-nin məlumatına görə, söhbət zamanı təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Xətib Kirmanşahın hədəsində İsraillə isti münasibətlər quran Azərbaycanı nəzərdə tutduğunu ehtimal etmək olar. “Sionist rejim bütün iddiaları ilə daxildən çökməkdədir, daxili çəkişmələr bunun bariz nümunəsidir” dedikdə, iranlı nazir İsraildə son günlər hökumət əleyhinə keçirilən aksiyalara işarə edir. Sanki aylardır etirazlarla çalxalanan İran indi hüzur yuvasıdır. İranlı nazirin açıqlaması da bir daha göstərir ki, rəsmi Tehran təmsilçiləri Azərbaycanın daxili işlərinə qarışmaqda, kiminlə dostluq, kiminlə düşmənçilik edəcəyini müəyyənləşdirmək kimi ağılsız siyasətdən əl çəkmir.

Halbuki Tehran səfirliyində baş verən hadisədən sonra İran dilini qısaltmalı, ya da o dili ancaq Azərbaycana üzrxahlıq etməyə istifadə etməli idi. Ancaq görünən bunun əksidir. Nazirin “İranın güc və təhlükəsizliyinin simvolu olan SEPAH”n yada salması da təsadüfi deyil. Bu o deməkdir ki, hazırda İran siyasətini qanuni prezident deyil, dini liderə birbaşa bağlı olan bu hərbi birlik həll edir. Qeyd edək ki, erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər Tehranın “çörəyinə yağ sürtərək” Azərbaycana qarşı  dezinformasiya yayır. Bildirilir ki, guya İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edib. Dezinformasiyanın məqsədi İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır.

Fayl:Elman Nəsirov.jpg — Vikipediya

Elman Nəsirov

Deputat Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, İran İslam Respublikasının “xomeynizm” ideologiyası var. “Onlar Amerikaya "böyük şeytan", İsrailə "kiçik şeytan" deyirlər. Belə bir ifadə leksikonlarında var. Bu da İranın terrorçu mahiyyətindən irəli gəlir və bunun bariz nümunəsini səfirliyimizə hücumda gördük. İran 1979-cu ildən ABŞ-ın sanksiyalar altında olan dövlətdir. Həmişə bizi ittiham edirlər ki, İsraillə yaxınlıq onların əleyhinə yönəlib. Amma bu tamamilə yalandır, indiyə qədər İsraildə səfirliyimiz yox idi. Niyə bu sualı vermirlər?", - deyə E.Nəsirov vurğuladı. Deputat yada saldı ki, 2006-cı ildə Prezidentin Vaşinqtona ilk rəsmi səfərində Azərbaycandan istifadə etməklə İrana güc tətbiq olunması müzakirəyə çıxarılmışdı: “Ancaq Prezident birmənalı şəkildə qeyd etdi ki, buna imkan verə bilmərik. Buna görə Qərbdən təzyiqlərlə üzləşdik. İran nə tez bunları unutdu? Bu gün İranın dostlarının sayı beş barmağından azdır, özünü təcrid vəziyyətinə salıb və belə vəziyyətdə qonşusunun səfirliyinə terror edir və üstəlik, bizim İsraillə yaxınlığımızın onlara qarşı olduğunu söyləyir”.

İranda rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb" - ELXAN  ŞAHİNOĞLU

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi ilə bağlıdır: “İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir. İsrail İrandakı hərbi müəssisələrə zərbələr endirib. Tehran cavab aksiyası barədə düşünür. Tehran İsraillə yanaşı Təl-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər. Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşları ilə əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı "yatmış hücrələr" formalaşdırdığı da istisna deyil. Azərbaycan 30 ilə yaxındır İran agenturası ilə mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu hələ də son deyil".

Xatırladaq ki, bir müddət əvvəl İran və İsrailin Azərbaycandakı səfirləri arasında qalmaqal yaşanmışdı. Artıq o zamandan Tehran Bakını Təl-Əvivlə münasibətlərə görə ittiham edirdi. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Diki ölümlə hədələmişdi. Buna səbəb Corc Dikin öz rəsmi “Twitter” hesabında Təbrizdə Azərbaycan tarixi və mədəniyyətinin öyrənməsilə ilə bağlı paylaşımı idi. Seyid Abbas Musəvi isə “Twitter” hesabında Corc Dikə aqressiv cavab verərək yazmışdı: “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

Lakin İsrail bugünlərdə İranın “qırmızı xətti”ni keçdi və İsfahanda, eləcə də digər şəhərlərdə hərbi obyektlərini dronla vurdu. Belə gərgin əlaqələr labirint formasını almaqdadır: Bakı-Tehran arasında və Təl-Əviv-Tehran arasında...

Emil SALAMOĞLU
“Yeni Müsavat”



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.