Putin: "80 ildən sonra yenidən alman tankları ilə üz-üzəyik"

3-02-2023, 10:34   



Rusiya prezidenti Vladimir Putin

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Prezident Putin Mamayev Kurqan abidəsi önünə gül dəstəsi qoyub

Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşünün başa çatmasının 80-ci ildönümü ilə bağlı çıxışında Ukrayna müharibəsini Sovet İttifaqının nasist Almaniyasına qarşı müharibəsi ilə müqayisə edib.

Almaniyanın Ukraynaya Leopard tankları göndərmə qərarını vurğulayan Putin, "İnanılmazdır, amma doğrudur. Bizi yenə Alman Leopard tankları təhdid edir" deyib.

Almaniya Ukraynaya öz ərazisini müdafiə etməyə kömək edən bir çox ölkələrdən biridir.

Təxminən bir il əvvəl Rusiya ordusu Ukrayna ərazisinə daxil olduqdan sonra Qərb ölkələri Kiyev hökumətinə silah və yardım göndərməyə başlayıb.


Putin əvvəllər Stalinqrad olan, indi Volqoqrad adlanan şəhərdə çıxış edərkən deyib ki, "Rusiyanı döyüş meydanında məğlub etməyə ümid edənlər sanki başa düşmürlər ki, onlar üçün Rusiya ilə müasir müharibə başqa cür ola bilərdi".

O əlavə edib ki, "Biz onların sərhədlərinə tanklarımızı göndərmirik, lakin cavab vermək üçün imkanlarımız var və bu, təkcə silah və ya silahlı texnika deyil. Bunu hamı başa düşməlidir".

Kremlin sözçüsü Dmitri Peskov da mətbuata bildirib ki, “Qərbdən yeni maşınlar gəlməyə davam etdikcə, Rusiya cavab vermək potensialını daha çox qiymətləndirəcək”.

İkinci Dünya Müharibəsinin ən qanlı döyüşü olan Stalinqradda 91 min alman əsgəri təslim olmaq məcburiyyətində qaldıqda, müharibənin gedişatı dəyişdi.

Putin iddia edir ki, Ukraynada müharibə başlayandan bəri millətçilərə və nasistlərə qarşı mübarizə gedir.

"İndi təəssüf ki, nasist ideologiyası öz müasir qiyafəsində, müasir görkəmində yenidən ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Yenə də biz Qərbin kollektiv hücumunu dəf etmək məcburiyyətindəyik", - deyə Putin bildirib.

O deyib ki, Rusiyanın yenidən alman tankları ilə təhdid edilməsi “inanılmazdır, lakin həqiqətdir”. Putinin sözlərinə görə, Moskvanın onu təhdid edən hər bir ölkəyə cavabı var.

Volqoqradın adı dəyişdirilərək birgünlük Stalinqrad olub və bu həftənin əvvəlində orada keçmiş Sovet lideri İosif Stalinin büstü tapılıb.


1924-cü ildən 1953-cü ildə vəfatına qədər Sovet İttifaqının lideri olan Stalin 1932-33-cü illərdə Ukraynada aclığa səbəb olmaqda ittiham olunurdu.

Ukraynalılar tərəfindən Qolodomor adlandırılan aclıqda bu müddət ərzində təxminən 5 milyon insan ölüb və bu həftənin əvvəlində Bolqarıstan hadisəni soyqırım kimi tanıyıb.

Putin, həmçinin o vaxtkı Stalinqrad şəhərinin müdafiəsinə rəhbərlik edən Sovet marşalının məzarı üzərinə gül dəstələri qoyub, abidəni ziyarət edib. Burada o, müharibədə həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bu arada minlərlə volqoqradlı hərbi paradı izləmək üçün şəhər küçələrində növbəyə durub.

Təyyarələrin nümayişi zamanı müasir və İkinci Dünya Müharibəsi tankları şəhərin mərkəzinə gətirilib. Bəzi müasir nəqliyyat vasitələrinin üzərinə Ukrayna müharibəsinin simvoluna çevrilən Z hərfi həkk olunub.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Qərbin Ukraynaya yardımı müqabilində “qisas almağa” hazırlaşır:

"Rusiya hazırda qüvvələr toplayır. Biz bunu hamımız bilirik. Bu, təkcə Ukraynaya qarşı deyil, azad Avropa və azad dünyaya qarşı revanş hazırlığıdır".

Çıxış zamanı Zelenskinin yanında olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Avropa İttifaqı liderləri Rusiya iqtisadiyyatına əlavə sanksiyalar tətbiq etməlidir.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.