Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib.
İsveçdəki qalmaqala ən sərt reaksiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Türkiyə lideri İsveçə açıq mesaj verib: “İsveç, nə qədər ki, mənim müqəddəs kitabım olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verəcəksən, biz də sənin NATO-ya daxil olmağına “hə” deməyəcəyik. Finlandiyanın NATO-ya daxil olmasına münasibətimiz müsbətdir”.
Musavat.com xəbər verir ki, NATO-ya üzvlük qapıları üzünə bağlanmaq üzrə olan İsveçin köməyinə ABŞ senatorları gəlib. Senatorlar Baydenə az qala şantaj kimi bir plan təqdim ediblər.
"CNN İnternational"ın xəbərinə görə, 27 ABŞ senatoru prezident Co Baydenə məktub göndərərək, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənənə qədər Türkiyəyə F-16 təyyarələri satmamağı tələb ediblər.
İsveç və Finlandiyanın üçlü razılaşmanın şərtlərini yerinə yetirdiyini müdafiə edən senatorlar Ukrayna müharibəsinin davam etdiyi kritik bir zamanda Türkiyənin bəyənməməsinin NATO-nun birliyini təhdid etdiyini iddia ediblər.
Sözügedən məktubda F-16-ların satışının Türkiyənin İsveçin NATO üzvü olmasını təsdiq etməsindən sonra qiymətləndirilməsi vurğulanıb.
Türkiyə iki ölkənin üzvlüyünə razılıq verməsə, F-16-lar da daxil olmaqla Ankaraya heç bir dəstək verilməməsi barədə çağırış edilib.
ABŞ senatorlarının yazdığı məktub İsveç mətbuatında geniş işıqlandırılıb. Xəbərlərdə məktubun NATO-ya üzvlük prosesində İsveçin əlini gücləndirəcəyi ilə bağlı şərhlər yer alıb.
Bu məsələni ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında da gündəmə gətirib.
Mətbuat katibi senatorların yazdığı məktubla bağlı suala belə cavab verib:
“NATO müttəfiqi kimi Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları var. Biz bunu qarşılamaq üçün əlimizdən gələni edəcəyik. Yəni biz F-16-ların Türkiyəyə satışını dəstəkləyirik”.
Musavat.com