Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bir ilə yaxındır müharibənin davam etdiyi Ukraynanın paytaxtı Kiyevə kritik səfər ediblər.
Musavat.com xəbər verir ki, müharibə başlayandan sonra ilk dəfə təşkil edilən Avropa İttifaqı-Ukrayna Zirvəsi çərçivəsində ittifaqın tanınmış simaları Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini müzakirə ediblər.
Görüşün yeri və vaxtı təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın üzvlük prosesi üçün qəti bir cədvəl olmadığını bəyan edib və Kiyev hökumətinin çatmalı hədəflərinin olduğunu vurğulayıb.
Leyen, həmçinin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin rus pilotsuz təyyarələrini hədəf alacağını açıqlayıb.
İclasdan sonra üzvlük prosesi ilə bağlı dəqiq bir açıqlama olmasa da, Britaniyanın "Daily Mail" qəzeti keçən ilin iyununda "namizəd ölkə" statusunu alan Ukraynanın tam üzvlük yolunu uzun müddət gözləməli olacağını yazıb.
Qəzet Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Ukraynaya qarşı müsbət bəyanatlarına baxmayaraq, üzvlük yolunda Kiyevə “xüsusi imtiyaz” verilməyəcəyini və Aİ-nin bu məsələ ilə bağlı Ukraynanı gizli şəkildə məlumatlandırdığını iddia edib.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Aİ-yə üzvlüklə bağlı müsbət mesajlar verib: "İnanıram ki, Ukrayna bu il Aİ-yə üzvlük danışıqlarına başlamağa layiqdir. Yalnız güclü Ukrayna və güclü Avropa İttifaqı birlikdə dəyər verdiyimiz şeyi qoruya bilər".
Musavat.com