İran rejiminin Azərbaycandakı dayaq və “uzantıları” - Onları neytrallaşdıra biləcəyikmi?

4-02-2023, 09:26   


“Azərbaycanla İran arasında nifrətin dərəcəsi artır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu tanınmış şərqşünas alim, professor, fəlsəfə elmləri doktoru, Dini Komitənin sabiq sədri Rafiq Əliyev Minval.az-a müsahibəsində deyib.

Rafiq Əliyev hesab edir ki, Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktının arxasında İranda Azərbaycana düşmən olan müəyyən siyasi qüvvələr dayanır, nəinki birbaşa hakimiyyətin özü. Onun sözlərinə görə, son 10-15 ildə Azərbaycanda dini durum pisləşib: “Dinin həyatın bütün sahələrinə təsiri artır. Bu gün din xadimləri on minlərlə insanı öz ətraflarına toplamaq, əhval-ruhiyyəni dəyişmək iqtidarındadır və bu, çox ciddi və düşündürücüdür. Düşünmürəm ki, hakim Yeni Azərbaycan Partiyasından başqa bu qədər adamı öz sıralarına toplaya bilən başqa bir partiya var. Hətta siyasi partiyaların hamısı bir araya gəlsə belə, bu qədər adamı öz ətrafında toplaya bilməyəcək. Bu iş böyük səy və çox yaxşı təşkilatçılıq tələb edir. Bu o deməkdir ki, İrana meyilli din xadimlərimizdə bütün bunlar var. Bu mənada, təbii ki, Azərbaycanın dini icması daxilində əhval-ruhiyyə qeyri-sabitdir və dövlətin xeyrinə deyil”.

Professora görə, regionda dini vəziyyət çox mürəkkəb və gözlənilməzdir və bundan sonra nə baş verəcəyi bizim gələcəkdə qarşılaşacağımız ayrı-ayrı hadisələrdən asılı olacaq.

“Bu gün iranpərəst din xadimləri Azərbaycanın daxilində sabitliyi pozmağa qadirdirmi” sualına Rafiq Əliyev təsdiqi cavab verib.

Onun qənaət və mülahizələrini siyasi və təhlükəsizlik ekspertləri də bölüşürmü? İrana meylli dın xadimləri gerçəkdənmi ölkəni qarışdırmaq gücündədir?

Bu arada Türkiyənin “Haber 7.com” xəbər portalında yayımlanan “Qardaşa 3500 casus yerləşdirilib. Tarixdə örnəyi yox” adlı məqalədə isə bildirilir ki, 1996-cı ildə “Azərbaycan Masası” adlı xüsusi bir qurum yaradan İran 3500 casusu Azərbaycana göndərib. Yaxalanan bəzi casuslar öz cinayətlərini etiraf edib, 700 nəfər isə qaçıb.

Elxan Şahinoğlu: “Baydenin Azərbaycan üçün təhdidlər yaradacağını  düşünmürəm” – Muxbir

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, İranın 30 il ərzində Azərbaycanda casus şəbəkəsi yaratması sirr deyil və gec-tez bu şəbəkə ifşa olunmalı idi: “Rafiq Əliyev uzun illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. O, bu dinlə əlaqəli məsələləri araşdıran alim kimi də tanınır. Onun dediklərini şübhə altına almaq istəmirəm. O, vəziyyəti dərindən bilən alimdir. ”Haber 7.com" xəbər portalında göstərilən rəqəmlərlə mən də tanışam. Ona görə də mən də Rafiq Əliyevin fikirlərini bölüşürəm. Azərbaycan müstəqillik qazanandan bu yana İrandakı dairələr ölkədəki xaosdan, hakimiyyət boşluğundan istifadə edərək burada möhkəmlənməyə başladılar. O zaman bunu tam anlamırdıq, düşünürdük ki, ikitərəfli əlaqələr qururuq, əməkdaşlıq edirik. İllər sonra isə anlamağa başladıq ki, İrandakı dairələrin məqsədi fərqlidir. Azərbaycanda agentura şəbəkəsi formalaşdırıblar, “5-ci kalon” yaradıblar, tərəfdar qruplar toplayıblar. Gənclərimizi İrana aparıb pulsuz dini təhsil verməklə, xüsusilə Qumda dini təhsil adı ilə öz tərəfinə çəkdi. Ona görə də miqyasın böyük olduğunu düşünürəm".

Politoloq deyib ki, Azərbaycanda İrana bağlı casus şəbəkəsi və yatmış hücrələrə qarşı da tədbirlər görülür: “Bu gün Azərbaycanda İrana bağlı olan casus şəbəkəsində, yatmış hücrələrdə nə qədər vətəndaşımız var sualına cavab vermək çətindir. Az deyillər. 3500 nəfərdirlər, 700-800 nəfərdirlər-bunu söyləmək çətindir. İran 30 il ərzində bu istiqamətdə sistemli iş aparıb. Dövlət Təhlükəsizliyi Xidməti 1 ay əvvəl hətta bir gəmi kapitanını həbs etdi. Məlum oldu ki, kapitan İranın xeyrinə casusluqla məşğul olub, koordinat ötürüb. Bu fakt onu göstərir ki, İran Azərbaycanda bütün sahələrə öz adamlarını yerləşdirməyə çalışıb. Buna harada nail olub, harada olmayıb məsələsi də açıqdır. Hər il İran casusların həbs olunsa da, bitib-tükənmirlər. Bu, təhlükənin miqyasından xəbər verir”.

Politoloq deyir ki, hər İrana gedən, İranla ticari əlaqəsi olan şəxs İran agenti olmaya bilər: “İranla bu və ya digər şəkildə əlaqəsi olan hər kəsin şübhə altına alınmasının tərəfdarı deyiləm. Amma yenə də araşdırmalar aparılmalıdır. Əlaqələr yoxlanmalı, sağlam, Azərbaycana sədaqətli insanlara toxunmaq məqsədə uyğun deyil. Çünki əks effekt ala bilərik. Araşdırmalar zamanı bilinəcək ki, kim casusluq fəaliyyətinə cəlb olunub, kim də öz maraqları üçün İrana gedib. Kimlər ki, casusluq fəaliyyətinə cəlb olunub, onlara güzəşt edilməməlidir”.

İlham İsmayıl koronavirusa yoluxdu — Xəstəxanadadır

İham İsmayıl 

“Təhlükəsizlik” Araşdrıma Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert İham İsmayıl “Yeni Müsavat”a deyib ki, İran illərdir Azərbaycanda özünə biət edən şəbəkə yaratmaq üçün fəaliyyətdə olub: “Amma həmin şəbəkə Azərbaycanda çevriliş etmək gücündə deyil. Təxribatlar törədə, terror edə bilərlər, amma İrana bağlı şəbəkə meydana çıxıb hansısa şəkildə güc nümayiş etdirsinlər, dəyişiklik etsinlər, bu mümkün deyil. İrana bağlı şəbəkə islam, din pərdəsi altında fəaliyyət göstərir. Ona görə də bəzi insanlarda fikir formalaşıb ki, bunlar Allah adamıdırlar, bunlara etiraz etmək olmaz. 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın yanında yer almaları, Ermənistana əlindən gələn dəstək vermələri, anti-Azərbaycan bəyanatları İranı gözdən saldı. Azərbaycanda yaşayıb İranın yanında olanlar belə onlardan üz çevirdilər. İran əsl sifətini 44 günlük Vətən müharibəsi və sonrakı dönəmdə göstərdi. Tehrandakı səfirliyimizə xain terror cinayəti də həmin siyasətin davamıdır. İran açıq şəkildə Ermənistana dəstək verməklə, Azərbaycana qarşı fəaliyyət göstərməklə Azərbaycanda yaşayan, ağlı başında olan hər kəsi ondan üz çevirməyə, onun yanından çəkilməyə məcbur etdi. Azərbaycanın təhlükəsizlik orqanları daim bu istiqaməti nəzarətdə saxlayır”.

Ekspertə görə, İran xüsusilə 90-cı illərdə Azərbaycanda kütləvi şəkildə cəlbetmə ilə məşğul olub: “Bu siyasəti İranın İnformasiya Nazirliyi üzərindən həyata keçirirdilər. Hərbi, siyasi və ideoloji qanadı olan bir təşkilat qurmuşdular. Hazırda Azərbaycanda bunların sayı getdikcə azalıb. Azərbaycan xüsusi xidmət orqanlarının gördüyü davamlı işlər nəticəsində bunların sayı aşağı düşüb. Buna baxmayaraq bunlar hələ mövcuddurlar, amma o gücdə deyillər ki, nəyisə dəyişə bilsinlər”.

Ekspert hesab edir ki, İrana bağlılığı olan hər kəs nəzarətə alınmalı, müvafiq tədbirlər həyata keçirilməlidir: “Qumda təhsil alanların 99 faizi, bəlkə də 100 faizi İran xüsusi xidmət orqanları tərəfindən cəlb olunub. Ola bilsin ki, sonradan bəziləri Azərbaycana qayıdandan sonra gəlib fəaliyyət göstərməyiblər. Həmin şəxslər, onların ətrafında olan şəxslər hamısı nəzarətə alınmalıdırlar. Onların əməllərinə baxıb konkret addımlar atılmalıdır. Profilaktik söhbət nəticə vermirsə, mütləq şəkildə barələrində cəza tədbiri seçmək lazımdır. Qumda təhsil almış İranla əlaqəli şəxslərin heç biri nəzarətdən kənar olmamalıdırlar. Bu nəzarət daimi olmalıdır. Çünki bu adamların 1 tapşırığı var - Azərbaycanda konstitusion quruluşu dəyişməklə dini dövlət qurulmasını təmin etmək. Ona görə də kimsəyə güzəşt olunmamalı, İrana bağlı olan hər kəs nəzarətə götürülməlidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.