İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki maraqlarla bağlı kompromis əldə etdiyini bildirib.
Benyamin Netanyahunun sözlərinə görə, İran ordu yaratmaq və onu Suriyada İsrail sərhədi yaxınlığında yerləşdirmək istəyir. Bundan əlavə, Tehran nüvə silahı yaratmaqla yəhudi dövlətini məhv etməyə və onun sakinlərini təhlükə altına atmağa çalışır:
“Əvvəlcə mən Putinə dedim: “Bax, bizim seçimimiz var: ya qarşıdurmaya gedə bilərik, ya da ümumi dil tapa bilərik. İsrail sərbəst hərəkət edir... Biz sizin Suriyadakı hərəkətlərinizə qarışmırıq, siz isə bizi rahat buraxırsınız. Biz İsrailin maraqlarına xidmət edən kompromis tapdıq və buna görə də Putin hesab edir ki, bu, Rusiyanın maraqlarını təhdid etmir”, - Netanyahu Fransanın "LCI" telekanalına deyib.
Hökumət başçısı deyib ki, o, Putinlə bir-birini sakit buraxmaqla bağlı ortaq qərara gəliblər.Bundan əvvəl Netanyahu qeyd edib ki, İsrail Rusiya ilə hərbi qarşıdurma istəmir. Eyni zamanda, o, iki ölkə arasında çətin münasibətlərin olduğunu etiraf edib.
Onun sözlərinə görə, bu, Suriya ilə sərhəddə İsrail və Rusiya təyyarələrinin bir-birindən “tüpürəcək qədər uzaq məsafədə” uçması ilə bağlıdır.
Netanyahu qeyd edib ki, Təl-Əvivin havada hərəkət azadlığına ehtiyacı var. Lakin bu, Moskva ilə qarşıdurmaya səbəb ola bilər. Bununla yanaşı, Netanyahu hadisələrin belə inkişafını istəmədiyini vurğulayıb.
Yaxın Şərq üzrə ukraynalı ekspert İqor Semivolos hesab edir ki, Netanyahu hökuməti Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq. İsrail Ukrayna məsələsində Rusiyaya etdiyi güzəştlərin müqabilində öz sərhədlərində təhlükəsizliyinə Moskvadan dəstək istəyir:
“Netanyahu Rusiya ilə münasibətləri İranın Yaxın Şərqdə güclənməsinə qarşı qoruyucu vasitə hesab edir. İsrailin yeni hökumətinin “Rusiya relsləri”nə düşmək ehtimalı az olsa da, Ukraynayönlü də olmayacaq.
“Köhnə-yeni” Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi yeni İsrail hökuməti Rusiya-Ukrayna münaqişəsi fonunda sələfi Naftali Bennet tərəfindən Moskva ilə dondurulmuş əlaqələri bərpa etmək qərarına gəlib. Ölkənin yeni xarici işlər naziri Yeli Koen rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb və nəticədə söhbət iştirakçıları bir söz deməyiblər. Söhbət zamanı Koen və Lavrovun münaqişədən danışmaması və Kreml diplomatının İsraili Ukraynaya hər hansı yardımdan imtina etməyə inandırmadığı çox şübhə doğurur.
Benyamin Netanyahunun yeni hökumətinin siyasətinin Ukraynaya necə təsir edə biləcəyindən danışsaq, ilk növbədə bunun İsraildəki sonuncu seçkilərdən əvvəl necə olduğunu aydınlaşdırmalıyıq. Baş nazir Naftali Bennetin rəhbərlik etdiyi əvvəlki hökumət Rusiyanın Ukraynadakı müharibəsinin ilk günlərindən bütün sivil dünya ilə birlikdə açıq şəkildə hərəkət etdi. Bu ilk növbədə, İsraillə müttəfiqlik münasibətləri olan ABŞ-la həmrəylikdə özünü göstərdi.
Ölkənin o vaxtkı xarici işlər naziri Yair Lapid rusların hərəkətlərini pisləyən sərt bəyanatla çıxış edib. Ötən ilin aprelində İsrailin rəsmi mövqeyi daha da sərtləşdi. Daha sonra İsrail Xarici İşlər Nazirliyi daha sərt bəyanatla çıxış edərək Moskva ilə əlaqəni tamamilə kəsdi. Lakin İsrail hökumətinin Ukrayna ilə bağlı mövqeyi humanitar yardımla məhdudlaşdı. İsrailin kəşfiyyat məlumatlarını həm Qərblə, həm də Rusiya ilə bölüşdüyünə dair yayılan xəbərləri Bennet hökuməti təsdiq etməsə də, təkzib də etmədi.
Kiyev və Moskva arasında vasitəçi rolunu oynamağa çalışan Bennet Rusiya Federasiyası ilə iqtisadi əlaqələri saxlamaq ideyasını (o cümlədən qaçaq rus oliqarxlarından pul cəlb etmək) təbliğ edirdi. O, həmçinin Suriyadakı vəziyyətlə bağlı ruslarla əlaqə saxlayırdı. Amma bu yanaşma işə yaramadı. Knessetdə çıxış edən Vladimir Zelenskinin “xeyirlə şər arasında vasitəçilik ola bilməz” sözləri Bennetin siyasətinə bir növ cavab idi. Netanyahunun rəhbərlik etdiyi koalisiyanın isə tamam başqa seçici bazasını təmsil edir və Moskva ilə münasibətlərə fərqli baxışı var. Onun seçiciləri Ukraynaya biganədir”.
Ekspert hesab edir ki, Netanyahunun Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək barədə düşünəcəyinə dair dedikləri İsraildən Ukraynaya kömək etməkdə daha fəal olmağı tələb edən dünya yəhudi icmalarının nümayəndələrinə ünvanlanıb.
Ona görə də Semivolos Netanyahunun “Dəmir gümbəz” sistemlərini rəsmi Kiyevə verəcəyinə dair bəyanatına inandırıcı yanaşmır. Ukrayna hakimiyyətinin İsrail hökumətinin mövqeyini dəyişmək imkanları isə yoxdur. Üstəlik, İsrail mətbuatının verdiyi məlumata görə, ölkənin yeni xarici işlər naziri Yeli Koen ölkəsinin Ukraynaya qarşı humanitar siyasətini davam etdirəcəyini, digər məsələlərdə isə susacağını bildirib. Koenin Lavrovla apardığı danışıqların Moskva ilə əlaqələrin bərpasına həsr olunduğu şübhə doğurmur.
Ekspertin fikrincə, İsrailin siyasəti 180 dərəcə dəyişməyəcək. Netanyahu hökumətinin Rusiyanın xətti ilə addımlayacağını söyləmək olmaz. Lakin o, şübhəsiz ki, Ukraynayönlü də olmayacaq. Yəhudi icmalarının nümayəndələrini bir daha narahat etməmək üçün Koen və Netanyahu ümumiyyətlə, heç bir məlumat verməmək qərarına gəliblər.
“Netanyahu hökuməti Ukrayna ilə bağlı mövqeyini İsrailin maraqlarına uyğun olaraq dəyişə bilər. Belə ki, Netanyahunun özünün siyasi üslubuna əsaslanaraq güman etmək olar ki, söhbət Ukraynadan çox, İsrailin öz maraqlarından gedir. İsrailin “köhnə-yeni” Baş naziri Rusiyanı və şəxsən Putini İranın regionda güclənməsinə qarşı bir növ təminat hesab edir. Moskva davamlı olaraq “oyun”larını bu amil üzərində qurur. Kreml İsrailə “Bizə lazım olanı edin, biz də Tehranın mövqeyinə təsir göstərməyə çalışacağıq”, - deyir.
Bu amili də əhatə edən səbəb 2018-ci ilin mayında Netanyahunun Moskvada Qələbə paradına gələn, demək olar ki, yeganə xarici lider olması idi. Netanyahu və onun tərəfdaşlarına səs verən sağçı elektorat üçün İran təhlükəsi mövzusu Ukrayna problemlərindən daha yaxın və aktualdır. Onlar belə bir siyasi xəttə səs verdilər və yeni hakimiyyət ona rəhbərlik edir”.
Şərqşünasın fikrincə, İranla Moskva arasında hərbi əməkdaşlığın gücləndiyi hazırkı vaxtda bu əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, İsrailin Ukraynaya hərbi dəstəyini vermədiyini nəzərə alan Rusiya yəhudi dövlətinin Suriyada İrana bağlı hərbi bazalara və terror təşkilatlarına qarşı aviazərbələr endirməsinə etiraz etmir.
Görünür, Netanyahunun Putinlə əldə etdiyi kompromis də bu kursun davam etdirilməsi ilə bağlıdır. Lakin Netanyahunun köhnə və yeni hakimiyyəti arasında dünyada tamamilə fərqli geosiyasi reallıqlar yaranıb. Ona görə də Benyamin Netanyahu yeni beynəlxalq şəraiti nəzərə almadan Rusiya ilə birbaşa razılaşmalar əldə etməsi mümkün deyil.
İsrail rəhbərliyinin Vladimir Putinlə əməkdaşlığı Rusiyanın İran məsələsində tutduğu mövqedən asılı olacaq. İran məsələsinin həlli daha geniş miqyas alıb. Əgər əvvəllər Netanyahu və Bennet hökumətləri İranın İsrail sərhədlərində möhkəmlənməsinə qarşı Suriyanın qərbinə nəzarət edən Rusiyanı əsas maneə hesab edirdisə, indi vəziyyət dəyişib. Üstəlik, Netanyahunun əvvəlki hakimiyyəti dövründə İran nüvə proqramına dair Qərblə danışıqlarda manipulyasiya imkanlarını saxlayırdı.
İndi isə İran bu danışıqlardan tamamilə imtina edərək nüvə silahına sahib olmaq uğrunda fəaliyyətini davam etdirəcəyini gizlətmir. İsrail isə bu təhlükənin qarşısını almaq üçün İran ərazisinə dron və raket zərbələri endirməyə qərar verib. Artıq yanvarın 29-da ilk hava hücumu həyata keçirilib. Baş nazir Netanyahu bu əməliyyatların davam etdiriləcəyini bildirib. Ancaq İranın Ukraynadakı müharibəyə cəlb olunması nəticəsində yaranmış yeni vəziyyət İsarilin və Rusiyanın asanlıqla kompromisə gələ biləcəyinə şübhə yaradır.
İlk növbədə, İsrailin İranın dron istehsal edən müəssisələrə zərbələr endirməsi Rusiyanın maraqlarına ziddir. Çünki Rusiyanın Ukrayna cəbhəsində istifadə etmək üçün həmin zərbə dronlarına ehtiyacı var. Ona görə də Moskva İsraildən Yaxın Şərqdə İranın fəallığına mane olmaq müqabilində dron zavodlarına və bazalarına qarşı əməliyyatları dayandırmağı təklif edə bilər. Lakin Netanyahu hökumətinin Rusiya ilə belə bir kompromisə getməsi ABŞ-ın Ukraynadakı geosiyasi maraqlarına zərbə vurur.
İsrailin Baş naziri yaxşı anlayır ki, Rusiya-İran hərbi ittifaqının möhkəmlənməsinə şərait yaradan istənilən addımı ABŞ-ın narazılığına səbəb olacaq. ABŞ Netanyahu hökumətinin İrana qarşı hərbi əməliyyatlarında birbaşa iştirak etməsə də kəşfiyyat, siyasi və texniki dəstək verir. Hətta ABŞ-ın Dövlət katibi Entoni Blinkenin İrana qarşı hərbi əməliyyatların aparılacağını istisna etməyib.
Yəni perspektivdə İranın nüvə proqramının qarşısını almaq və Rusiyaya hərbi yardımını dayandırmaq üçün ABŞ-ın İsraillə birlikdə nöqtəvi raket zərbələri endirməsi ehtimalı artır. Ancaq İsrail hökumətinin Putinlə razılaşmaya getməsi ABŞ-ın bu plandan imtina etməsinə gətirib çıxara bilər. ABŞ-ın Ticarət Nazirliyinin İsrailin Rusiya ilə əməkdaşlıq edən bir neçə şirkətinə sanksiyalar tətbiq etməsi Netanyahu hökumətinə xəbərdarlıq kimi başa düşülə bilər.
Öz növbəsində, İran da Rusiya Prezidentinin birinci dərəcəli düşməni Netanyahu ilə “siyasi bazarlığa” getməsini sakit qarşılamayacaq. Çünki İsrailin Suriyada aviazərbələr endirməsinə Rusiyanın şərait yaratması rəsmi Tehranın Moskva ilə hərbi sahədə razılaşmalarını poza bilər.
Yəni İran Kremlə etiraz olaraq, “Şahed-136” dronlarının və “Zülfüqar” ballistik raketlərinin Rusiyaya verilməsini dayandıra bilər. Bu isə mart ayında həm Ukraynanın, həm də Rusiya ordusunun hücuma hazırlaşdığı bir ərəfədə Moskva üçün arzu olunan deyil. Rusiyanın İran istehsalı olan zərbə dronlarına ciddi ehtiyacı var. Bu səbəbdən, İranla müttəfiqliyə xələl gətirmək hazırkı mərhələdə Rusiya üçün əlverişli deyil.
İran isə verdiyi dronların əvəzində Rusiyadan “Su-35” qırıcı təyyarələri almağa razılaşıb. Lakin İranın Rusiyadan hərbi yardım müqabilində uranın zənginləşdirilməsi və nüvə texnologiyasının əldə ediməsinə dəstək istədiyi barədə kəşfiyyat məlumatları var.
İsrailin dron məsələsində Rusiya-İran əməkdaşlığına “göz yumması” rəsmi Tehranın nüvə silahına aparan yolunu aça bilər. Üstəlik, İranın daha müasir Rusiyanın hesabına hərbi arsenalını gücləndirməsi İsrailin milli təhlükəsizliyi üçün təhdid yaradır.
Ona görə də İsrail və Rusiya arasında orta xətti tapmaq hələlik hər iki tərəf üçün çətin görünür. Rusiyanın Tatarıstanda İran dronlarının istehsalı ilə məşğul olacaq müəssisə inşa etmək qərarı Putinin bu hərbi müttəfiqlikdən imtina etmək niyyətində olmadığını göstərir. Eləcə də Netanyahunun Ukraynaya “Dəmir gümbəz” sistemlərini verəcəyi barədə açıqlaması çox güman ki, Rusiyaya seçim etmək xəbərdarlığıdır.
Müşfiq Abdulla
Cebhe.info