“Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbəri kədərlidir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan kömək etməyə hazırdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşımında bildirib.
Əlbəttə ki, Paşinyanın bu açıqlaması adi diplomatik etiket qaydalarından irəli gələn bəyanatdır və normalda bir-birindən uzaq, hətta düşmən dövlətlərin başçıları təbii fəlakətlər zamanı adətən, bu cür rəsmi münasibət sərgiləyirlər.
Təkcə onu qeyd etmək kifayətdir ki, hətta Ukrayna kimi öz başı amansız, qanlı müharibəyə qarışan ölkə belə, Türkiyəyə yardım etməyə hazır olduğunu bəyan edib.
Ancaq real köməyə gəlincə, ilk olaraq Azərbaycan, ardınca isə digər Türk respublikaları, həmçinin Rusiya, İsrail, ABŞ və digər çoxsaylı ölkələrin xilasedicilər, avadanlıqlar, humanitar yardım və s. göndərməsi təbiidir. Yardıma tələsənlər sırasında Azərbaycan kimi Türkiyə ilə sırf milli kök, qan bağlılığı və humanist səbəblərə dayanan ölkələrlə yanaşı, daha çox siyasi münasibətlər, siyasi maraqlar və s. daha öndə duran ölkələr də var. Ancaq hər halda, bu dövlətlərin hər birinə dərin təşəkkür düşür...
Ermənistana gəlincə, rəsmi münasibət hər nə qədər normal və sivil görünsə də, təəssüf ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin bu təbii fəlakətə, faciəyə münasibəti əsas etibarilə adi bəşəri, insani, sivil dəyərlərdən uzaq, biabırçı dərəcədə anti-humanist səviyyədədir.
Erməni “telegram” kanallarında, müxtəlif sosial şəbəkə səhifələrində az qala “toy-bayram edənlər” var və belələrinin sayı bu faciəyə adi insani münasibət göstərən, başsağlığı verən ermənilərlə müqayisədə min dəfələrlə çoxdur. Bu cür insanlıqdan məhrum bioloji varlıqların sayı nəinki 3-5 nəfər, hətta yüzlərlə olsaydı, dərd yarı idi. Belələri təkcə sosial şəbəkələrdə minlərlə də yox, bəlkə də on minlərlə, hətta yüz minlərlədir. Unutmayaq ki, bunlar 1988-ci ildə böyük zəlzələ yaşamış və azı 25 min adam itirmiş bir toplumun təmsilçiləridir...
Bununla Türkiyədən, Azərbaycandan guya “heyif çıxdıqlarını” nümayiş etdirən ermənilər, əslində göstərirlər ki, bu toplumun böyük hissəsini öz hikkəsi, acgözlüyü, xainliyi səbəbindən başına gələn faciələr, məğlubiyyətlər, qırğınlar, həmçinin, Ermənistanın özündə baş vermiş təbii fəlakətlər qətiyyən ağıllandırmayıb.
O da maraqlıdır ki, Türkiyədəki faciədən “həzz alan” ermənilərin böyük əksəriyyəti Ermənistandan kənarda yaşayanlardır. Bu isə onu göstərir ki, nə Avropa, Qərb təhsili, nə yüksək həyat şəraiti, nə dünya mədəniyyətinə, elminə, ədəbiyyatına çıxış imkanları, nə də digər müasir, sivil insani münasibətlərə şərait yaradan amillər erməni toplumunun böyük hissəsinin mədəni səviyyəsini qətiyyən qaldırmayıb, onların beynindəki Türkiyəyə, Azərbaycana qarşı vəhşilik səviyyəsində nifrəti, düşmənçilik qatını yara bilməyib. Yəni, bunlar əsrlər boyu necə gəliblərsə, elə də gedirlər...
Ermənistana gəlincə isə, oradakıları hazırda daha çox düşündürən və qorxudan bu zəlzələnin Ermənistan ərazisinə qədər gəlib çatması, yaxud burada təkrarlanması perspektividir. Erməniləri sakitləşdirməyə çalışan Ermənistan FHN-in baş eksperti Sergey Nazaretyan mətbuata açıqlamasında Türkiyədəki zəlzələnin tezliklə Ermənistanda təkrarlanacağını mümkünsüz hesab etdiyini deyib.
O, bildirib ki, zəlzələni yaradan əsas qırılma zonası Ermənistan ərazisindən keçmədiyi üçün, onun bu ərazidə baş verməsi ehtimalı çox aşağıdır və burada uzağı, zəif təkanlar hiss edilə bilər.
Bununla yanaşı, Nazaretyan deyib ki, Ermənistanda seysmik cəhətdən ən təhlükəli yer İrəvandır. O, əlavə edib ki, İrəvandakı xüsusilə Sovet dövründən qalan binaların böyük əksəriyyətinin seysmik davamlılığı olduqca aşağıdır. Bu da əksər keçmiş Sovet respublikalarında olduğu kimi, həm onların köhnə olması, həm də tikinti zamanı yol verilən yeyintilərlə bağlıdır. Elə Spitakdakı 6.8-7.2 bal gücündəki zəlzələnin böyük dağıntılara səbəb olmasında da həmin binaları tikən erməni mühəndis və “prorabların” oğurluqlarının əhəmiyyətli rol oyandığı məlum olmuşdu. Nazaretyan bir neçə il əvvəl İrəvandakı binaların seysmik dözümlülüyü ilə bağlı ekspertiza keçirdiklərini, lakin “əhalinin panikaya düşməməsi üçün” bu ekspertizanın nəticələrini açıqlamadıqlarını deyib.
Nəhayət, erməni mütəxəssis bildirib ki, son illər Ermənistanda baş verən irili-xırdalı zəlzələlərin sayının artımı tendensiyası müşahidə olunur. Onun dediyinə görə, 2020-ci ildə Ermənistan ərazisində cəmi 33 zəlzələ olmuşdusa, 2021-ci ildə 138 zəlzələ qeydə alınıb. 2022-ci ilin nəticələri isə yaxın günlərdə dərc ediləcək.
O, bütün bunlarla yanaşı, xüsusi vurğulayıb ki, Spitak zəlzələsindən 35 il keçməsinə baxmayaraq, onun ocağı hələ də oyaqdır. Yəni, növbəti Spitakdan erməniləri kimsə sığortalamayıb. Odur ki, ermənilərin Türkiyədəki faciəyə sevinən kəsiminin ən azından öz mütəxəssislərinin dediklərini diqqətlə oxuyub, nəticə çıxarmaları lazımdır...
Cəlal Məmmədov
“AzPolitika.info”