Müəmmalı səfər: İran “müharibə qapısını” bağlamağa çalışır

7-02-2023, 14:05   


Müəmmalı səfər: İran “müharibə qapısını” bağlamağa çalışır


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Rusiyaya gedəcək.

Onun səfər çərçivəsində Əfqanıstanda sülh və sabitliyin təşviqi, əfqan xalqının problemlərinin həlli ilə bağlı məsləhətləşmələr aparacağı açıqlanıb.

Bildirilib ki, katib Rusiya hökumətinin bir sıra rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələləri də müzakirə edəcək. Görünən odur ki, İran Rusiyaya dəstək arxasınca gedir.

Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, səfərin əsas məqsədi Əfqanıstan ərazisinin İrana qarşı hərəkətlər üçün tramplinə çevrilməsinin qarşısını almaqdır:

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Moskvaya səfərini Rusiya tərəfi hər nə qədər planlaşdırılan bir hadisə, Təhlükəsizlik Şurasının himayəsi altında keçiriləcək tədbir kimi dəyərləndirib, görüş zamanı İranla vəziyyəti müzakirə etmək planının olmadığını bildirsə də, şübhəsiz ki, həm regional, həm də qlobal məsələlərə iki tərəfin baxış bucağının nədən ibarət olduğu da nəzərdən keçiriləcək. Təhlükəsizlik Şurası katiblərinin Əfqanıstan məsələsi üzrə çoxtərəfli məsləhətləşmələrinin dördüncü raundu 2022-ci ilin mayında Düşənbədə keçirilsə də, indi Əfqanıstan hökumət nümayəndələrindən birinin fikrincə, Kabildən olan nümayəndə də profil görüşlərində Əfqanıstanın maraqlarını müdafiə etməlidir.

Onlar Əfqanıstanın müzakirə olunduğu görüşlərdə Əfqanıstanın öz mövqeyini müdafiə etmək üçün iştirak etməli olduğunun vacibliyi üzərində dayanırlar. Vaşinqtonun daimi psixoloji təzyiqi altında olan İran İslam Respublikası regionda ABŞ və onun müttəfiqlərinin, o cümlədən NATO ölkələrinin hərbi kontingentinin yerləşdiyi dövlətlərlə həmsərhəd olduğu şəraitdə Tehran rəhbərliyi Rusiya və Kabillə münasibətləri inkişaf etdirməyə yönəlmiş müxtəlif imkanları nəzərdən keçirir. Burada ilk növbədə əsas məqsəd Əfqanıstan ərazisinin İrana qarşı hərəkətlər üçün tramplinə çevrilməsinin qarşısını almaqdır”. 

Xüsusilə Tehranda İranın müxtəlif departamentlərinin Əfqanıstan istiqamətində hərəkətlərini əlaqələndirən Əfqanıstan üzrə xüsusi Qərargahı da fəaliyyət göstərir: 

“Qərargahın tərkibinə ölkənin Ali Rəhbərinin ofisinin, xarici və daxili işlər, müdafiə, informasiya nazirliklərinin və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri daxildir. İran, xüsusən də son vaxtlar şərq qonşusu ilə ikitərəfli, İran-Əfqanıstan-Tacikistan və İran-Əfqanıstan-Özbəkistan olmaqla üçtərəfli və beynəlxalq təşkilatlar vasitəsilə çoxtərəfli formatlarda əlaqələrin inkişafı istiqamətində səylər göstərir. Kabilə gəlincə, onun indiki rəhbərləri müəyyən çərçivələr daxilində dağılmış Əfqanıstan iqtisadiyyatının bərpasında İranla əməkdaşlıqda maraqlıdırlar”. 

Politoloqun fikrincə, Kabilin ABŞ-dan asılılığının və İran-Əfqanıstan təmaslarına qarşı çıxmasının iki ölkə arasında əlaqələrin inkişafını ciddi şəkildə məhdudlaşdırdığını nəzərə alaraq, Tehran Əfqanıstanda ilk növbədə iqtisadi və mədəni mövcudluğunu genişləndirmək üçün tədbirlər görür:

“İran İslam Respublikasının təşəbbüsü ilə ölkədə mədəni mövcudluğunu artırmaq üçün elmi seminarlar, konfranslar və sərgilər keçirilir, müəllimlər Əfqanıstanın təhsil ocaqlarına göndərilir, tədris-metodiki materiallar nəşr olunur. Əfqanıstandakı mövcudluğunu genişləndirməyin mümkün yollarını nəzərə alaraq, İran bu ölkəyə maddi yardım göstərir və beləliklə də daxilə nüfuz edir. Son zamanların deşifrə olunan hadisələr göstərdi ki, İran bu addımları sadəcə Əfqanıstana nüfuz etmək baxımından atmır. Əfqanıstana qarşı ABŞ-ın müqavimətini nəzərə alsaq, indiki mərhələdə iranlılar Əfqanıstanı öz təsir dairələrinə çəkmək kimi strateji məqsədlərini tam reallaşdıra bilmirlər.

Görünür, burada Rusiya-İran əməkdaşlığının dərinləşdirilməsinə ehtiyac var. Bu baxımdan, İran-Əfqanıstan münasibətlərinin gələcək perspektivləri əsasən ABŞ-ın Kabildə öz mövcudluğunu nə qədər saxlaya, bu ölkədəki siyasi proseslərə nəzarət edə biləcəklərindən asılı olacaqsa, həm də Rusiya-İran münasibətlərinin bu istiqamətdə nə qədər uğurlu irəliləyəcəyinə bağlı olacaq. Rusiya-İran münasibətlərinə gəldikdə isə Şimal-Cənub Dəhlizi prioritet məsələdir. Bunun həyata keçirilməsi çərçivəsində Rusiya və İran üçün qonşu dövlətlərin ərazilərindən tranzitdən asılılığı azaltmaq üçün Rusiya ilə İran arasında birbaşa dəniz əlaqəsinin daha da inkişaf etdirilməsi vacibdir. Bundan əlavə, İranla dəniz əlaqəsi həm avtomobil, həm də dəmir yolu ilə quru daşımalarının inkişafı üçün əlverişli bazar və iqtisadi şərait yaradır.

İlkin hesablamalara və eksperimental daşımalara əsasən, Dəhliz üzrə yüklərin daşınma müddəti indi dəniz yolu ilə müqayisədə demək olar ki, ən azı iki dəfə azaldıla bilər. İran daşımaları təmin etmək üçün öz ərazisində dəhlizin lazımi infrastrukturunun yaradılmasına səy göstərir. Şimal-Cənub dəhlizi boyunca sərnişinlərin və yüklərin daşınmasını təşkil etmək üçün nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması prioritetdir”. 

Elmir Mustafa

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.