Suriya mediası İranın Suriyada zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım aparan təyyarəsinin Dəməşq Beynəlxalq Hava Limanına eniş etdiyini təsdiq edən video yayımlayıb.
Bundan başqa, “Telegram” sosial şəbəkəsində İranın göndərdiyi xilasedici qrupun Suriyada zəlzələnin baş verdiyi ərazilərdə fəaliyyətə bağladığına dair məlumatlar yer alıb.
İranın bu addımı Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkilik kimi qarşılanıb. Çünki Xoyda baş vermiş 5.9 bal gücündə zəlzələ nəticəsində insanların qarlı-şaxtalı havada qaldığı bir vaxtda İran hakimiyyəti onlara heç bir yardım etmir.
Çöldə ağır vəziyyətdə qalmış əhaliyə İran rejimi nəinki heç bir kömək etmir, hətta kənardan göndərilən yardımların da qarşısını kəsərək əraziyə buraxmır.
Bütün bunlar İranın Güney Azərbaycan türklərinə qarşı milli diskriminasiya zəminində düşmənçilik siyasəti yürütdüyünü təsdiq edir.
Azərbaycanlı siyasi və mədəni fəal, Məhsa xanım Mehdili Cebhe.info-ya açıqlamasında İranın bu addımını humanizm dəyərlərindən siyasi maraqları üçün sui-istifadə kimi qiymətləndirib:
“Xoy şəhərinin Azərbaycan tarixində çox önəmli yeri var. Xüsusilə də Birinci Dünya Müharibəsindən sonra Xoy bölgəsində erməni dövləti qurmaq cəhdləri olub. Lakin Xoy əhalisinin Osmanlı dövlətinin dəstəyi ilə müqaviməti bu təhlükənin qarşısını almışdı.
Ona görə də Xoy bizim üçün böyük əhəmiyyətə malikdir. Xoy Güney Azərbaycan milli hərəkatının ən böyük fikir mərkəzlərindən biridir. Digər tərəfdən, Xoy İranın Türkiyə ilə sərhəddində yerləşir. Yəni bu bölgə Güney Azərbaycan torpaqlarını kürdləşdirmək istəyən PKK terror təşkilatının İran qolu olan PEJAK-ın da hədəfindədir.
İran rejimi bu ərazidə demoqrafik balansı dəyişərək Xoy adını ləğv etmək, türklərin də sayını azaltmaq istəyir. Yəni İran hakimiyyəti PEJAK-ın maraqlarına uyğun addım atır. Ona görə də Xoy şəhərinin strateji əhəmiyyəti çox böyükdür. Xoy həm də çox məhşur ticarət mərkəzidir. Bu bölgənin tacirləri Tehranda və başqa yerlərdə çox məhşurdur. Lakin bu zəlzələ göstərdi ki, Cənubi Azərbaycanın əsas ticarət və mədəniyyət mərkəzlərindən biri olan Xoyun nə qədər yoxsuldur.
İnsanlar qışın qarında, şaxtalı havasında adi bir çadıra belə möhtacdır. Tehran hakimiyyəti Xoy əhalisinə nəinki kömək etmir, hətta onlara gələn yardımın qarşısını alır, qadağan edir. Onu da qeyd edim ki, zəlzələ nəticəsində dağıntılar çox olduğuna görə yerli əhali Xoyu tərk edir. Artıq daşınmaz əmlakın və evlərin qiyməti yarıya qədər azalıb. İran hakimiyyətindən dəstək ala bilməyən insanlar əmlakını satıb Xoydan çıxmaq istəyir.
İran rejimi isə ikiüzlülük edir. Artıq rəsmi Tehran bir tərəfdən Suriyaya kömək edir, Xoy sakinləri isə azərbaycanlı olduğuna görə qışda, qarda köməksiz buraxılır. Onlara göndərilən yardımlar isə blok edilir. Əlbəttə, mən Suriyada zəlzələdən əziyyət çəkən inssanlara yardım edilməsinin əleyhinə deyiləm. Onlara da dəstək lazımdır. Amma İran hakimiyyəti bu məsələni siyasiləşdirir.
Əgər humanizm prinsiplərindən söhbət gedirsə, Xoydakı da insandır, Suriyadakı da insandır. Təbii fəlakətdən zərər çəkmiş hər bir insana yardım göstərilməlidir. Ayrı-seçkiliyə yol verilməməlidir. Lakin hesab edirəm ki, İran şəxsi siyasi mənfəəti üçün bu yardımları edir. İran bu gün Xoy sakinlərinə Azərbaycan və Türkiyə dövlətlərinin göstərdiyi yardımın da çatdırılmasına mane olur.
İranın Suriyada humanitar prinsipləri rəhbər tutaraq insanlara yardım etdiyinə inanmıram. Rəsmi Tehran humanizm dəyərlərindən siyasi maraqları üçün sui-istifadə edir. Biz bunu Birinci Qarabağ müharibəsində də görümüşük. İran İmdad Komitəsi, tibbi yardım mərkəzləri adı altında çirkin işlərlə məşğul olur, özünə ideoloji qruplar yaratmağa çalışırdı. Ona görə də mən İranın bu yardımını humanist addım kimi qiymətləndirmirəm”.
Müşfiq Abdulla
Cebhe.info