RUSİYAYA “BİR PARÇA” TORPAQ VERMƏK... – Berns planı necə uğursuzluğa düçar oldu?

8-02-2023, 15:29   



Bu yaxınlarda İsveçrənin “Neu Zürcher Zeitung” qəzeti Ukraynadakı müharibənin dayandırılması ilə bağlı ABŞ və Rusiya arasında gizli danışıqların getməsi barəsində məlumat yaymışdı. Həmin xəbər beynəlxalq arenada geniş rezonans yaratdı. Sonrakı məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Rusiyaya verdiyi təklif Vladimir Putin tərəfindən qəbul olunmadığından Qərb Ukraynaya tank göndərilməsi qərarını qətiləşdirdi.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” internet portalı “Rusiyaya bir parça torpaq vermək. Berns planı necə uğursuzluğa düçar oldu” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: “İsveçrənin “Neu Zürcher Zeitung” nəşri iddia edir ki, Ukraynaya tankların verilməsi qərarı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin “torpaqların verilməsi əvəzinə sülhə nail olmaq” sxemi üzrə müharibənin bitirilməsiylə bağlı təklifinin Kiyev və Moskvada fiaskoya uğraması nəticəsində mümkün olub.

Əlbəttə, Ağ Evdə bu məlumatı dərhal təkzib etdilər. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İsveçrə nəşrində gedən yazını “ortalığa buraxılmış uydurma” adlandırıb. Lakin Kiyev və Moskvanın bu cür təklifə necə reaksiya verdiklərini anlamaq daha mühümdür.



Əgər bu plan həqiqətən də mövcud olubsa, onda həmin plana görə, Ukrayna öz ərazisinin təxminən 20 faizinin itirilməsi ilə barışmalıymış və prinsip etibarilə bu ərazi Donetsk və Luqans vilayətlərinə bərabərdir (Sözsüz ki, Krım da müqavilə içərisində qalacaqdı). Rusiya isə Ukraynanı tam işğal edə bilməyəcəyi ilə razılaşmalı və yalnız 20%-ə qane olacaqmış. “Neue Zürcher Zeitung” qəzeti plan barədə daha ətraflı heç nə yazmayıb, həm də bu vacib də deyil, çünki Ukrayna və Rusiya rəhbərliyi həmin plana ciddi yanaşmayıblar.

Kiyevdə əmindirlər ki, müharibə yalnız ərazi bütövlüyü bərpa olunandan və təhlükəsizlik təminatı alınandan sonra qurtara bilər. Bu məsələdə Prezident Volodimir Zelenski ictimai fikrə söykənir.

Moskvada hesab edirlər ki, gec və ya tez “xüsusi əməliyyat”da uğur qazanacaqlar, yəni, düşünürlər ki, onsuz da Ukraynanı bir dövlət kimi ortadan götürəcəyik və hansısa 20 faiz əhəmiyyət daşımır.

Rusiyadakı sosioloqlar “xüsusi əməliyyat”a verilən dəstəyin və rusiyalıların qələbəyə inamının gücləndirilməsindən danışırlar. Əgər hesab etsək ki, əksər insanlara vətənpərvərlik hisləri yox, qorxu hakimdirsə, onda belə olan təqdirdə də Vladimir Putin geniş ictimai konsensusa söykənir və bu konsensus “Ukrayna üzərində qələbə”nin vacibliyinin anlaşılmasıyla, yəni onun bir dövlət kimi məhv edilməsiylə bağlıdır.

Ümumiyyətlə, biz iki cəmiyyət görürük və onların hər ikisi də müharibə etməyə hazırdırlar. Həm də bütün iqtisadi çətinliklərə baxmayaraq, rusiyalılar öldürülən, evləri məhv edilən, istisiz və işıqsız qalan ukraynaılılarla müqayisədə daha az itki verirlər.

Belə bir vəziyyətdə ABŞ və Avropa Birliyi nə etməlidir?



Əlbəttə, ideal nöqteyi-nəzərdən Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bəs əgər idealın əldə edilməsi mümkün deyilsə, onda Ukraynanın uğuruna və Rusiyanın müharibədən yorulmasına ümid bəslənməlidirmi? Bunun üçün Ukraynaya köməyi gücləndirmək lazımdır. Elə ona görə də Bayden çox güman ki, Bernsin planının baş tutmamasını nəzərə alaraq, “Abrams” tanklarının göndərilməsinə qərar verib və bu da öz növbəsində almanların “Leopard” tankları yollaması əngəlini ortadan qaldırıb. ”Leopard” tanklarının verilməsi cəbhədəki vəziyyətin dəyişilməsi baxımından mühüm qərardır. Əgər bu qərar Kremlin ağlını başına gətirməzsə, onda növbəti qərar Ukraynaya qırıcı təyyarələrin verilməsi olacaq. Avropa ölkələrində bu barədə açıq danışılması heç də təsadüfi deyil. Həqiqətən də Qərbdə müharibənin çox tezliklə bitməsini istəyirlər. Çünki amerikalıların Çinlə problemini, Avropadakı iqtisadi çətinlikləri nəzərə alsaq deyə bilərik ki, bütün bunların hamısı müəyyən vaxtdan sonra Rusiya təcavüzü ilə bağlı ümumi vəziyyətə təsir göstərəcək.



Ancaq Vladimir Putin heç nədən yorulmur. Belə demək olar ki, Qərblə qarşıdurma onda sanki həvəs yaradır. Putin istəyir ki, hamıya “öz yerini göstərən” lider olduğunu sübut etsin. O, bu istiqamətdə öz vətəndaşlarını səfərbər etməyə girişib. Ona görə də Putin hər hansı kompromisə getməyəcək.

Əgər hətta nəzəri cəhətdən hesab etsək ki, Kiyev kompromisə hazırdır, Putin buna razılaşmayacaq. Təbii ki, Kiyev buna getməyəcək və kimsə Putinə müharibə etməyə mane ola bilməyəcək.

Elə bu səbədən də Qərb daha çox silah verməklə Ukrayna hərbçilərinin uğurlarına ümid bəsləməli və ya “Putinin yox olması” kimi siyasi möcüzəyə inanmalıdır. Əks təqdirdə Çinlə münaqişə və iqtisadi tənəzzüllə üst-üstə düşə biləcək uzun sürən üzücü müharibə ilə təkcə ukraynalılar və rusiyalılar deyil, bütün sivil dünya barışmaq məcburiyyətində qalacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.