Rusiyanın Qarabağa və İrəvana dair B planı suya düşüb, indi Qarabağ ermənilərinin düz yolu seçmək şansı yaranıb. Musavat.com Ermənistan mediasına istinadən Vardanyanın Qarabağdan qaçdığı, hazırda Moskvada olduğu və geri qayıtmaq niyyətində olmadığı məlumatını yaymışdı. Bu məlumatların üstündən keçən zaman kəsimində iddiaların təkzib olunması baş vermədi. Əksinə, onun təsdiqlənməsi istiqamətində başqa qaynaqlardan bilgilər daxil oldu. Qarabağ separatçılarının rəhbərləri arasında daxili böhranın dərinləşməsinə dair yeni məlumat yayılıb. Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, bir neçə gün öncə müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya getmiş Araik Arutyunyan Xankəndinə qayıdıb. Qəzet indi də Qarabağ separatçılarının qondarma “dövlət naziri” adlandırılan milyarder Ruben Vardanyanın Moskvaya getdiyini yazıb. “Aldığımız etibarlı məlumata görə, Ruben Vardanyan hazırda Moskvadadır. Görünür, onu da "Artsax"ın daxili siyasi problemlərini müzakirə etmək və vəziyyətin həllini tapmaq üçün çağırıblar", - deyə “Hraparak”ın məlumatında vurğulanıb. Məlumatda qeyd olunur ki, azərbaycanlı ekofəalların Laçın yolunda ötən il dekabrın 12-dən sonra başladığı aksiya Qarabağdakı separatçıların rəhbərliyində müəyyən gərginlik yaradıb. “Hətta Ruben Vardanyanın istefası və "növbədənkənar parlament seçkiləri" mövzusu gündəmə gəlmişdi", - deyə qeyd edən qəzet bildirib ki, əvvəlcə Arutyunyanın, ardınca da Vardanyanın Moskvaya gizli səfər etməsi ikitərəfli dəqiqləşdirmələr üçün nəzərdə tutulub: “Onlar Rusiyanın "Artsax"a nə dərəcədə sahib olduğunu və burada normal həyatı bərpa etmək üçün nə edəcəyini anlamaq istəyirlər. Rusiyada isə kiminlə işləyəcəklərinə, hakim piramidanın necə davranacağına, həmçinin kimin gedəcəyinə, kimin qalacağına qərar verməyə çalışırlar".
Yayılan başqa bir məlumatda deyilir ki, Vardanyan sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan çıxıb və Moskvaya gedib, beləliklə, “Vardanyan layihəsi”ni başa çatmış hesab etmək olar. Mümkündür ki, Moskva Bakı ilə anlaşmaq qərarına gəlib. Vardanyanın Qarabağdan getməsi də (əgər doğrudursa) Bakının tələblərinin qəbul ediləcəyi gözləntisini artırır. Təxminən iki həftə öncə Lavrov danışıqların getdiyini, yaxın günlərdə Laçın yolundakı “problemin” həll ediləcəyini açıqlamışdı. Siyasi analitiklər hesab edir ki, Vardanyan Qarabağdan çıxarılıbsa, artıq Bakının tələblərindən birinin yerinə yetirildiyini demək mümkündür.
Durumun özəti bundan ibarətdir ki, azərbaycanlı fəalların Xankəndi-Laçın-Gorus yolunda artıq 2 aydır davam etdirdiyi aksiya - “dinc antiterror” əməliyyatı öz bəhrəsini verməkdədir. Vardanyan və separatçı meyilli digərləri anladılar ki, qanuni və tarixi Azərbaycan torpaqları olan Qarabağda oyuncaq rejim qurub, istədiklərini edə bilməyəcəklər. Azərbaycan buna imkan verməyəcək.
Bu məsələdə Azərbaycan dövlətinin, onun başında dayanan Prezident İlham Əliyevin qətiyyətini və dəmir iradəsini, düzgün strategiyasını xüsusi qeyd etmək lazımdır. Məhz bu strategiya və qətiyyətin nəticəsində bölgədə proseslərin axarını pozmağa gəlmiş Rusiya milyarderi Vardanyan davam gətirə bilmədi və qaçdı. Çox güman ki, o, hansısa sülhməramlı maşının yük yerində, bəlkə də çirkli paltarların içində aradan çıxıb.
Burada verilən bir mesaj da ondan ibarətdir ki, əgər kimsə bir daha Vardanyanın, yaxud Vardanyan funksiyalı marionetin Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq. Azərbaycan Prezidenti necə demişdi? Sitat: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”. Bu baxımdan, heç bir separatçı Azərbaycan torpaqlarında barına və burada yuvalana bilməyəcək. Bu fikir digər separatçılara, o cümlədən Araik Arutyunyana da aiddir.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək. Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər: “Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək, Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir”.
Yeri gəlmişkən, Musavat.com-a ən müxtəlif qaynaqlardan daxil olan məlumatlar onu göstərir ki, məhz separatçı qruplaşmaların bir-biri ilə qarşılıqlı münasibətləri zəminində hazırda Xankəndidə vəziyyət kifayət qədər gərginləşib. Bəzi ekspertlərin təsnifatına görə, üç qütbə bölünən (Araik Arutyunyanın tərəfdarları, Ruben Vardanyanın aldadıb ətrafına topladıqları və heç bir qruplaşmaya qoşulmayan, Azərbaycanın tərkibində yaşamağa artıq qərar verənlər) Qarabağ erməniləri arasında hər an iğtişaşlar baş verə bilər.
Xarici təsir dairələrinin əlində alət olan separatçı rejimin başçıları bəzi hazırlıqlar içərisindədir. Ehtimal olunur ki, bu hazırlıqlar daha çox daxili çəkişmələri qazana bilmək istiqamətində güc toplamaqdan ibarətdir. Rəsmi İrəvanın Qarabağ ermənilərinə “Azərbaycanla dil tapmaqdan başqa çarəniz yoxdur”, mesajı verməsi Xankəndidəki separatçıları ciddi şəkildə təsirsizləşdirir. Faktlar onu deməyə əsas verir ki, Paşinyan Qarabağ erməniləri ilə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu həm özü qəbul edib, həm də ermənilərə bunu qəbullanmaqdan başqa yol olmadığını bəyan edib. Bu barədə erməni mediası da şiddətlə yazmaqda və Paşinyan iqtidarının Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa rəsmən hazırlaşdığını iddia etməkdədir. Hərçənd Praqa sammitində bu addım atılmış sayılır...
Hazırda yaranan mənzərə isə ondan ibarətdir ki, separatçı əhval-ruhiyyədə olan qondarma rejim mənsubları sadə ermənilərə Azərbaycana biət etməklə, tərəf olmaq imkanı vermək istəmirlər. Qarabağ erməniləri hazırda başıboş, cani separatçı rejim rəhbərlərinin girovuna, qurbanına çevriliblər.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilər təkcə indi yox, uzun illərdir separatçıların, onların himayədarlarının, ultramillətçi erməni təşkilatlarının, xarici ölkələrin geosiyasi maraqlarının ifadəçisi olan erməni diasporunun girovudurlar: "Azərbaycan ərazilərində yaşayan, reallıqları dərk edən, həmçinin bölgədəki demoqrafik vəziyyəti, qüvvələr nisbətini, iqtisadi, siyasi və digər amilləri azacıq da olsa dərk edən ermənilər, eləcə də Ermənistanda yaşayan, sağlam düşünməyi bacaran, əsassız iddiaların, qonşularla düşmən münasibətinin perspektivinin olmadığını anlayan insanlar yalnız ölüm təhlükəsi, müxtəlif təhdidlər qarşısında separatçılara, terrorçulara, müharibə canilərinə itaət etmək məcburiyyətində qalıblar. Müxtəlif zamanlarda işğala, müharibə cinayətlərinə, separatizmə etiraz edən, sadəcə, sülh istəyən insanlar ictimaiyyətin gözü qarşısında qətlə yetiriliblər ki, başqaları eyni mövqedən çıxış edə bilməsinlər. 1994-cü ildə Ermənistanın məşhur yazıçı-publisisti Vardqes Petrosyanın, 1999-cu ildə parlamentdə gülləbaran edilən dövlət xadimlərinin gülləbaran edilməsi qorçu mühitinin yaranmasına, sağlam düşünən insanların susdurulmasına xidmət edib. Mövcud reallıqlar bu gün də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan Azərbaycan ərazilərində davam etməkdədir. Bu baxımdan, gec, ya tez, Azərbaycan erməni əsilli vətəndaşlarını girovluqdan xilas etmək üçün müvafiq addımlar atmaq məcburiyyətində qalacaq. Müharibə canilərinin daxil olduğu, müxtəlif geosiyasi qütblərə sığınmaqla, yaxud manipulyasiya etməklə mövcudluqlarını qoruyub saxlamaq istəyən separatçı qruplaşmanın üzvlərinin könüllü surətdə Azərbaycan vətəndaşı kimi öz hüquq və vəzifələrini yerinə yetirmələrinə imkan yaradacaqlarını gözləmirəm. Ruben Vardanyana gəldikdə isə bu "layihə"nin uğur qazana bilməyəcəyini Azərbaycanın sərgilədiyi mövqe ilk gündən ortaya qoymuşdu. Onun qaçması, yaxud qaçırdılması isə həm də o anlama gəlir ki, rəsmi Bakının razılığı və iştirakı olmadan, Azərbaycan ərazilərində hər hansı bir layihəni gerçəkləşdirmək mümkün olmayacaq".
Elçin Mirzəbəyli
Vardanyanın Nikol Paşinyan üçün təhlükə yaratdığına gəldikdə isə E.Mirzəbəyli düşünür ki, ola bilsin nə zamansa belə bir ehtimal olub. Bəlkə də Rubeni, sadəcə, “nəbz yoxlamaq” üçün göndəriblər. Bu da bir ehtimaldır. Amma hətta “nəbz yoxlamaq” ehtimalı olubsa da, o zaman “artıq yoxlanıldı” qənaətinə gəlmək mümkündür: “Azərbaycanın iradəsi olmadan nə Ruben, nə Aşot, nə də Vartan... etnik ermənilərin cəmiyyətimizə inteqrasiyası prosesində hər hansı bir rol oynaya və təbii ki, hansısa qütbün təzyiq aləti missiyasını yerinə yetirə bilməyəcəklər. Bu həm də onu sübuta yetirir ki, artıq Qarabağ üzərindən Ermənistanda siyasi hakimiyyətə gəlmək perspektivinin üzərindən də xətt çəkilib. Əgər Moskva Nikolu kiminləsə əvəz etmək istəyirsə, prosesi Azərbaycan ərazisindən - Qarabağdan yox, Ermənistandan başlamalıdır. Düşünürəm ki, bu məqam da Azərbaycanın maraqlarına tam uyğun gəlir və çox güman ki, "Vardanyan layihəsi"nin iflasa uğramasında Bakının nümayiş etdirdiyi prinsipial mövqe həm də bununla bağlı olub. Sirr deyil ki, Qarabağdakı separatçı rejimin “cazibədarlığı”nın əsas səbəblərindən biri də rejimin Ermənistanda siyasi hakimiyyətə yiyələnmək üçün “tramplin” rolunu oynamasındadır. Azərbaycan isə demək olar ki, bu “tramplini” sırada çıxarıb".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”