Paşinyan Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rus sülhmərmalıların getməsindən sonra bura başqa ölkələrin sülhməramlılarının yerləşdirilməsi təklifini öz müttəfiqləri ilə birgə reallaşdırmağa çalışacaq. Onun müttəfiqlərinin arasında AB və xüsusilə də Fransa yer alır. Bildiyiniz kimi, ən güclü erməni diasporu məhz Fransada yerləşir. Fransa Prezidenti Makronun üzərində isə erməni diasporunun təsiri xeyli yüksəkdir. Çünki şəxsən Makronun mövqeyi Fransa siyasi sisteminin digər dairələrinə nisbətən daha çox ermənipərəstdir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
Markov Paşinyanın hədəfinin məlum olduğunu bildirib:
“O anlayır ki, Ermənistan ordusu ilə Qarabağa nəzarəti saxlaya bilməyəcək. Təxminən iki il yarımdan sonra rus sülhməramlıları mandatlarını itirərək, Qarabağı tərk edəcəklər. Ərazinin nəzarəti isə Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan ordusuna keçəcək. Ermənistan hakimiyyəti öz ordusu ilə Azərbaycan ordu qüvvələrinin qarşısını ala bilməyəcəyini yaxşı bilir. Buna görə də istəyir ki, başqa biri ölkəsinin maraqları üçün mübarizə aparsın”.
Markov qeyd edib ki, Emənistan hakimiyyətinin əsas ümidi rus ordusuna idi:
“İrəvan hesab edirdi ki, Rusiya daha çox erməni mövqeyini dəstəkləyəcək. Və bu dəstəyi almaq üçün İrəvan müxtəlif şəkildə cəhd etdi. Hətta Qarabağ uğrunda mübarizəni Azərbaycanla Ermənistanın davası kimi yox, Türkiyə ilə Rusiyanın mübarizəsi kimi qələmə verməyə çalışdı. Amma İrəvanın bu planı baş tutmadı. Rus cəmiyyəti Qarabağı Ermənistan və Azərbaycanın mübarizəsi kimi tanıyır. Kreml bitərəf mövqe tutmalı olduğunu anlayır və bu baxımdan da rus sülhməramlılar neytral mövqedədir. Bütün bunlara görə də Ermənistan ABŞ-a, NATO-ya və AB-yə doğru getdi. İrəvan rus sülhməramlıları fransızlar və ya AB-nin təsirində olan başqa ölkələrin hərbçiləri ilə əvəz etmək istəyir. Aydındır ki, Paşinyan bu istəyini reallaşdırmaq üçün çox cəhd edəcək. Amma onların cəhdləri iki ciddi müqavimətlə üzləşəcək. Birincisi, Azərbaycanın müqaviməti ilə. Rəsmi Bakının razılığı olmadan onun suveren ərazisinə - Qarabağa hansısa sülhməramlıların göndərilməsi mümkün deyil. Azərbaycan isə buna razılıq verməyəcək.
İkincisi isə Ermənistan Kremlin müqaviməti ilə üzləşəcək. Rusiya Cənubi Qafqazda, yəni Qarabağda sülhməramlı rolunda Fransa və ya ona düşmən olan digər NATO ölkələri ilə əvəz olunmasını qətiyyən istəmir”.
Markov qeyd edib ki, İrəvan Qarabağa başqa ölkələrin sülhməramlılarını gətirməyi bacarsa, bu, regionda sabitliyi pozacaq:
“Çünki bu, Ermənistana Fransa və ya hansısa başqa dövlətlərin qoşunlarını öz tərəfinə çəkməyə imkan verər. Hətta ola bilsin ki, Ukraynadakı hərbi əməliyyatlar başa çatdıqdan sonra, Ukrayna ordusu öz gücünü saxlasa, Makronun istəyilə Zelenski də qoşunlarını bura göndərsin. Bu hərbçilər yaxşı təlim keçmiş, böyük döyüş təcrübəsi olan və istənilən cinayətə hazırdırlar. Ümumiyyətlə, Ukrayna tələsi təkcə Azərbaycan üçün deyil, dünyanın bir çox başqa ölkələri üçün də çox ciddi təhlükə ola bilər. ABŞ, NATO və Fransa Ukrayna ordusu üzərində güclü nəzarətini saxlaya bilsə, həmin ordu başqa münaqişələrdə də istifadə oluna bilər. Avropa sülhmərmalıları regiona yerləşdirilsə, Qarabağ məsələsi tam həllini tapmayacaq. İrəvan xarici sülhməramlıların köməyi ilə Azərbaycan ərazisinin bir hissəsinə nəzarəti uzatmaq istəyir. Bu zaman sabitlik pozulacaq. Əsl sabitlik isə Ermənistan Qarabağı tərk edəndə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazisi faktiki olaraq Bakının nəzarətinə keçəndə yaranacaq”.