Türkiyədə seçkilərin təxirə salınması gündəmdə, hökumət israrlıdır, müxalifət isə...

11-02-2023, 09:19   


Politoloq: “Hökumət anlayır ki, seçkinin təxirə salınması AKP-nin 99 faizlik uğur şansına zərər verə bilər”

Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələ ilə bağlı ölkənin 10 vilayətində 3 aylıq fövqəladə vəziyyət elan edilib. Ölkə mediasında müzakirə olunan mövzulardan biri 14 may prezident və parlament seçkilərinin ertələnməsi ilə bağlıdır. Seçkilər təxirə salınacaqmı? O zaman nə vaxt keçiriləcək? Türkiyə Konstitusiyası bununla bağlı hansı normanı müəyyən edib?

Qeyd edək ki, Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər jurnalist Murad Yetkinin seçkilərlə bağlı sualını cavablandırarkən deyib ki, seçkinin 14 mayda keçiriləcəyini düşünmür: “Hesab edirəm ki, iyunun 18-nə qalacaq”.

“TBMM seçkilərin keçirilməsini 1 il təxirə sala bilərmi” sualına partiya sədri belə cavab verib: “Məclisdən belə bir qərar çıxacağını ehtimal etmirəm. Biz siyasətçilər seçkilərin keçirilməsi üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”.

“Bloomberg” nəşri isə iddia edib ki, mayın 14-nə təyin edilmiş prezident və parlament seçkiləri təxirə salınmayacaq. “Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil”, - deyə nəşrin yaydığı məlumatda qeyd olunub.

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova

Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”ın mövzu ilə bağlı suallarını cavablanıdırıb. O deyib ki, fövqəladə vəziyyətin seçkiyə nə dərəcədə təsir edib-etməyəcəyini heç kim bilmir: “Çünki seçki ilə bağlı hər hansı dəyişiklik yoxdur. Bununla bağlı Ərdoğan özü də açıqlama verdi. Onun köməkçisi Fuad Oktay da bildirdi ki, bunun seçkiyə təsiri olmayacaq. Çünki seçki mayın 14-nə təyin olunub. May ayına təyin olunan seçki ilə bağlı dəyişiklik olunacağı bilinmir. Bizim hesablamalarımıza görə də heç bir dəyişiklik gözlənilimir.

İnsanların 18 mindən çoxu tələf olub, çox sayda yaralılar var. Ancaq bu o demək deyil ki, seçki təxirə salınıb. Sağ qalan insanların oradan təxliyə edilməsi, başqa bölgələrə keçirilməsi məsələsi var. Hələ may ayına üç ay var. Orada bir seçki kampaniyasının keçirilə biləcəyi, o insanların da səs verə biləcəyi ehtimalları böyükdür. Deməzdim ki, bu gün seçkini təxirə salmaq niyyətindədirlər. Heç buna ehtiyac da yoxdur. Hökumət bunu anlayır ki, əslində seçkinin təxirə salınması AKP-nin 99 faiz əldə edə biləcəyi uğura zərər gətirə bilər. Çünki təxirə salınarsa, nələrin olacağı hələ bilinmir. Tək zəlzələ deyil, seçkiöncəsi başqa hadisələr də baş verə bilər.

Fikrimcə, Konstitusiya Məhkəməsi qərar qəbul edəcək. Bugünkü gündə hökumətə seçki dəyişikliyi lazım deyil.  Çünki Türkiyədə bundan da ağır itkilər baş verib, 1999-cu ildə də zəlzələ olmuşdu. Hazırda hökumət bir il ərzində zəlzələnin fəsadlarını aradan qaldırmaq, tikinti bərpa işlərini yerinə yetirmək niyyətindədir. İnsanlar da bilir ki, hakimiyyətə bir başqası gələrsə, daha da qarışıqlıq olacaq. Eyni zamanda, müxalifət olaraq “altılı masa” hələ də vahid namizəd irəli sürülməyib. Ona görə də seçkinin bir ay sonra olmasının hər hansı əhəmiyyəti yoxdur. Bu gün Ərdoğanın hakimiyyətdə qalması və ölkəni toparlaması daha məqbul sayılır".

Türkiyəli politoloq Kərim Hasın isə NG-yə verdiyi açıqlamasında deyib ki, ümumi seçkilərin təxirə salınmasını hələlik gözləmək lazım deyil: “Məncə, gecikmə ehtimalı azdır. Onda Ərdoğanın qələbəsinə inam azalacaq. Ona görə də o, seçkiləri iyundan may ayına keçirib. Səsverməni gecikdirmək onsuz da onun üçün riski artırır. Hələlik heç kim bilmir ki, ölkəyə hansı miqyasda iqtisadi və humanitar ziyan dəyib. Bütün bunlar hələ qiymətləndirilməyib”.

Kərim Has: “Bakı İrəvanla münasibətləri normallaşdırmaqdan qorxmur,  Azərbaycan qalib ölkədir”

Kərim Has

O əlavə edib ki, təbii fəlakət İstanbul kimi böyük mərkəzləri silkələməyib və bu, müəyyən mənada siyasi riskləri azaldır. Lakin onun fikrincə, zəlzələ Türkiyə rəhbərliyi üçün başqa aspektlərdə də önəmli ola bilər.

“Hadisə Ərdoğanın Suriyada qurudan hərbi əməliyyata başlamaq qərarına təsir edə bilər”, - deyə Has vurğulayıb və əlavə edib: “Mən demirəm ki, zəlzələ bu ehtimalı tamamilə ləğv edir, amma bu, Ərdoğanı fikrindən daşındıra bilər, çünki indi ən vacib olan fəlakətin nəticələrini aradan qaldırmaqdır. Türkiyənin cənub-şərqi və Suriya ilə qonşu olan bölgələr üçün əsas məsələ terror və ya kürd birləşmələri problemi deyil, humanitar böhranın həllidir. Ankara genişmiqyaslı əməliyyata başlasa, bu, təkcə zəlzələ bölgəsindəki insanların deyil, həm də əsasən evdəki vəziyyətə diqqət yetirən bütün cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər”.

NG-nin həmsöhbəti bunun Ərdoğan üçün siyasi baxımdan sərfəli olmadığını vurğulayır: “Suriyada quru əməliyyatı millətçiləri səfərbər edə bilər, amma əvəzində Türkiyə lideri indi iqtisadi yardım planları hazırlamalı olacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.